Culfa Rayon İcra Hakimiyyətində “Heydər Əliyev İli”nə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan dili” adlı tədbir keçirilib.
Əvvəlcə müstəqil Azərbaycanın qurucusu və memarı, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“İki sahil” xəbər verir ki, tədbiri giriş sözü ilə açan Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Sara Hüseynova qeyd edib ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra milli dilimizin xilaskarı kimi tarixə öz əbədi imzasını qoydu. Tam qətiyyətlə demək olar ki, Ulu Öndər Heydər Əliyevin keçən əsrin 70-80-ci illərində yeritdiyi fəal və ardıcıl dil siyasəti Azərbaycanda milli özünəqayıdış, milli özünüdərk və milli azadlıq ruhunu yüksəltdi.
Daha sonra tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası Culfa rayon təşkilatının sədri Qadir İbrahimov və Culfa Rayon Mədəniyyət Sarayının direktoru Səriyyə Salahova çıxışlar edərək bildiriblər ki, xalqımızın milli-mənəvi dəyərlərinin yaşadılması və inkişafında doğma ana dilinin müstəsna rol oynadığını nəzərə alaraq bütün rəsmi tədbirlərdə məhz Azərbaycan dilində çıxış etməyə başlayan Heydər Əliyev bununla da xalqın öz tarixi köklərinə qayıdışını və milli-mənəvi dəyərlərə bağlılığını təmin etmək istiqamətində çox ciddi addımlar atmış oldu. Onun fikrincə, Azərbaycan dili sadəcə ünsiyyət vasitəsi olmayıb, həm də ulu babalarımızın bizə yadigar qoyduğu bir tarixdir, milli dəyərdir, Azərbaycan dilinin varlığı və Azərbaycan adlı bir məmləkətin əsas rəmzi, xalqımızın mənəviyyat bayrağıdır.
Sonda “Heydər Əliyev və Azərbaycançılıq” adlı film nümayiş olunub.