10 avqust 2023 01:57
391

Qeyri-neft sektoru: İnkişaf dinamikası yüksəkdir

Azərbaycanda ümumi iqtisadi artımın əsas hissəsi Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış neft strategiyasının uğurlu nəticələri hesabına təmin olunsa da, son illər qeyri-neft sektorunda da xüsusi fəallıq nəzərə çarpır. Bu, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin məntiqi nəticəsidir.

Fikrimizin təsdiqi üçün qeyd edək ki, 2010-cu ildə respublikamızın qeyri-neft sektorunda cəmi 18,4 milyon manatlıq məhsul istehsal olunduğu halda, çoxsaylı mənfi şokların təsiri ilə mübarizə aparan qlobal iqtisadiyyatın həssas olduğu indiki dövrdə qeyri-neft-qaz sənayesində artım neft–qaz sənayesindəki artımı üstələyib. Mövcud sahədə əlavə dəyər 2023-cü ilin birinci yarımilliyində 6,5 faiz artıb. Ümumi olaraq isə qeyri-neft sektorunda 3 faizdən çox artım müşahidə olunub.

Təbii ki, qeyri-neft sektorunun inkişafında şaxələndirmə siyasəti ilə yanaşı, ardıcıl və sistemli surətdə gerçəkləşdirilən sənayenin inkişafına dair Dövlət Proqramı da əhəmiyyətli rol oynayıb. Bu önəmli sənəd ənənəvi sənaye sahələri ilə yanaşı, iqtisadiyyatımız üçün yeni olan kosmik, müdafiə, gəmiqayırma, alternativ enerji və digər sahələrin, həmçinin müasir istehsal infrastrukturuna malik sənaye zonalarının inkişafını da sürətləndirib. Nəticədə  respublikamızın   ixrac qabiliyyəti davamlı şəkildə güclənib, idxalı əvəz edən məhsulların istehsalının artırılması reallaşıb. Sənaye zonalarına 6,56 milyard manat investisiya yatırılıb və 10 min 600-dən çox daimi iş yeri açılıb. 

Onu da qeyd edək ki, hazırda sənaye zonaları və aqroparklarda  sahibkarlar üçün stimullaşdırıcı biznes və investisiya mühiti yaratmaq üçün dövlət tərəfindən müxtəlif dəstək tədbirləri mövcuddur. Bununla yanaşı, sahibkarlara vergi və gömrük güzəştləri, eləcə də hazır infrastrukturla təminat təklif edilir. Sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 10 il müddətinə gömrük rüsumlarından azad olunurlar. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında da bərpa prosesi indiyədək sənayeləşmə siyasəti ilə paralel aparılıb. “Ağdam” və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında ümumilikdə 20-yə yaxın sənaye müəssisəsi qeydiyyata alınıb. Düşməndən təmizlənən ərazilərdə kənd təsərrüfatının inkişaf məqsədləri üçün 940 fermer təsərrüfatının yaradılması nəzərdə tutulub.

Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının hazırda 3 rezidenti və 1 qeyri-rezidenti var. İnvestorlar tərəfindən bu zonaya 21 milyon manatdan çox investisiyanın yatırılması, 270-dən artıq iş yerinin yaradılması planlaşdırılıb. Hazırda “Araz Vadisi İqtisadi Zonası”nda rezidentlər üçün infrastrukturun qurulması istiqamətində işlər aparılır. Digər sənaye parklarında olduğu kimi, burada da sahibkarlar üçün əlverişli investisiya mühiti formalaşdırılır.

Ağdam Sənaye Parkının yeni qeydiyyata alınmış rezidentlərinin ümumi investisiya həcmi isə 36 milyon manata yaxın olan layihələrinin reallaşması nəticəsində 130-dan çox daimi iş yerinin yaradılması planlaşdırılıb. Burada rezidentlik statusu verilən sahibkarlıq subyektlərinin sayı 14-ə çatdırılıb.

Hazırda iqtisadi zonalarda ixrac fəaliyyətinə xüsusi diqqət yetirilir. Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan “SOCAR Karbamid” zavodu tərəfindən istehsal olunan məhsulların “Made in Azerbaijan” brendi ilə dünyanın 23 ölkəsinə (Brazilya, Hindistan, Türkiyə, Rusiya, İsrail, Polşa, Yunanıstan, Rumıniya, Bolqarıstan, Albaniya, İtaliya, Gürcüstan və s.) ixrac edilməsi bunun parlaq nümunəsidir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın iyul sayına əsasən, cari ilin yanvar-iyun ayları ərzində Azərbaycanın ümumi ixracı 18 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 20,6 faiz artaraq 1,8 milyard ABŞ dolları təşkil edib. Hesabat dövrü ərzində yeyinti məhsulları üzrə ixrac 459,9 milyon ABŞ dollarına bərabər olub.

Bu ilin ötən 6 ayında aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 13,1 faiz artaraq 478,2 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 54,1 faiz artaraq 109,2 milyon ABŞ dolları təşkil edib.

“İxrac icmalı”nda göstərilib ki, 2023-cü ilin iyul ayında “Bir pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 22,6 milyon ABŞ dollarına çatıb.  

Bütün bu iqtisadi göstəricilərə əsaslanıb deyə bilərik ki,  Ümummilli Liderin uğurlu iqtisadi strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının qarşıya qoyduğu dayanıqlı iqtisadiyyat və inklüziv cəmiyyət hədəfləri günümüzün reallığına çevrilib. Məhz bunun nəticəsidir ki, 2003-cü ildən başlayaraq reallaşdırılan strategiya sayəsində milli iqtisadiyyatın real xərci 4 dəfə, ixrac 15,6 dəfə artıb. İqtisadiyyatın orta artım tempi dünya üzrə orta səviyyədən 4 faiz yüksək olub. 

Yeri gəlmişkən onu da qeyd edək ki, dövlət başçısı İlham Əliyev prezidentliyinin bütün mərhələlərində idarəetmə sisteminə novator düşüncə tərzi, dinamizm və müasirlik çalarları gətirib, hökumətin gerçəkləşdirdiyi layihələrin əhatə dairəsini və vaxtını dəqiq müəyyənləşdirib, həmin təşəbbüslərin icra cədvəlini diqqət mərkəzində saxlayıb. Təbii ki, bütün bu amillər sosial-iqtisadi layihələrin, o cümlədən yuxarıda vurğuladığımız qeyri-neft sektorunun inkişafında həlledici rol oynayıb.

Nigar Orucova, “İki sahil”