Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının inzibati binasında rayon təşkilatının yaradılmasının 30 illik yubileyi qeyd edilib.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin parkda ucaldılan abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər
“İki sahil” xəbər verir ki, YAP Kürdəmir rayon təşkilatının qərargahında keçirilən tədbirdə dəyirmi masa iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin və ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Tədbiri giriş sözü ilə açan YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov iştirakçıları bu əlamətdar gün münasibətilə təbrik etdi. Bildirdi ki, müstəqil Azərbaycan dövləti ilə eyni zamanda təşəkkül tapan Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvə kimi fəaliyyət göstərdiyi 30 ildə bütün qüvvə və bacarığını xalqa xidmətə yönəldərək, bir - birindən əhəmiyyətli uğurlara imza atmışdır. Partiyanın yaradılmasından ötən 30 illik zaman məsafəsi dünənimizə baxış fonunda bu günümüzün reallıqlarının təhlili və onların əsasında perspektivlərin müəyyənləşdirilməsi baxımından zəngin bir dövrdür. Yeni Azərbaycan Partiyasının yaradılmasının səbəbi xalqın böyük əksəriyyətinin istəyini ifadə edən 91 nəfər ziyalının ulu öndər Heydər Əliyevə müraciətinin adında özünün aydın ifadəsini tapır . O zaman ölkədə xaos, anarxiya, özbaşınalıqlar hökm sürür, iqtisadi böhran tüğyan edirdi. Xalqın sabaha ümidləri tamamilə itmişdi.
Belə bir çətin dövrdə Azərbaycan ziyalıları Yeni Azərbaycan Partiyasının yaradılması və ona rəhbərliyi dahi şəxsiyyət Heydər Əliyevin etməsi ilə bağlı ümummilli liderə müraciət etdilər. Şübhəsiz ki, Vətənini, xalqını canından artıq sevən, hər zaman Azərbaycanın gələcəyi barədə düşünən ulu öndər Heydər Əliyev xalqın yaşadığı çətin vəziyyətə biganə qala bilməzdi. Təsis konfransını məlum səbəblərdən Naxçıvanda keçirən Yeni Azərbaycan Partiyası yaradılmasından çox keçmədi ki, iqtidar partiyasına çevrildi. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi əsasında hakimiyyətə qayıdışı ilə həm ölkəmizin, həm də Yeni Azərbaycan Partiyasının həyatında yeni bir mərhələ başladı. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin məqsədi Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ölkənin 30 ilə yaxın pozulmuş ərazi bütövlüyünün bərpası idi. Ayaz Cəbrayılov qeyd etdi ki, YAP Kürdəmir rayon təşkilatı 1993-cü ilin 17 iyul tarixində öz təsis konfransını keçirmişdir. Hazırda rayon təşkilatı üzrə YAP üzvlərinin sayı 10108 nəfərdir ki, bunların 1872 nəfəri, yəni 18,5 faizi 18-35 yaşında gənclər, 3983 nəfəri, yəni 39,4 faizi qadınlardır. YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov 2023 – cü ilin hər birimiz üçün çox böyük məsuliyyət tələb edilən bir il olduğunu qeyd etdi və bildirdi ki, bu il Ümummilli liderimiz Heydər Əliyevin 100 illik yubiley ilidir. Azərbaycan Respublikasının Prezidenti 2023- cü ili “Heydər Əliyev ili ”elan olunması ilə bağlı xüsusi sərəncam imzalamışdır. Biz də, Heydər Əliyev ideyalarının təbliğatçısı olaraq il ərzində xüsusi tədbirlər planı hazırlayaraq həyata keçirməyi fəaliyyətimizin əsas tərkib hissəsi sayırıq.
Çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov YAP Kürdəmir rayon təşkilatının yaranmasının 30 illik yubileyi münasibətilə tədbir iştirakçılarını təbrik etdi , Yeni Azərbaycan Partyasının keçdiyi çox ağır, çətin eyni zamanda şərəfli inkişaf yolundan geniş bəhs etdi. YAP Kürdəmir rayon təşkilatının yaradılmasında çəkilən əziyyətlərin məhz veteran YAP üzvlərinin çiyinlərində daşındığını qeyd edərək onların ulu öndər siyasətinə inanaraq sədaqətlərini vurğuladı. Ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı. Bu gün Ulu Öndərin layiqli davamçısı Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycana ən yüksək zirvələri fəth etdir, xalqımız tarixi Zəfərlər əldə edir. Sürətlə inkişaf edən müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərir. Yeni Azərbaycan Partiyasının arxada qoyduğu möhtəşəm 30 ilə nəzər yetirsək, qürur hissi ilə vurğulaya bilərik ki, YAP qüdrətli siyasi təşkilat olmaqla Azərbaycanın dövlətçilik maraqlarının qətiyyətli və etibarlı müdafiəçisidir.
Sonra çıxış edən Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının ilk sədri, partiyanın veteran üzvü Rafiq Mehtiyev Kürdəmirdə partiyanın təsis edilməsi prosesindən, o zaman hakimiyyəti ələ keçirmiş AXC-Müsavat cütlüyünün hər vasitə ilə Yeni Azərbaycan Partiyasının rayon təşkilatının Kürdəmirdə təsis edilməsinə mane olmağa çalışmalarından ətraflı söhbət açdı. Rafiq Mehtiyev qeyd etdi ki, Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurət, o dövrdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. O zaman müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşən Azərbaycanın ümidi müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik olan, öz fəaliyyətində xalqın ali mənafeyini, dövlətin milli maraqlarını rəhbər tutan görkəmli siyasi xadim Heydər Əliyevə idi.
Sonra partiyanın veteran üzvləri Novruz Umudov, Vahid Əliyev, Ağali Kərimli, rayon ziyalıları Ramiz Cəfərov, filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Yaqut Əşrəfova, gənc partiya fəalı, ərazi partiya təşkilat sədri Mais Bayramov çıxış edərək bildirdilər ki, Yeni Azərbaycan Partiyasının yaranması və Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş müharibəsi təhlükəsinin, daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdlərin qarşısı alındı. Ulu öndər Heydər Əliyev öz qayıdışı ilə Azərbaycana sabitlik, dirçəliş və fasiləsiz inkişaf gətirdi. Natiqlər ötən 30 ildə həm partiyanın, həm də ölkəmizin həyatında mühüm hadisələrlə zəngin olduğunu qeyd etdilər. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursa sadiqliyini atdığı hər addımında təsdiqləyən Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP yeni-yeni hədəflərə doğru inamla irəliləyir. Ulu öndərin layiqli davamçısı, Prezident, partiyamızın Sədri İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə görülən möhtəşəm işlərdə YAP-ın misilsiz xidmətləri olduğunu , şərəfli inkişaf yolu keçən partiya müstəqillik dövründə ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynadığını bildirdilər.
Tədbirin sonunda YAP Kürdəmir rayon təşkilatının yaradılmasının 30 illiyi münasibətilə rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə veteran partiya üzvlərinə və partiya fəallarına Fəxri Fərmanlar və hədiyyələr təqdim edildi.