21 iyul 2026 23:16
101

“Enerjimiz Bir”: “SOCAR Türkiyə”nin enerji gələcəyinə baxışı və strateji hədəfləri

"SOCAR Türkiyə"nin korporativ nəşri olan "Enerjimiz Bir" jurnalının səkkizinci sayı işıq üzü görüb. Yeni buraxılışda enerji sektorunda baş verən qlobal dəyişikliklər, şirkətin strateji inkişaf istiqamətləri, dayanıqlı enerji layihələri, insan kapitalına yatırımlar və beynəlxalq əməkdaşlıqlar geniş şəkildə işıqlandırılıb.

Jurnalın bu sayında "SOCAR Türkiyə" ilə "Pegasus" Hava Yolları arasında dayanıqlı aviasiya yanacağı sahəsində əməkdaşlıq, "Petkim"in ətraf mühit, sosial məsuliyyət və korporativ idarəetmə (ESG) sahəsində fəaliyyəti, SOCAR Energy School proqramının dördüncü məzun buraxılışı, eləcə də "Enerjimiz Çeşitlilik" platforması çərçivəsində keçirilən görüşlə bağlı materiallar yer alıb.

Nəşrdə, həmçinin İstanbul Texniki Universiteti (İTÜ) ilə birgə həyata keçirilən Davamlılıq Sertifikat Proqramı, eləcə də 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində təqdim olunan yeniliklər və əsas məqamlar oxucuların diqqətinə çatdırılır.

Jurnalın giriş məqaləsində "SOCAR Türkiyə"nin baş icraçı direktoru Elçin İbadov vurğulayır ki, qlobal enerji sektorunun sürətlə yenidən formalaşdığı bir dövrdə şirkət uzunmüddətli dəyər yaratmaq məqsədinə sadiq qalaraq fəaliyyətini inteqrasiya olunmuş biznes modeli, güclü insan kapitalı və dayanıqlı inkişaf prinsipləri əsasında davam etdirir.

Bildirilir ki, "SOCAR Türkiyə" yalnız enerji sektorunun inkişafına töhfə verməklə kifayətlənmir, həm də Türkiyənin enerji təhlükəsizliyinin təmin olunmasında strateji rolunu daha da gücləndirir. Bu məqsədlə şirkət təbii qaz və elektrik enerjisini vahid idarəetmə modelində birləşdirən inteqrasiya olunmuş enerji strategiyasını uğurla həyata keçirir. Mərkəzi Anadoluda inşa olunan Təbii Qaz Kombinə Dövriyyə Elektrik Stansiyası (Gas-to-Power layihəsi) isə bu strategiyanın mühüm hissəsi kimi qiymətləndirilir. Şirkət hesab edir ki, bu yanaşma enerji təchizatının etibarlılığını artırmaqla yanaşı, dayanıqlı iqtisadi inkişaf hədəflərinə də mühüm töhfə verir.

Nəşrdə qeyd olunur ki, “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "SOCAR Türkiyə" üçün beynəlxalq tərəfdaşlara Türkiyədə formalaşdırdığı inteqrasiya olunmuş sənaye ekosistemini və dayanıqlı inkişaf strategiyasını təqdim etmək baxımından əhəmiyyətli platformaya çevrilib. Şirkətin Türkiyədə həyata keçirdiyi təxminən 19,5 milyard ABŞ dolları həcmində investisiya layihəsi təkcə "SOCAR Türkiyə"nin deyil, həm də Türkiyə iqtisadiyyatının və regional enerji təhlükəsizliyinin inkişafına mühüm töhfə kimi dəyərləndirilir.

Jurnalda insan kapitalının inkişafı istiqamətində həyata keçirilən layihələrə də xüsusi yer ayrılıb. Qeyd edilir ki, "SOCAR Türkiyə" 2025-ci ildə Orta Doğu Texniki Universiteti (ODTÜ) ilə əməkdaşlıq çərçivəsində enerji sektorunda ixtisaslı kadrların hazırlanmasına yönəlmiş inkişaf proqramına start verib. Universitetlərlə əməkdaşlıq siyasəti davam etdirilərək, İstanbul Texniki Universiteti ilə birgə həyata keçirilən Davamlılıq Sertifikat Proqramı vasitəsilə enerji transformasiyası, karbon idarəçiliyi və ESG sahələrində peşəkarların hazırlanmasına dəstək göstərilir.

Bununla yanaşı, Sabancı Universiteti ilə birgə reallaşdırılan SOCAR Energy School proqramının dördüncü buraxılışı da uğurla başa çatıb. Şirkət bu proqram vasitəsilə gələcəyin enerji mütəxəssislərinin hazırlanmasını strateji prioritetlərindən biri kimi qiymətləndirir.

Jurnalda diqqət çəkən məqamlardan biri də qrup şirkəti olan “Star” neft emalı zavodu ilə bağlıdır. Bildirilir ki, müəssisə Türkiyə İxracatçılar Məclisinin açıqladığı 2025-ci ilin "İxrac Çempionları" siyahısında mal ixracı üzrə ölkənin ən böyük ixracatçıları arasında 7-ci yeri tutub. Bu, nəticə şirkətin güclü istehsal potensialının, beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin və Türkiyə iqtisadiyyatına verdiyi töhfənin mühüm göstəricisi kimi qiymətləndirilir.

Eyni zamanda, "SOCAR Türkiyə"nin daxili kommunikasiya, insan resurslarının idarə olunması və əməkdaş təcrübəsi sahələrində qazandığı beynəlxalq mükafatların da şirkətdə formalaşdırılan güclü korporativ mədəniyyətin göstəricisi olduğu vurğulanır.

Jurnalın yeni sayında qlobal enerji bazarlarında müşahidə olunan əsas tendensiyalar, enerji keçidi, dekarbonizasiya, dayanıqlı inkişaf gündəliyi və gələcəyin enerji texnologiyalarına dair analitik materiallar da yer alıb.

Orxan Vahidoğlu, “İki sahil”