2023-cü ilin yanvar-iyun aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 29,6 milyard manat təşkil etmişdir. Sənaye məhsulunun 80,5 faizi mədənçıxarma, 16,7 faizi emal, 2,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.

Sənayedə qeyri-dövlət sektorunun payı 87,4 faiz olmuşdur. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 92,6 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 7,4 faiz təşkil etmişdir.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 iyul 2023-cü il vəziyyətinə 425,2 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 52,3 milyon manat məbləğində digər məhsullar da mövcud olmuşdur.
Tikintinin əsas göstəriciləri
2023-cü ilin yanvar-iyun aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 81,5 faizini tikinti, yenidənqurma və genişləndirmə, 5,9 faizini əsaslı təmir, 7,6 faizini cari təmir, 5,0 faizini isə sair tikinti işləri təşkil etmişdir.
Ümumi inşaat işlərinin 90,6 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər.
Məhsul bazarı haqqında
2023-cü ilin yanvar-iyun aylarında ticarət dövriyyəsinin həcmi 2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 4,0 faiz artaraq 15080,3 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz artaraq 9079,7 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 5,6 faiz artaraq 6000,6 milyon manata bərabər olmuşdur. İstehlak məhsullarının 35,6 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 48,2 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 16,2 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır.
İctimai iaşə
2023-ci ilin yanvar-iyun aylarında ictimai iaşə dövriyyəsinin həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 26,1 faiz artaraq 645,3 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 382,2 milyon manat olmuşdur ki, bu da ümumi dövriyyənin 59,2 faizini təşkil etmişdir.
Ödənişli xidmətlər haqqında
2023-ci ilin yanvar-iyun aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 17,5 faiz artaraq 3240,3 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən əhaliyə 2487,9 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 76,8 faizini təşkil etmişdir.
Əməkhaqqı
2023-cü ilin yanvar-may aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 10,1 faiz artaraq 1174,5 manat təşkil etmişdir.
Bakı şəhər Statistika İdarəsi