05 avqust 2023 18:47
335

Xalqımızın əbədi and yeri FOTO

Ən ali məqama qalxmaq, o yüksək zirvəni fəth edərək Şəhid adına yüksəlmək hər kəsə nəsib olmur. Yalnız müqəddəs amallar uğrunda vuruşan, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, qeyrətli oğul və qızlarımız yüksəlir bu müqəddəs ada. Bu ali məqama yüksələn insanlar ölmürlər, əksinə ölümləri ilə bir əbədilik qazanırlar. 

Qəlblərimizdə Vətənə sevgiləri ilə daimi məskən salan, ürəklərdə yaşayan iki qəhrəmanımızın - Hüseynov Samir Hüseyn oğlu və Əliyev Babək Əsgər oğlunun şəhadətə yüksəlmə günləri bu gün rayonumuzda elliklə qeyd edilib.  Vətənə olan sevgisi ilə daima xatırlanan qəhrəmanlarımızdan biri də Hüseynov Samir Hüseyn oğludur.

Anım mərasimində Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Sara Hüseynova, rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ruslan Cəfərov, Culfa şəhər sakinləri və şəhidin doğmaları iştirak ediblər. Culfa şəhər qəbiristanlığında dəfn olunan şəhidin məzarı ziyarət edilib, üzərinə çiçəklər düzüb, ruhuna dualar oxunubdur.
Qeyd edək ki, 1980-ci il yanvar ayının 6-da Culfa şəhərində anadan olan igidimiz 1986-cı ildə Culfa şəhər 1 nömrəli tam orta məktəbinə daxil olmuş, məktəbi bitirdikdən sonra 1999-cu ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Muxtar respublikada yerləşən “N” hərbi hissədə xidmət edən Samir Hüseynov xidmət apardığı dövrdə intizamlı əsgər kimi komandir heyətinin böyük hörmətini qazanmışdır. Digər əsgər yoldaşları kimi doğma Vətənə bağlı bir gənc olan Hüseynov Samir Hüseyn oğlu 5 avqust 1999-cu ildə xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuşdur.
Əlində silah Zəfər yürüşünün önündə gedən Vətən oğullarının hər biri bizim üçün əzizdir, şəhidi də, qazisi də xalqımızın gözünün işığı, başının tacıdır. Bizə qələbə şərbəti içirən, bununla da xalqımızı 30 illik xiffətdən, möhnətdən, başıaşağı gəzməkdən xilas edən Vətən oğullarından biri də şəhid leytenant Babək Əliyevdir.

Bildirək ki, rayonun Ləkətağ kəndində dəfn olunan şəhidimizin anım mərasimi məzarı üzərində qeyd edilib. Mərasimdə Culfa Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ruslan Cəfərov, Təhsil Şöbəsinin müdiri Mehdixan Əliyev, Mədəniyyət Şöbəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin əməkdaşları, Culfa şəhər və Ləkətağ kənd sakinləri və şəhidin ailə üzvləri, şəhid ailələri və qazilər, hərbçilər iştirak ediblər.

Mərasimdə şəhid haqqında məlumat verilərək bildirilib ki,  Əliyev Babək Əsgər oğlu 1997-ci il oktyabr ayının 1-də Ləkətağ kəndində anadan olub. Uşaq yaşlarından hərb sənətinə marağı olan Babək Əliyev 2013-cü ildə Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyə qəbul olur. 2016-cı ildə isə Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olur. Ali Hərbi məktəbdə oxuduğu illərdə hərb sənətinə daha dərindən yiyələnən igidimiz Babək Əliyev nümunəvi kursant kimi “Azərbaycan Ordusunun 100 illiyi (1918- 2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə də təltif olunur. 2020-ci ildə Ali Hərbi məktəbi başa vuran qəhrəmanımız leytenant rütbəsi alaraq Qazax rayonunda yerləşən “N” hərbi hissədə xidmətə başlayır.
2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində gənc leytenant Babək Əliyev də düşmənə qarşı əkshücum əməliyyatlarında yaxından iştirak etmiş və torpaqlarımızın işğaldan azad edilməsində misilsiz qəhrəmanlıqlar göstərmişdir. Kəlbəcər istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərən Babək var gücü ilə döyüşür, tabeçiliyində olan əsgərləri ilə birlikdə mənfur düşmənin onlarla canlı qüvvəsini və texnikalarını məhv edir. 44 günlük hərbi əməliyyatlar nəticəsində müzəffər Ordumuz torpaqlarımızı və Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşa şəhərini  işğaldan azad etdi. 
Vətən müharibəsindən sonra işğaldan azad edilən Kəlbəcər rayonu ərazisində Vətənə olan xidmətini davam etdirən leytenant Babək Əliyev 2022-ci ilin avqust ayının əvvəllərində Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” əməliyyatında iştirak edərək bir sıra əhəmiyyətli hakim yüksəkliklərin nəzarətə götürülməsində şücaət göstərmişdir.

Qeyd edək ki, “Qisas” əməliyyatı çərçivəsində qeyri-qanuni erməni silahlılarının bir neçə döyüş mövqeyi dağıdılmış, qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilmiş, həmçinin bir neçə hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları sıradan çıxarılmışdır. “Qisas” əməliyyatından sonra leytenant Babək Əliyevin də içərisində olduğu bölmələrimiz tərəfindən nəzarətə götürülmüş ərazilərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işlərinə başlanılır. 5 avqust 2022-ci ildə Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində qəhrəmanımız Əliyev Babək Əsgər oğlu şəhidlik zirvəsinə ucalır.
Bildirim ki, şəhid leytenant Babək Əliyev Vətən, torpaq uğrunda etdiyi xidmətlərinə  görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra  “Vətən uğrunda” medalı ilə təltif edilib.
Şəhidlərimizin keçdiyi ömür yolu, qəhrəmanlıqları, Vətənə olan sevgiləri illər ötsə belə dillər dastanı olaraq xalqın qəlbində yaşayacaq və anılacaqdır.

Səriyyə Salahova,
Culfa Rayon Mədəniyyət Sarayının direktoru