02 avqust 2023 09:42
435

Yevlaxda  "Heydər Əliyev İli"  çərçivəsində “1 Avqust-Azərbaycan əlifbası və Azərbaycan dili günü” ilə əlaqədar tədbir keçirilib

Yevlax Şəhər İcra Hakimiyyətinin və YAP Yevlax rayon təşkilatının birgə təşkilatçılığı ilə YAP Yevlax rayon təşkilatının inzibati binasında “1 Avqust-Azərbaycan əlifbası Azərbaycan dili günü” ilə əlaqədar “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda  keçirilən tədbirdə YAP Yevlax rayon təşkilatının sədr müavini Tural İsmayılov, Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Hümbət Əhmədov, Yevlax rayon Ağsaqqallar şurasının sədr müavini Sərdar Məmmədov, təhsil, mədəniyyət işçiləri və gənclər iştirak ediblər.

“İki sahil” xəbər verir ki, əvvəlcə müasir müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ulu Öndər Heydər Əliyevin mənalı ömür yolundan və müdrik dil siyasətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən YAP Yevlax rayon təşkilatının sədr müavini Tural İsmayılov qeyd edib ki, Azərbaycan dili bizim milli varlığımızı müəyyən edən və azərbaycançılıq məfkurəsinin əsasında duran ən mühüm amildir. Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin səyləri xalqımız üçün əvəzedilməz töhfələrdir. Hələ Sovet dönəmində gərgin tarixi proseslərin hökm etdiyi bir dövrdə Ulu Öndərin təşəbbüsü ilə 1978-ci ilin aprelində Azərbaycan dili rəsmi dövlət dili olaraq Azərbaycan SSR-nin Konstitusiyasında təsbit edildi.  Ümummilli Liderin 2001-ci il iyulun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, həmin il avqustun 9-da imzaladığı “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” fərmanlar ana dilimizin qorunması və inkişafı baxımından göstərdiyi misilsiz xidmətlərdəndir. Bütün maneələrə və çətinliklərə baxmayaraq ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam etdirilir. Dövlətimizin başçısının 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı Azərbaycan dilinə olan ən böyük qayğının bariz nümunəsidir. Qeyd edilib ki, Ana dilimizin qorunması və inkişafı dövlət siyasətimizin prioritet istiqamətlərindən biridir. Hər bir azərbaycanlı öz doğma dilini sevməli,qorumalı  və ona hörmət bəsləməlidir.

Tədbirdə çıxış edənlər Yevlax rayon Ağsaqqallar Şurasının sədr müavini Sərdar Məmmədov, YAP Yevlax rayon təşkilatının fəalı, Yəldili kənd tam orta məktəbin direktoru Orxan Baxşəliyev, YAP Yevlax rayon təşkilatının əməkdaşı Zülfiyyə Mahmudova vurğulayıblar ki, qədim və zəngin mədəniyyətə malik Azərbaycan xalqı dünya sivilizasiyasına xeyli dəyərli töhfələr verib. Müstəqilliyimizin bərpasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Həmin vaxtdan müstəqil Azərbaycan Respublikasında tədricən latın qrafikalı milli əlifbamıza keçid mərhələsi başlandı.Azərbaycan əlifbası kimi, dilinin də hərtərəfli inkişafı, onun rəsmi dövlət dili statusu alması, beynəlxalq münasibətlər sistemində dünya diplomatiyasına yol açması məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Milli-mənəvi dəyərlərin qorunub saxlanması istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasət Heydər Əliyevin azərbaycançılıq ideyasının formalaşması yolunda göstərdiyi misilsiz xidmətlərdəndir ki, bu gün həmin güclü siyasət dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurla aparılır. Məhz cənab Prezidentin bu istiqamətdə imzaladığı Fərman və Sərəncamlar əsasında doğma dilimiz qorunur, daim xüsusi qayğı ilə əhatələnir və inkişaf etdirilir.

Sonda mövzu əsasında tədbir iştirakçıları tərəfindən doğma dilimizin tarixi və zənginliyi haqqında geniş fikir mübadiləsi aparılıb.