21 iyul 2026 23:58
134

Azərbaycan mətbuatının şərəfli inkişaf yolu

Hər bir xalqın milli oyanışında, özünü dərk etməsində, mədəniyyətinin formalaşmasında və müstəqillik ideyalarının gerçəkləşməsində mətbuatın rolu əvəzsizdir. Azərbaycan xalqı üçün bu şərəfli yolun başlanğıcı 1875-ci il iyulun 22-nə təsadüf edir. Məhz həmin gün böyük mütəfəkkir Həsən bəy Zərdabinin gərgin əməyi sayəsində işıq üzü görən "Əkinçi" qəzeti təkcə mətbuatımızın deyil, bütövlükdə milli oyanış və intibah tariximizin başlanğıc nöqtəsi oldu. Bu gün, həmin tarixi addımdan düz 151 il keçdiyi bir dönəmdə, 22 İyul – Milli Mətbuat Günü ölkəmizdə sadəcə peşə bayramı kimi deyil, azad sözün, milli təfəkkürün və ictimai tərəqqinin təntənəsi günü kimi qeyd olunur.

XIX əsrin ikinci yarısında Azərbaycan, Çar Rusiyasının müstəmləkə siyasətinin ağır təzyiqləri altında, savadsızlığın və dini fanatizmin hökm sürdüyü bir mühitdə yaşayırdı. Məhz belə bir dövrdə cəmiyyəti silkələmək, ona ana dilində danışmağı, elmi və tərəqqini sevdirmək intiharla bərabər bir cəsarət tələb edirdi. Həsən bəy Zərdabi məhz bu cəsarəti göstərdi. "Əkinçi" ana dilində nəşr olunan ilk mətbu orqan oldu. Qəzet sübut etdi ki, bizim ana dilimiz təkcə məişət dili deyil, onunla ən mürəkkəb elmi, siyasi, iqtisadi və fəlsəfi fikirləri xalqa çatdırmaq mümkündür. "Əkinçi" qəzeti cəmi 2 il fəaliyyət göstərməsinə və cəmi 56 nömrəsinin işıq üzü görməsinə baxmayaraq, maarifçi ideyaların carçısı oldu, cəhalətə və xurafata qarşı kəskin məqalələr dərc etdi, milli özünüdərkin, ictimai, siyasi və bədii fikrin inkişafına, mütərəqqi jurnalist nəslinin yetişməsinə önəmli töhfə verdi, real mənada bir məktəb rolunu oynadı. Həmin dövrün görkəmli ziyalıları olan Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani kimi şəxsiyyətlər "Əkinçi" qəzeti vasitəsilə öz maarifçilik ideyalarını təbliğ edərək dövrün ictimai, siyasi və bədii fikrin inkişafına təsir göstərdilər.

“Əkinçi”dən sonra “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “Füyuzat”, “Molla Nəsrəddin”, “Açıq söz” və digər nəşrlər milli mətbuatımızın inkişafında yeni mərhələnin əsasını qoydu. Onların səhifələrində xalqın problemləri, arzuları və gələcəyə ümidləri əks olunurdu. Bu nəşrlər milli kimliyin formalaşmasına, ana dilinin inkişafına, maarifçilik ideyalarının yayılmasına və istiqlal düşüncəsinin güclənməsinə mühüm töhfələr verdi.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə qızıl dövrünü yaşayan, sovet dönəmində ideoloji çərçivələrə baxmayaraq milli ruhunu qoruyan mətbuatımız, müstəqilliyimizin bərpasından sonra tamamilə yeni inkişaf mərhələsinə qədəm qoydu. Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində yeni mərhələ açdı. Bu sahənin maddi-texniki bazasının möhkəmləndirilmə si, jurnalistlərin hüquqlarının qorunması və peşəkar medianın formalaşması istiqamətində sistemli tədbirlər görüldü. Mətbuatın cəmiyyətdəki rolunu hər zaman yüksək qiymətləndirən Ulu Öndər onu, sadəcə, informasiya vasitəsi deyil, ictimai düşüncənin formalaşmasında mühüm bir platforma kimi dəyərləndirirdi. 1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin fərmanı ilə mətbuatda senzuranın ləğv edilməsi milli mətbuatın inkişafında ən önəmli tarixi addımlardan biri oldu.  Dövlət senzurasının  ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsası qoyuldu və bu, Azərbaycanın demokratik inkişaf tarixində mühüm hadisələrdən biri oldu. Həmçinin, 1999-cu ildə Kütləvi İnformasiya Vasitələri  haqqında Azərbaycan Respublikasının Qanununun, digər hüquqi-normativ aktların qəbulu həyata keçirildi.

Ulu Öndərin mətbuatın inkişafı istiqamətində gördüyü işlər bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyevin mediaya göstərdiyi diqqət və qayğı, onun ölkədə jurnalistika və jurnalistlərlə bağlı problemlərin həlli istiqamətində atdığı addımlar bu sahənin sürətlə inkişaf etməsinə, medianın fəaliyyətinin genişlənməsinə və müvafiq sahədə çalışanların peşəkarlıq səviyyəsinin yüksəlməsinə səbəb oldu.

Prezident İlham Əliyevin 31 iyul 2008-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin  İnkişafına Dövlət Dəstəyi Konsepsiyası kimi mühüm bir sənəd təsdiq olundu. Konsepsiyaya uyğun olaraq 22 may 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Fondun yaradılmasında məqsəd Azərbaycanda fikir, söz və məlumat azadlığı şəraitini yaxşılaşdırmaq, o cümlədən buna xidmət edən kütləvi informasiya vasitələrinə dövlət dəstəyi idi.                                  

Hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən Azərbaycan mediası Vətən müharibəsi dövründə də öz peşəkarlığını və vətənpərvərliyini nümayiş etdirdi. Müharibə bölgələrindən canlı bağlantılar, tarixi qələbələrə və zəfərlərə dair ən son xəbərlər operativ şəkildə ölkə və dünya ictimaiyyətinə çatdırıldı. Vətən Müharibəsi və ondan sonrakı dövrdə Azərbaycan mediası təkcə ölkə daxilində deyil, beynəlxalq müstəvidə də mühüm sınaqdan keçdi. Ermənistanın və onun havadarlarının apardığı qarayaxma kampaniyalarına qarşı informasiya cəbhəsində fədakarlıqla vuruşdu.  

Dövlət tərəfindən medianın maddi-texniki bazasının gücləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin təmin edilməsi istiqamətində ardıcıl addımlar atıldı. Medianın İnkişafı Agentliyinin yaradılması və qəbul edilən yeni "Media haqqında" Qanun müasir dövrün tələblərinə uyğun olaraq media subyektlərinin fəaliyyətini daha şəffaf və peşəkar müstəviyə daşıdı.

Son illər Şuşa şəhərində keçirilən Qlobal Media Forumları Azərbaycan mediasının beynəlxalq nüfuzunun artmasının, ölkənin açıq dialoqa və əməkdaşlığa verdiyi önəmin göstəricisidir.  2023-cü il 21-23 iyul tarixlərində “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” I, 2024-cü il 20-22 iyul tarixlərində “Yalan Məlumatların İfşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda II, 2025-ci il 19-21 iyul tarixlərində “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III, 2026-cı il 13-14 iyul tarixlərində “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilmiş IV Şuşa Qlobal Media Forumu çərçivəsində medianın sülh quruculuğundakı rolu, sərhədlərarası media dialoqu və ictimai etimadın bərpası, dezinformasiya ilə mübarizədə beynəlxalq əməkdaşlıq, rəqəmsal platformalarda təhlükəsiz informasiya mühitinin yaradılması, süni intellekt dövründə media etikası və məsuliyyətli jurnalistika kimi aktual mövzular ətrafında panel müzakirələr, təkbətək görüşlər və interaktiv sessiyalar təşkil edilmişdir. Forumun ildən-ilə artan nüfuzu, dünya mediasının bu platformaya marağı və fəal iştirakı Azərbaycanın informasiya məkanında sabit və prinsipial mövqeyinin göstəricisidir. Forum iştirakçıları Azərbaycanın media sahəsində həyata keçirdiyi islahatlarla yaxından tanış olur, həmçinin işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərini öz gözləri ilə görmək imkanı əldə edirlər. Bu isə ölkəmiz haqqında obyektiv məlumatların beynəlxalq auditoriyaya çatdırılmasına mühüm töhfə verir.Dövlətimizin media sahəsində həyata keçirdiyi məqsədyönlü islahatlar, rəqəmsallaşma və hüquqi mühitin təkmilləşdirilməsi medianın müasir çağırışlara uyğun inkişafına şərait yaradır.

Bu gün Azərbaycan mətbuatı sürətli transformasiya dövrünü yaşayır. Ənənəvi qəzetçilikdən onlayn mediaya, sosial şəbəkələrdən multimedia platformalarına keçid jurnalistlərin üzərinə həm böyük imkanlar, həm də ciddi məsuliyyət qoyur. Azərbaycan milli mətbuatının 151 illik tarixi sadəcə bir peşə sahəsinin inkişaf salnaməsi deyil, həm də xalqımızın maariflənmə, milli özünüdərk və dövlət quruculuğu yolunda keçdiyi böyük tarixi yolun göstəricisidir. 1875-ci ildə “Əkinçi” ilə başlanan bu yol, bu gün müstəqil, güclü Azərbaycanın informasiya mühitində uğurla davam etdirilir. Əminik ki, Azərbaycan mətbuatı bundan sonra da milli maraqların keşiyində dayanaraq, həqiqətin carçısı olacaq və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasına, mədəni zənginliyimizin tanıdılması və təbliğ edilməsinə, Azərbaycan reallıqlarının, milli-mənəvi dəyərlərimizin, respublikamızın həyatında baş verən yeniliklərin operativ, obyektiv və peşəkar şəkildə yerli və beynəlxalq ictimaiyyətə  çatdırılmasına layiqli töhfələr verməyə davam edəcəkdir.

Gülxarə Tarverdiyeva,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı