14 iyul 2023 02:59
522

Makroiqtisadi sabitlik vətəndaşın rifah halının yüksəlməsini təmin edir

Ötən əsrin sonlarında Azərbaycan mürəkkəb tarixi dövr yaşasa da, sosial-iqtisadi və mədəni həyatında böyük təkamül yolunu inamla keçərək sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin etmiş ölkə kimi dünyada tanınmış, ölkənin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmış, cəmiyyətdə dövlətçilik ənənələri güclənmiş, müasir sosial-iqtisadi infrastruktur quruculuğu uğurla həyata keçirilmişdir. İqtisadi inkişafdan qaynaqlanan yüksək maliyyə imkanları uzun illər makroiqtisadi sabitlik və artıma mühüm töhfə vermiş, təhlükəsizliyin təmini üçün güclü potensial yaratmışdır.

Hazırda iqtisadiyyatın davamlı inkişafını təmin etmək üçün Azərbaycanda bütün zəruri amillər mövcuddur və bu prioritetlərin müəyyən edilməsi günün tələbindən irəli gəlmişdir. Çünki dünyada gedən siyasi-iqtisadi proseslər qarşıya iqtisadiyyatın idarə olunmasının təkmilləşdirilməsi vəzifəsini qoyur. Bu səbəbdən, sənəddə qeyd edildiyi kimi, qlobal iqtisadi reallıqlar, eləcə də yeni inkişaf mərhələsində qarşıya qoyulan məqsədlər ölkənin uzunmüddətli inkişaf vektorunu, əsas sosial-iqtisadi inkişaf istiqamətlərini, eləcə də buna uyğun milli prioritetlərin müəyyən olunmasını tələb edir. Milli Prioritetlər dövlətin inkişafına və cəmiyyətin rifahına xidmət edən təşəbbüs olmaqla yanaşı, milli maraqlar və strateji planlamanın da vəhdətini təşkil edir. Risklərin azalmasına, sahələrin sürətli inkişafına, həmçinin istiqamətlər üzrə sahəvi prioritetlərin müəyyən olunmasına xidmət edən strateji idarəetmə metodu, eyni zamanda ölkəmizin gələcək inkişaf mənzərəsini də müəyyən edir.

Azərbaycanın əldə etdiyi uğurların səbəbi ardıcıl, çoxşaxəli, bir-birini tamamlayan nəticələrə əsaslanır. Təbii ki bu inkişafın başlıca səbəbi düzgün, şəffaf və məqsədyönlü islahatların aparılması və nailiyyətlərin əldə olunmasıdır.

Uzun illər Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar milli iqtisadiyyatın davamlı inkişafını, onun maliyyə dayanıqlığının güclənməsini və sürətlə müasirləşməsini, müasir sosial-iqtisadi infrastruktur quruculuğu proseslərinin sürətlənməsini, habelə bir çox sosial problemlərin ardıcıl şəkildə həllini və xalqın maddi rifahının yüksəlməsini, innovasiyaların sürətlə mənimsənilməsini və insan kapitalının davamlı inkişafını təmin etməkdədir.

Bunu iyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə ölkə başçısının söylədiyi fikirlər bir daha təsdiq edir.

Cənab Prezident çıxışında qeyd etmişdir ki, 2023-cü ilin altı ayı ərzində əsas hədəflərimiz olan qeyri-neft sektorunun inkişaf etdirilməsi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası olmuş, bu sahələrdə kifayət qədər irəliləyiş əldə olunmuşdur.  Qeyri-neft sənayemiz 6,5 faiz artıbdır və qeyri-neft sektoru, ümumiyyətlə, 3 faizdən çox artıbdır.

Maliyyə sektorundakı nizam-intizamın möhkəmləndirilməsi, vergi və gömrük orqanlarında islahatların davam etdirilməsi, şəffaflığın təmin edilməsi büdcəyə əlavələr edilməsinə şərait yaratmış, investisiya layihələrinin icrası üçün münbit şərait yaranmışdır. Ölkə büdcəsinin 36 milyard manatdan artıq müəyyən edilməsi buna inamla yanaşmağa imkan verir.

Sosial-iqtisadi inkişafda dövlətin xüsusi rolu, neft sərvətinin dinamik inkişafa səmərəli və ağıllı inteqrasiyası, dövlət investisiyalarının yüksək həcmi iqtisadi quruculuğun birinci mərhələsindəki başlıca məqsədlərin – ölkənin tarixi coğrafi sərhədlərini bərpa etməklə dövlət suverenliyinin və milli təhlükəsizliyin möhkəmləndirilməsi, daxili ictimai-siyasi sabitliyin və ictimai konsolidasiyanın təmin edilməsində mühüm rol oynamışdır.

Son  illər ərzində Azərbaycanda yürüdülən makroiqtisadi siyasətin hər iki istiqaməti – fiskal və pul-məzənnə siyasətləri iqtisadi artımın dəstəklənməsinə  yönəlmişdir. Dövr ərzində Azərbaycan makroiqtisadi sabitlik göstəricilərinə görə qlobal miqyasda qabaqcıl mövqelərdə qərarlaşmış, əldə edilmiş iqtisadi siyasət uğurları ölkənin biznes–investisiya cəlbediciliyini əhəmiyyətli dərəcədə yüksəltmişdir. Ötən dövr üzrə makroiqtisadi siyasətin təhlili onu göstərir ki, iqtisadi siyasətin formalaşdırılması və reallaşdırılmasında neft və qeyri-neft sektorunun xüsusi çəkisi olmuşdur.

Əli Qurbanov,
YAP Xətai rayon təşkilatının "Neftqaztikinti" ərazi partiya təşkilatının sədr müavini