İyulun 17-də Sosial Tədqiqatlar Mərkəzində “Sığorta mübahisələrinin uğurlu həlli yolları” mövzusunda elmi-praktik konfrans keçirildi.
Milli Məclisin deputatlarının, bank mütəxəssislərinin, sığorta şirkətləri nümayəndələrinin və mediatorların iştirak etdikləri tədbirdə bu sahədəki mövcud vəziyyət və perspektivlər müzakirə edildi, statistik məlumatlar, fikir və təkliflər səsləndirildi.
Konfransı Milli Məclisin İnsan hüquqları komitəsinin və Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc açaraq vurğuladı ki, sığorta sistemi iqtisadiyyatın ən mütəhərrik sahələrindən biridir: “Azərbaycan Mərkəzi Bankının 2022-ci il hesabatında göstərilir ki, ölkənin sığorta bazarında 20 sığorta və 1 təkrar sığorta şirkəti fəaliyyət göstərir. Sığorta şirkətlərinin 5-i həyat, 15-i isə qeyri-həyat sığorta şirkətləridir. Bu fəaliyyət, həmçinin 29 sığorta brokeri və 652 sığorta agenti vasitəsilə təmin edilir.”
Azərbaycan Mərkəzi Bankının baş direktoru Ziya Əliyev çıxışında bildirdi ki, təmsil etdiyim dövlət qurumu sığorta bazarında həm tənzimləyici, həm də nəzarət orqanı kimi yenidir: “2019-cu ilin noyabr ayından Mərkəzi Bank bu funksiyaları yerinə yetirir. Çox qısa müddətdə Mərkəzi Bank bu sahədəki problemləri, inkişaf boşluqlarını analiz edərək 4 illik inkişaf strategiyası hazırladı. Bu strategiyanın uğurla hazırlanması üçün həm tanınmış yerli ekspertər, həm də xarici mütəxəssislər cəlb olundu. Biz strategiyanın icrasına başladıq və artıq həmin 4 ili yekunlaşdırmaq ərəfəsindəyik.”
Z.Əliyev bildirdi ki, son 3 il yarım ərzində əldə edilən göstəricilərə baxdıqda aydın görünür ki, biz kəmiyyət və keyfiyyət baxımından bu sahədə böyük bir yol keçmişik: “2019-cu ildə ölkə sığorta bazarının həcmi cəmi 650 milyon manat idisə, bu ilin 6 ayının göstəricilərini nəzərə aldıqda, asanlıqla hesablamaq olar ki, ilin sonunda sığorta bazarının həcmi təxminən 1.2 - 1.3 milyard manata çatacaq.”
Çıxış edən Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov rəhbərlik etdiyi qurumun cəmiyyətə, ictimaiyyətə açıq olduğunu bildirdi: “Bu Şura sözügedən sektorda həm problemlərə, həm də perspektivlərə hərtərəfli baxan bir qurumdur. Fəaliyyətə başladığımız ilk gündən Azərbaycan Mərkəzi Bankı bizə çox böyük dəstək verib. Sığorta sektoru spesifik bir sahədir. Biz yeni yaranan bir qurum kimi bu sahədə hansı faydalarımız və dəstəyimiz vətəndaş məmnunluğuna təsir edə bilərsə, öz yerimizi orada görmək istəyirik.”
N.Adilov söylədi ki, bugünkü tədbirdə təxminən 40-a yaxın peşəkar mediatorumuz iştirak edir: “Bilirsiniz ki, qanunun tələbinə görə, istənilən peşə və ixtisas sahibi mediator ola bilər. Biz bu işə yeni başlayanda sözügedən sahədə zəruri biliklərə ehtiyacımız oldu. Mərkəzi Banka xüsusi təşəkkür düşür ki, həm sığorta, həm də bank sektorunda bizim mediatorlarımız üçün maarifləndirici tədbirləri təşkil edib.”
Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev çıxış edərək bildirdi ki, mediasiya mexanizmi ölkəmizdə formalaşma və tətbiq mərhələlərini keçməkdədir: “Mübahisələrin alternativ həlli üsullarının digər dünya ölkələri ilə yanaşı, ölkəmizdə də təmin olunması sevindirici haldır. Müvafiq zaman kəsiyində bu mexanizmin uğurla tətbiq olunması yönündə Mediasiya Şurası sistemli addımlar atmağa nail olub. Sevinc hissi ilə qeyd etmək istəyirəm ki, maliyyə bazarının təmsilçiləri sırasında Mediasiya Şurası ilə ilk əməkdaşlıq quran Azərbaycan Sığortaçılar Assosiasiyası olub. 2021-ci ildə iki qurum arasında imzalanan memorandum bu sektor üçün bir nümunədir.”
E.Mirsalayevin sözlərinə görə, reallıq ondan ibarətdir ki, bu gün məhkəmə çəkişmələri zaman və maliyyə itkisi ilə yanaşı, bazar iştirakçılarının reputasiyasını bu və ya digər formada zədələyə bilir. Dövlət Statistika Komitəsinin hesabatına nəzər salsaq bunu aydın şəkildə görəcəyik.
Daha sonra tədbirdə Milli Məclisin deputatları, sığorta şirkətlərinin nümayəndələri və mediatorlar çıxış edərək mövzu ilə bağlı fikir və təkliflərini səsləndirdilər.
Cavid Əkbərov, “İki sahil”