14 iyul 2023 20:01
401

Sığortaçılar ölkədə aqrar sığortanın tətbiqi ilə bağlı vəziyyəti müzakirə ediblər

Sığortaçılar Azərbaycanda aqrar sığortanın tətbiqi ilə bağlı vəziyyət və təsərrüfatların aqrar sığorta ilə təmin olunması ətrafında fikir mübadiləsi aparıblar.

“İki sahil” Aqrar Sığorta Fonduna istinadən xəbər verir ki, müzakirələr Fondun rəhbərliyi ilə Azərbaycanda aqrar sığorta sahəsində fəaliyyət göstərən yeganə şirkət – "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC-nin səhmdarlarının görüşü zamanı baş tutub.

Aqrar Sığorta Fondunda keçirilən görüşdə, həmçinin "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC-nin 2022-ci ildəki fəaliyyətinin yekunları müzakirə edilib.

İclasda Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov bölgələrdə aqrar sığortanın daha geniş tətbiq edilməsinin və bu prosesdə özəl sığorta şirkətlərin də fəal iştirakının vacibliyini qeyd edib. Bununla yanaşı son aylar ölkədə müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində təsərrüfatlara dəyən zərər, aqrar sığorta ilə bağlı müraciətlərin artması və ümumilikdə bu hadisələr nəticəsində aqrar sığortaya marağın yüksəlməsi də qeyd edilib.

Xatırladaq ki, 2020-ci ildə ölkənin 7 sığorta şirkəti tərəfindən təsis edilən “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC sığortalılarla müqavilələrin bağlanması, hadisə ilə bağlı müraciətlərinin qəbul edilməsi və sistemin ümumi idarə edilməsini həyat keçirir. Müştərək şirkətin təsisçiləri – “Paşa Sığorta” ASC, “Qala Sığorta” ASC, “Meqa Sığorta” ASC, “Azərbaycan Sənaye Sığorta” ASC, “Xalq Sığorta” ASC, “AZSIĞORTA” ASC, “Bakı Sığorta” ASC şirkətləridir.