Azərbaycanın itkin düşdüyü iddia edilən hərbçilərinin axtarışlarına başlanılıb. Bu barədə məlumat Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından verilib.
Bir neçə vətəndaşın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına müraciətinə əsasən, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hərbi əməliyyatlarda iştirakları zamanı itkin düşdüyü bildirilən Azərbaycan hərbçilərinin sonrakı taleyinə aydınıq gətirilməsi üçün aidiyyəti dövlət qurumlarının və beynəlxalq təşkilatların vasitəçiliyi ilə müvafiq araşdırma işinə başlanılıb.
Komitədən onu da bildirdilər ki, araşdırmaların nəticələri barədə itkin düşdüyü bildirilən hərbçilərin yaxınlarına və ictimaiyyətə məlumat veriləcək.
Allahdan vətəndaşlarımıza səbr diləyirik.
Hərbi cəhətdən iflasa uğrayan Ermənistan kriminal rejimi son vaxtlar cəbhədəki uğursuzluqlarının, canlı qüvvə və döyüş texnikası sarıdan xeyli itkisinin əvəzini çıxmaq məqsədilə aprel ayının 2-də növbəti dəfə təxribat törətməyə çalışıb. Qarşı tərəfin hərbi aktivliyini genişləndirməyə imkan verməmək, onun fəaliyyətinin qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən əməliyyat şəraiti qiymətləndirilərək dərhal cavab tədbirlərinin görülməsi üçün qərar verilib.
Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib.
Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.
Düşmənin ən iri hərbi bazalarından biri sayılan, Ağdərə şəhərinə aparan əsas yol üzərində və onun şimalında yerləşən strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazanın qərargahı dəqiq zərbələrlə dağıdılıb.
Döyüşlərdə ermənilərə məxsus hərbi texnikalar – tanklar və artilleriya qurğuları məhv edilib, yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb, düşmənin bir batareyası darmadağın edilib.
Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 31 hərbi qulluqçusu şəhid olub.
Silahlı Qüvvələrimizin nəzarətinə keçən daha əlverişli və strateji cəhətdən üstün mövqelərdə bölmələrimiz tərəfindən mühəndis-istehkam möhkəmləndirmə işləri, ərazinin vizual kəşfiyyatı və atəşin korrektəsi tədbirləri icra edilir.
Aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb. Lakin buna baxmayaraq ermənilər mövqelərimizi atəşə tutmaqda davam edir.
ANS PRESS