21 iyul 2026 18:42
202

Prezident İlham Əliyevin Almaniyaya səfəri: strateji hədəflər və yeni imkanlar

Müasir beynəlxalq münasibətlər sistemində Avropa İttifaqının aparıcı siyasi və iqtisadi gücü hesab olunan Almaniya ilə münasibətlərin inkişafı Azərbaycanın balanslaşdırılmış və praqmatik xarici siyasət kursunun vacib istiqamətlərindən biridir. Bu baxımdan möhtərəm Prezident İlham Əliyevin Almaniyaya səfəri yalnız iki dövlət arasında mövcud siyasi dialoqun davamı deyil, eyni zamanda iqtisadi, enerji, nəqliyyat, sənaye, innovasiya, təhsil və humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün mühüm diplomatik hadisədir.

“İki sahil” xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil və praqmatik xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş və mühüm aktor kimi qəbul olunur: “Bu gün Azərbaycan Avropa ilə Asiya arasında iqtisadi, enerji və nəqliyyat əlaqələrinin inkişafında mühüm rol oynayan dövlətlərdən biridir. Almaniya isə Avropa İttifaqının aparıcı siyasi və iqtisadi gücü kimi qlobal proseslərə təsir imkanlarına malikdir. Bu baxımdan iki dövlət arasında münasibətlərin inkişafı qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın daha da genişlənməsi üçün əlverişli zəmin yaradır. Azərbaycan ilə Almaniya arasında diplomatik münasibətlər qurulduğu gündən etibarən qarşılıqlı hörmət və faydalı tərəfdaşlıq prinsipləri əsasında inkişaf edib. Yüksək səviyyəli siyasi dialoq, iqtisadi əməkdaşlıq, parlamentlərarası əlaqələr və humanitar sahədə həyata keçirilən layihələr münasibətlərin möhkəm təməl üzərində qurulduğunu göstərir. Cənab Prezident İlham Əliyevin Almaniyaya səfəri də məhz bu təməl üzərində yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”.

Deputat bildirib ki, son illər dünyada enerji təhlükəsizliyi məsələsinin aktuallaşması Azərbaycanın beynəlxalq əhəmiyyətini daha da artırıb: “Prezident İlham Əliyevin həyata keçirdiyi enerji siyasəti nəticəsində ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında strateji tərəfdaşa çevrilib. Cənub Qaz Dəhlizi kimi nəhəng enerji layihələrinin uğurla reallaşdırılması Azərbaycanın etibarlı təchizatçı statusunu möhkəmləndirib. Bu gün Avropanın bir sıra ölkələri Azərbaycan qazından istifadə edir və yeni əməkdaşlıq istiqamətləri formalaşır. Almaniya enerji keçidi və alternativ enerji mənbələrinin inkişafı sahəsində geniş təcrübəyə malikdir. Azərbaycan isə zəngin bərpaolunan enerji potensialına sahib ölkə kimi yaşıl enerji strategiyasını uğurla həyata keçirir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “yaşıl enerji zonası” elan olunması, günəş və külək enerjisi layihələrinin reallaşdırılması, yaşıl hidrogen istehsalı ilə bağlı perspektivlər iki ölkə arasında əməkdaşlığın yeni məzmun qazanmasına şərait yaradır. Almaniyanın texnoloji imkanları ilə Azərbaycanın təbii resurs potensialının birləşdirilməsi gələcəkdə strateji əhəmiyyətli layihələrin həyata keçirilməsinə zəmin yarada bilər”.

S.Salmanova qeyd edib ki, iqtisadi əməkdaşlıq Azərbaycanla Almaniya arasındakı münasibətlərin əsas sütunlarından biridir: “Almaniya Azərbaycanın Avropadakı ən böyük ticarət tərəfdaşlarından biri olmaqla yanaşı, ölkəmizdə həyata keçirilən investisiya layihələrində də fəal iştirak edir. Azərbaycanda fəaliyyət göstərən alman şirkətləri sənaye, nəqliyyat, logistika, tikinti, kənd təsərrüfatı və xidmət sektorlarında uğurlu layihələr reallaşdırırlar. Azərbaycanın əlverişli investisiya mühiti, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində aparılan islahatlar və biznes fəaliyyətinin təşviqi Almaniya iş adamlarının ölkəmizə marağını artırır. Bu gün Azərbaycan yalnız enerji ixrac edən ölkə deyil, həm də regional sənaye və logistika mərkəzidir. Həyata keçirilən iqtisadi siyasət nəticəsində qeyri-neft sektorunun inkişafı sürətlənib, sənaye parkları və sənaye zonaları yaradılıb, ixracyönümlü istehsal təşviq edilir. Almaniyanın qabaqcıl sənaye texnologiyalarının və innovativ idarəetmə təcrübəsinin bu proseslərə cəlb olunması qarşılıqlı faydalı əməkdaşlığın yeni istiqamətlərini formalaşdıra bilər”.

Parlamentari söyləyib ki, ölkələr arasında nəqliyyat və logistika sahəsində əməkdaşlıq xüsusilə diqqət çəkir: “Son illərdə qlobal ticarət marşrutlarında baş verən dəyişikliklər Azərbaycanın tranzit imkanlarının əhəmiyyətini daha da artırıb. Şərq–Qərb və Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin əsas iştirakçılarından biri olan Azərbaycan Avropa ilə Asiyanı birləşdirən mühüm qovşağa çevrilib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu və müasir logistika infrastrukturu ölkəmizin tranzit potensialını əhəmiyyətli dərəcədə gücləndirib. Xüsusilə Orta Dəhliz üzrə yükdaşımaların həcminin artması Avropa dövlətlərinin Azərbaycana marağını artıran əsas amillərdəndir. Almaniya iqtisadiyyatının ixracyönümlü xarakteri nəzərə alındıqda, ölkəmizin təqdim etdiyi nəqliyyat və logistika imkanları Almaniya biznes dairələri üçün mühüm əhəmiyyət daşıyır. Bu sahədə əməkdaşlığın genişlənməsi yalnız ikitərəfli münasibətlərə deyil, bütövlükdə Avrasiya məkanında iqtisadi inteqrasiyanın güclənməsinə xidmət edə bilər”.

Prezident İlham Əliyevin Almaniyaya səfərinin siyasi əhəmiyyətinə toxunan deputat vurğulayıb ki, müasir dövrdə beynəlxalq münasibətlər sistemində yeni güc balansları formalaşır, regional təhlükəsizlik məsələləri daha böyük aktuallıq qazanır: “Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyi, sülh gündəliyinə sadiqliyi və konstruktiv təşəbbüsləri ilə regionda sabitliyin təmin olunmasına mühüm töhfələr verir. 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərdən sonra regionda yaranmış yeni reallıqlar beynəlxalq tərəfdaşlarla münasibətlərdə yeni əməkdaşlıq imkanları formalaşdırıb. Azərbaycan Cənubi Qafqazda davamlı sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl siyasət həyata keçirir. Regional kommunikasiyaların açılması, iqtisadi əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı etimada əsaslanan münasibətlərin qurulması ölkəmizin əsas prioritetləri sırasındadır. Almaniya ilə aparılan müzakirələr də bu baxımdan xüsusi əhəmiyyət daşıyır”.

S.Salmanova həmçinin deyib ki, humanitar sahədə əməkdaşlıq Azərbaycan–Almaniya münasibətlərinin mühüm istiqamətlərindən biridir: “Təhsil, elm, mədəniyyət və gənclər siyasəti sahəsində həyata keçirilən layihələr xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edir. Almaniya universitetləri ilə Azərbaycan ali təhsil müəssisələri arasında qurulan əlaqələr, akademik mübadilə proqramları və birgə elmi tədqiqatlar gələcək əməkdaşlığın insan kapitalı bazasını formalaşdırır. Bununla yanaşı, rəqəmsal transformasiya, süni intellekt, innovasiya, kibertəhlükəsizlik və yaşıl iqtisadiyyat kimi istiqamətlər yeni dövrün əsas inkişaf prioritetləri hesab olunur. Almaniya bu sahələrdə dünyanın aparıcı ölkələrindən biridir. Azərbaycanın həyata keçirdiyi iqtisadi modernləşmə strategiyası isə innovasiyalara və yüksək texnologiyalara əsaslanan inkişaf modelini nəzərdə tutur. Bu amil iki ölkə arasında əməkdaşlığın gələcək perspektivlərini daha da genişləndirir”.

Deputat sonda qeyd edib ki, Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına səfəri zamanı Almaniya Kansleri Fridrix Merts ilə imzalanan “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə” mühüm siyasi və diplomatik əhəmiyyət daşıyır: “Bu sənəd Azərbaycan–Almaniya münasibətlərinin inkişafında yeni mərhələnin başlanğıcını ifadə edir. Birgə Bəyannamə ikitərəfli əməkdaşlığın gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, siyasi dialoq, iqtisadiyyat, enerji, nəqliyyat, innovasiya, elm, təhsil və humanitar sahələr üzrə tərəfdaşlığın daha sistemli və uzunmüddətli əsaslar üzərində qurulmasına xidmət edir. Bütövlükdə, Prezident İlham Əliyevin Almaniyaya səfəri və səfər çərçivəsində imzalanan strateji əhəmiyyətli sənədlər Azərbaycan–Almaniya münasibətlərinin inkişafında yeni mərhələnin əsasını qoyur. Bu səfər Azərbaycanın etibarlı tərəfdaş kimi nüfuzunun artmasına və yeni əməkdaşlıq imkanlarının formalaşmasına xidmət edir. Qarşıdakı dövrdə siyasi dialoqun dərinləşməsi, iqtisadi və enerji sahələrində tərəfdaşlığın genişlənməsi, nəqliyyat-logistika, innovasiya və humanitar istiqamətlərdə əlaqələrin inkişafı iki ölkə arasında münasibətləri daha da möhkəmləndirəcək”.