Hər il 22 iyul tarixinin Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunması xalqımızın milli-mənəvi dəyərlərinə, maarifçilik ənənələrinə və söz azadlığına verilən yüksək qiymətin ifadəsidir. Bir əsr yarımdan çox müddətdir ki, Azərbaycan mətbuatı xalqımızın maariflənməsinə, milli özünüdərkin formalaşmasına, azadlıq və dövlətçilik ideyalarının təbliğinə, milli maraqlarımızın müdafiəsinə mühüm töhfələr verir.
Bu əlamətdar gün təkcə jurnalistlərin peşə bayramı deyil, həm də xalqımızın milli oyanışının, maarifçilik hərəkatının, dövlətçilik və istiqlal ideyalarının inkişaf yoluna nəzər salmaq üçün mühüm tarixi fürsətdir.
1875-ci il iyulun 22-də böyük maarifçi Həsən bəy Zərdabinin təsis etdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulan milli mətbuatımız xalqın maariflənməsinə, ana dilinin qorunmasına, milli kimliyin formalaşmasına və azadlıq ideyalarının yayılmasına misilsiz xidmət göstərib. Cəmi iki il fəaliyyət göstərməsinə və 56 nömrəsinin nəşr olunmasına baxmayaraq, “Əkinçi” Azərbaycan mətbuatının bünövrəsini qoymuş, sonrakı dövrdə yaranan bütün milli nəşrlər üçün örnəyə çevrilib.
Sonrakı illərdə görkəmli ziyalıların nəşr etdiyi “Ziya”, “Kəşkül”, “İrşad”, “Molla Nəsrəddin” kimi qəzet və jurnallar “Əkinçi” ənənələrini davam etdirib. Bu media qurumlarının əsas məqsədi cəhalətə, ədalətsizliyə və maariflənməyə maneə yaradanlara qarşı mübarizə aparmaq idi. Azərbaycan mətbuatı öz inkişafında zəngin və şərəfli yol keçib.
Ulu Öndər Heydər Əliyev milli mətbuatın tarixi missiyasını belə dəyərləndirirdi: “Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik.” Bu dəyərli fikir Azərbaycan mətbuatının təkcə informasiya daşıyıcısı deyil, həm də milli ideologiyanın, ictimai fikrin və dövlətçilik ənənələrinin formalaşmasında mühüm rol oynadığını təsdiqləyir.
XIX əsrin ikinci yarısında Azərbaycanda baş verən ictimai və iqtisadi dəyişikliklər, maarifçilik hərəkatının genişlənməsi milli mətbuatın yaranmasını zərurətə çevirdi. Prezident İlham Əliyevin Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncamında da qeyd edildiyi kimi, “Əkinçi” maarifçi ideyaların carçısı olub, cəhalətə və xurafata qarşı mübarizə aparıb, milli özünüdərk prosesinə, ictimai-siyasi fikrin inkişafına və peşəkar jurnalist nəslinin formalaşmasına mühüm töhfələr verib.
Müstəqillik illərində Azərbaycan mediası keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə söz və mətbuat azadlığının təmin olunması istiqamətində mühüm addımlar atılıb, senzura ləğv edilib, hüquqi baza formalaşdırılıb və medianın sərbəst fəaliyyəti üçün geniş imkanlar yaradılıb. Bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Prezident İlham Əliyev mətbuatın cəmiyyətin həyatındakı rolunu yüksək qiymətləndirərək bildirib: “İnsanlar bütün məlumatı mətbuatdan alırlar. Ona görə, hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalıdır, çevik, operativ fəaliyyət göstərməlidir, insanları məlumatlarla tam şəkildə təmin etməlidir. Hesab edirəm ki, biz bunu Azərbaycanda görürük. Çünki bu gün Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıbdır. Mən həm operativlik, həm milli maraqların müdafiə edilməsi sahəsində mətbuatın fəaliyyətini yüksək qiymətləndirirəm.”
Bu yanaşma müasir Azərbaycan mediasının fəaliyyət istiqamətlərini müəyyənləşdirən əsas prinsiplərdən biridir. Bu gün milli media dövlətimizin milli maraqlarının müdafiəsində, cəmiyyətin operativ və düzgün məlumatlandırılmasında, ölkəmizin beynəlxalq aləmdə obyektiv tanıdılmasında mühüm rol oynayır.
Vətən müharibəsində və ondan sonrakı dövrdə Azərbaycan jurnalistləri böyük peşəkarlıq və fədakarlıq nümayiş etdirərək həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılmasına mühüm töhfələr verdilər. İşğaldan azad olunmuş torpaqlarda aparılan bərpa və quruculuq işlərinin, Böyük Qayıdış prosesinin və Azərbaycanın yeni inkişaf mərhələsinin beynəlxalq informasiya məkanında işıqlandırılmasında medianın rolu xüsusilə böyükdür.
Prezident İlham Əliyevin 2022-ci ildə Milli Mətbuat Günü münasibətilə jurnalistlərə ünvanladığı təbrik məktubunda qeyd etdiyi kimi, jurnalistlərin peşə bayramını ilk dəfə Şuşada qeyd etməsi milli mətbuat tariximizin əlamətdar hadisəsi olub. Bu, həm Zəfərimizin rəmzi, həm də Şuşanın Azərbaycanın mədəni və informasiya həyatındakı xüsusi yerinin təsdiqi idi.
Müasir dövrdə internet jurnalistikası və rəqəmsal media sürətlə inkişaf edir. İnformasiya texnologiyalarının yaratdığı yeni imkanlar operativliyi artırmaqla yanaşı, jurnalistlərin məsuliyyətini daha da yüksəldir. İnformasiya təhlükəsizliyinin qorunması, dezinformasiyaya qarşı mübarizə, peşə etikası və milli maraqların müdafiəsi bu gün Azərbaycan mediasının qarşısında duran əsas vəzifələrdəndir.
Əminik ki, Həsən bəy Zərdabinin əsasını qoyduğu milli mətbuat ənənələri bundan sonra da yaşayacaq, Azərbaycan mediası obyektivlik, peşəkarlıq, dövlətçilik və milli maraqlara sədaqət prinsiplərinə sadiq qalaraq ölkəmizin inkişafına, cəmiyyətimizin tərəqqisinə və Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə öz töhfəsini verməyə davam edəcəkdir.
22 İyul – Milli Mətbuat Günü münasibətilə bütün jurnalistləri və media nümayəndələrini səmimi qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, peşə fəaliyyətlərində yeni nailiyyətlər, Azərbaycanın milli maraqlarının qorunması, həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılması və dövlətçiliyimizin daha da möhkəmlənməsi naminə fəaliyyətlərində uğurlar arzulayırıq.
İlqar İlyasov,
Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri