07 aprel 2016 22:33
215

Döyüşün ən çox ziyan vurduğu bölgələr

Ermənistan Silahlı Qüvvələrinin son günlər cəbhədə atəşkəsi pozması nəticəsində dünyasını dəyişən və xəsarət alan  dinc sakinlərin, o cümlədən zərər dəyən evlərin sayı məlum olub. 

Döyüşlərin ən intensiv getdiyi Tərtərrayonunun İcra Hakimiyyətinin ictimai, siyasi və humanitar məsələlər üzrə müdir müavini Elvin Umudov ANS PRESS-ə bildirdi ki,  ermənilərin atəşkəsi pozması nəticəsində rayon ərazisində 3 mülki sakin dünyasını dəyişib: "Onlardan ikisi rayon sakini, bir nəfər isə digər rayonlardan birinin sakini idi. Hadisələr zamanı 8 nəfər müxtəlif dərəcəli xəsarət almışdı. Hazırda onlardan xəstəxanada cəmi iki nəfər müalicə olunur. Qalanlar isə xəsarətləri yüngül olduğundan evlərinə buraxılıb".

Müdir müavini ermənilərin müxtəlif növ silahlardan atdıqları mərmilər nəticəsində zərər dəyən evlərin sayını da açıladı: "Hazırda dəqiqləşdirmələr aparırlar. Bu günə qədər aparılan araşdırmalar nəticəsində 162 evə müxtəlif növ maddi zərər dəydiyi müəyyən edilib. Lakin hazırda da dəqiqləşdirmələr davam etdirilir".

 Elvin Umudov onu da əlavə etdi ki, ermənilər rayonun ən çox Qapanlı, Qaradağlı və Seydimli kəndlərini atəşə tutublar.

Füzuli rayonunda ermənilərin atdığı mərmi nəticəsində məskunlaşdığı yerə ciddi zərər dəyən, əslən Laçın rayonundan olan məcburi köçkün Akif İbrahimov deyir ki, mərminin həyətyanı sahəsinə düşməsi nəticəsində onun yaşadığı fermaya ciddi zərər dəyib: "Mən illərdir rayonun Əskipara kəndində yaşayırdım. Ermənilər mərmi atdıqda ailə üzvlərimdən xəsarət alan olmasa da məskunlaşdığım fermaya ciddi maddi ziyan dəyib. Bir baş atım tələf oldu, biri də yaralandı".

Füzuli Rayon İcra Hakimiyyətinin şöbə müdiri Bayram Niftəliyev bildirdi ki, ermənilərin tanklardan və toplardan atdıqları mərmilər nəticəsində ən çox zərər Alpanlı kəndinə dəyib: "Kənddə iki evə mərmi düşüb. Nəticədə 1 nəfər xəsarət alıb. Düzdür, başqa kəndə  də mərmilər düşüb. Xoşbəxtlikdən xəsarətsiz ötüşüb. Bundan başqa Mirzənağılı, Qazaxlar kəndlərindəki evlərə də zərər dəyib. Ancaq bütün bunlara baxmayaraq rayonun qaz, su və işıq təminatında heç bir fasilə olmayıb".

Ağdam rayonunda isə ermənilərin atəşkəsi pozması nəticəsində 1 nəfər yerli sakin dünyasını dəyişib, 8 nəfər yaralanıb. Bu barədə ANS PRESS-ə Rayonun İcra Hakimiyyətindən məlumat veriblər. Bildirdilər ki, yaralılardan 2 nəfər Bərdə Mərkəzi Rayon Xəstəxanasında, 4 nəfər rayonun mərkəzi xəstəxanasında, 2 nəfərin müayinəsi isə evdə davam etdirilir.

İcra Hakimiyyətindən onu da əlavə etdilər ki, ermənilərin ağır artilleriyadan açdığı atəş nəticəsində 72 evə zərər dəyib. Həmin evlərdən 5-i tamamilə yanıb, 37 ev tamamilə dağılıb, 40 evə isə müxtəlif dərəcədə zərər dəyib: "Ən çox zərər Sarıcalı və Qərvən kəndlərinə dəyib", - deyə İcra Hakimiyyətindən bildirdilər.

Goranboy rayonunda da vəziyyət digər qeyd etdiyimiz rayonlardakından, demək olar ki, fərqlənmir. Rayonun icra hakiminin birinci müavini Elçin Cahangirov ANS PRESS-ə bildirdi ki, son hadisələr nəticəsində 9 ev tam yarasız vəziyyətə düşüb. 36 ev isə yaşayış üçün qismən yararlıdır. 30 evə isə az zərər dəyib: "Bundan başqa 2 yardımçı bina, 3 ictimai-iaşə obyektinə, eyni zamanda rayonun qaz, işıq təsərrüfatına da ciddi ziyan dəyib. Əhalinin 50 baş xırdabuynuzlu, 10 baş iribuynuzlu heyvanı tələf olub. Tapqaraqoyunlu-Naftalan yolunun 8 kilometri tamamən sıradan çıxıb. Rayonun ən çox zərərçəkən kəndi Tapqaraqoyunlu və Zeyvəkənddir".

İcra hakiminin müavini onu da bildirdi ki, mülki əhali arasında da 3 nəfər ermənilərin atəşkəsi pozması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xoşbəxtlikdən onların hamısının vəziyyəti normaldır.

Hərbi cəhətdən iflasa uğrayan Ermənistan kriminal rejimi son vaxtlar cəbhədəki uğursuzluqlarının, canlı qüvvə və döyüş texnikası sarıdan xeyli itkisinin əvəzini çıxmaq məqsədilə aprel ayının 2-də  növbəti dəfə təxribat törətməyə çalışıb. Bütün cəbhəboyu mövqelərimiz iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutulub. Eyni vaxtda qoşunların təmas xəttinə yaxın mülki əhalinin kompakt yaşadığı bir sıra yaşayış məntəqələri də düşmən atəşinə məruz qalıb.

Qondarma Dağlıq Qarabağ rejiminin Rusiyadakı daimi nümayəndəliyinin məsləhətçisi Arsen Məlik-Şahnazarov döyüşlərdə Ermənistan tərəfinin 50 canlı qüvvəsinin məhv edildiyini etiraf edib. Bildirib ki, döyüşlərdə texnika cəhətdən də böyük itkilər olub. 14 tank məhv edilib. Dörd gün əzində 50 nəfər həyatını itirib, həmçinin 20-30 nəfərdən xəbər yoxdur. 

Bu döyüşlər zamanı Azərbaycan ordusu 31 şəhid verib.