Dövlət başçısı İlham Əliyev ölkəmizin bu sahədə qazandığı uğurlar fonunda əminliklə bildirir ki, uzunmüddətli inkişaf strategiyamıza uyğun olan tranzit imkanları yaratmışıq
Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir. Ölkəmizdə yol-nəqliyyat infrastrukturunun yenilənməsi, təkmilləşdirilməsi dövlətimizin həyata keçirdiyi iqtisadi siyasətin əsas tərkib hissəsidir. Yol iqtisadiyyat, eyni zamanda, əməkdaşlıq əlaqələrinin coğrafiyasının genişləndirilməsi üçün böyük stimuldur. Bu gün təkcə işğaldan azad edilmiş ərazilərimizdə yaradılan yol infrastrukturunun timsalında Azərbaycanın beynəlxalq nəqliyyat mərkəzinə çevrildiyini böyük əminliklə deyə bilərik. Belə ki, bu torpaqlarda 3 beynəlxalq hava limanının tikintisi nəzərdə tutulmuşdur ki, artıq ikisi - Füzuli və Zəngilan aeroportları istifadəyə verilib. Laçın Beynəlxalq Hava Limanının isə 2024-cü ilin sonu 2025-ci ilin əvvəllərində istifadəyə verilməsi nəzərdə tutulur. Bu hava limanlarının beynəlxalq status qazanması özündə bütün məqamları ehtiva edir. İqtisadi, siyasi, humanitar, diplomatik mərkəzə çevrilmiş Şuşaya və digər işğaldan azad edilmiş ərazilərimizə xarici qonaqların bu beynəlxalq hava limanlarına vasitəsi ilə gəlmələri hazırkı dövrdə həm əməkdaşlıq əlaqələrinin inkişafı, həm də bu torpaqlar barədə təbliğat işinin yüksək səviyyədə həyata keçirilməsində əhəmiyyətli rol oynayır. Dövlət başçısı İlham Əliyev iyulun 22-də Şuşada “Euronews” televiziyasına müsahibəsində də bu məqamı xüsusi qeyd etmişdir: «Yəqin ki, Füzulidən gələndə yolun yuxarıya doğru getdiyini görmüsünüz. Bizim hərbçilərimiz məhz bu yolla buraya gəliblər. Sizin gəldiyiniz, sonradan “Zəfər yolu” adlandırdığım bu yol mövcud deyildi. Bu, bizim hərbçilərimizin Şuşaya doğru necə irəliləməsini göstərən yoldur. Onlar bu qayalı dağlara dırmaşırdılar. Beləliklə, bu amillərə, böyük erməni diasporuna malik bir çox ölkələrin güclü siyasi dəstəyinə baxmayaraq, biz düzgün olanı etdik. Biz ədaləti və ərazi bütövlüyümüzü bərpa etdik. Biz Ermənistanın torpağında savaşmadıq, öz torpağımızda vuruşduq və biz Zəfər çaldıq. Beləliklə, bu, bir nömrəli missiya idi və o, artıq tamamlandı. İndi isə biz sülh haqqında danışırıq.»
İşğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə başlayan zaman ilk olaraq yol infrastrukturunun yenilənməsi prioritet oldu. Ümumilikdə bütün bölgələrdə yol-nəqliyyat əsasdır. Azərbaycan bu sahədə də qazandığı uğurları ilə beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qoruyur. Hər bir ölkənin malik olduğu iqtisadi imkanların təqdimatında əhəmiyyətli rol oynayan Davos Dünya İqtisadi Forumunun hesabatına nəzər salaq. Azərbaycan reytinqlərə görə dünya miqyasında qabaqcıl yerlərdə dayanır. Belə ki, ölkəmiz avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerləri bölüşür. Dəmir yollarının səmərəliliyinə görə dünyada 11-ci, hava nəqliyyatının səmərəliliyinə görə isə 12-ci yerdədir. Bu yüksək yerləri əldə etmək böyük səylər, düşünülmüş siyasət tələb edir. «Nəqliyyat sahəsinə qoyulmuş vəsait bu gün ölkəmizin iqtisadi, xüsusilə qeyri-neft sektorunun inkişafına da müsbət təsir göstərir» söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, çünki yol olmayan yerdə inkişaf da olmur. Dəmir yolları olmayan yerdə heç bir tranzit imkanından söhbət gedə bilməz: «Ona görə biz, ilk növbədə, ölkə daxilində infrastrukturu tamamilə yenidən qurduq. Eyni zamanda, ölkəmiz üçün çox vacib olan və uzunmüddətli inkişaf strategiyamıza uyğun olan tranzit imkanları da yaratmışıq.»
Əhəmiyyətinə görə enerji layihələrindən geri qalmayan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun Azərbaycanın təşəbbüsü ilə inşa edilməsi bölgəmizdə və bütövlükdə Avrasiyada yeni nəqliyyat xəritəsini yaratdı. Azərbaycanla tərəfdaş ölkələr hazırda bu yoldan istifadə edərək öz məhsullarını müxtəlif istiqamətlərə çatdırırlar. Azərbaycan ərazisindən keçən yolların çoxşaxəli olması imkanlarımızı böyük dərəcədə artırır. Hava nəqliyyatına gəldikdə isə Heydər Əliyev Beynəlxalq Aeroportu MDB məkanında birinci yerdədir. «Mənim göstərişimlə digər şəhərlərimizdə inşa edilmiş hava limanları bizim nəqliyyat potensialımızı böyük dərəcədə gücləndirir» söyləyən cənab İlham Əliyev təbii ki, işğaldan azad edilmiş ərazilərimizdə tikilən beynəlxalq hava limanlarını nəzərdə tutur.
Göründüyü kimi, nəqliyyat sektoruna göstərilən diqqət və aparılan düşünülmüş siyasət bu reallığı yaratmışdır. Bu gün nəqliyyat sektorumuz həm müasir, həm də ölkə qarşısında duran vəzifələri icra etməyə imkan verir. Eyni zamanda, bu sahəyə qoyulan milyardlarla dollar səviyyəsində sərmayələr artıq bizim qeyri-neft iqtisadiyyatımıza öz müsbət təsirini göstərir. Dövlətimizin başçısı İlham Əliyev onu da bildirir ki, nəqliyyat sektoruna qoyulan sərmayələr 1-2 ilə, hətta 5-10 ilə geri qayıdan sərmayələr deyil. Bu, uzunmüddətli sərmayədir. Bu sərmayələr insanların rahatlığına və ölkənin uzunmüddətli dayanıqlı inkişafına nail olmaq üçün qoyulub.
Ölkəmizin bugünkü reallıqları fonunda bu fikri də böyük inamla qeyd edə bilərik ki, qlobal çağırışların, yüksək rəqabət gücünə malik, bazar münasibətlərinə əsaslanan dayanıqlı iqtisadiyyatın inkişafını, idarəetmə strukturlarının yeni, müasir modellər əsasında formalaşmasını, qeyri-neft sektorunun genişləndirilməsini, nəqliyyat, tranzit və logistika infrastrukturunun, insan kapitalının təkmilləşdirilməsini, sosial-müdafiə sisteminin gücləndirilməsinı şərtləndirən amillərin əks olunduğu «Azərbaycan -2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasının tətbiqi ilə qüdrətli dövlətə çevrilən Azərbaycanı dünyada tanıdan inkişaf modeli özünü doğrultdu. Konkret, konseptual proqramlar, düşünülmüş, ictimai rəy, vətəndaş təklifləri əsasında hazırlanan regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarında nəzərdə tutulan vəzifələrin vaxtında və yüksək səviyyədə yerinə yetirilməsi bölgələrin simasını dəyişmiş, infrastruktur yenilənmiş, şəhərlə kənd arasındakı fərq minimuma endirilmiş, demoqrafik tarazlıq təmin olunmuşdur. Həyata keçirilən və dövlətin daim nəzarətində olan təşəbbüslərin həllində yeganə məqsəd ölkəmizin iqtisadi qüdrətini artırmaq, dünya iqtisadi sistemində mövqeyini möhkəmləndirmək, xarici investisiyaların Azərbaycana cəlbini sürətləndirməkdir. Mühüm əhəmiyyətli işlahatların və layihələrin tətbiqi ilə dünya birliyində islahatçı ölkə kimi tanınan, təşəbbüsləri beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən və yüksək dəyərləndirilən Azərbaycanın reytinqi ildən-ilə yüksəlir.
Dövlət başçısı İlham Əliyev daim bu çağırışı da edir ki, inkişafımızın hədəflərindən biri regional bağlantı mərkəzinə çevrilmək idi. Çünki xəritəyə baxsanız, Azərbaycanın coğrafi üstünlüklərini görərsiniz. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları üzərində yerləşir. Lakin nəqliyyat infrastrukturunun olmaması elə bir vəziyyət yaratmışdı ki, bizim coğrafiyadan istifadə edilmirdi. Mən tam əmin idim ki, biz bu vəziyyəti yaxşılaşdıra bilərik. Ölkə Prezidenti bu reallığı da açıqlayır ki, nəqliyyat infrastrukturuna böyük sərmayə qoyuluşuna 15 il əvvəl başlanılıb. İlk olaraq yerli infrastrukturu inkişaf etdirmək üçün bu sahəyə böyük sərmayə yatırılmağa başladı. Eyni zamanda, qonşularla da bağlantı körpüləri quruldu: “Biz mühüm tranzit ölkəsi olmaq arzusundaydıq, ancaq bunun üçün təkcə coğrafiya kifayət etmir. Hətta infrastruktur da kifayət deyil, burada digər məsələyə ehtiyac var. Bu isə qonşularla yaxşı münasibətlərdir. Qonşularla əməkdaşlıq olmadan tranzit ölkəyə çevrilmək olmaz. Bu isə bizim xarici siyasətimizin tərkib hissəsi idi. Prioritet qonşu ölkələrlə qarşılıqlı maraq üzərində daha güclü münasibətlər qurmaq idi.»
Ölkəmizi regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevirmək strategiyasının tərkib hissəsi olan, Şərq-Qərb, Şimal-Cənub, nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici rol oynayır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Bakı-Tbilisi-Qars dəmir yolu xətti üçün birbaşa yüktoplama məntəqəsi funksiyasını yerinə yetirir. Bu liman şimal, cənub, şərq və qərb istiqamətlərindən dəhlizlər üzrə ölkəmizə daxil olan yüklərin toplanmasını, onların BTQ üzrə Avropa istiqamətində və ya gəmilərlə şərq istiqamətində daşınmasını təmin edən səmərəli və davamlı logistika zəncirinin formalaşması üçün əsas amildir.
Dövlət başçısı tarixi Zəfərimizin reallıqlarını söyləyərkən Azərbaycanın tranzit imkanlarının genişlənməsində öz sözünü deyəcək Zəngəzur dəhlizinin açılması məsələsinə də xüsusi diqqət göstərir. Azərbaycan ərazisində tikinti işlərinin təxminən 70 faizi artıq başa çatdırılıb. Dövlət başçısı İlham Əliyev bildirir ki, ölkəmizin ərazisindən təkcə Bakı-Tbilisi-Qars kimi bir yol keçməyəcək, o cümlədən Zəngəzur dəhlizi işə salınacaq: “Bir sözlə, bütün bunlar əlavə yüklər üçün digər imkanlar açacaq. Eyni zamanda, Azərbaycan ərazisindən daşımalar, həmçinin Gürcüstanın dəniz limanından keçəcək. Biz bu sahədə müəyyən sərmayə imkanlarına böyük maraqla baxırıq. Həqiqətən, daşımalarda əməkdaşlıq bütün ölkələr üçün çox faydalı olacaq və eyni zamanda, o da vacibdir ki, bu işlər ölkələr arasında əlaqələri gücləndirəcək. Ölkələr bir-biri ilə daha sıx bağlı olacaq, inteqrasiya olacaq.” Cənab İlham Əliyev onu da bildirir ki, dəhliz boyunca bir çox istehsal sahələrini yaratmağı planlaşdırırıq. Azərbaycanda böyük sənaye zonalarını yaratmaq istəyirik: “Əslində, bu istiqamətdə irəliləyirik. Hesab edirəm ki, bu ay açılmış və artıq fəaliyyətə başlamış Ələt Azad İqtisadi Zonamızda istehsalatla məşğul olmaq, həmçinin Çin şirkətləri üçün cəlbedici ola bilər. Əslində, təsəvvür etdiyinizdən də geniş fürsətdir.” Reallıq budur ki, Zəngəzur dəhlizinin açılmasına Ermənistan mane olmaq istəsə də dünyada söz sahibi olan ölkələr buna böyük maraq göstərir. «Zəngəzur dəhlizinin açılması qaçılmazdır» söyləyən dövlət başçısı İlham Əliyev onu da əlavə edir ki, hər halda bu istiqamətdə öz səylərimizi artıracağıq. Bu dəhlizin açılması bütün ölkələr üçün yeni imkanlar açacaq və bölgədə işbirliyi məsələlərinə də müsbət təsir göstərəcək. Region üçün böyük strateji əhəmiyyət kəsb edən Zəngəzur dəhlizi Azərbaycanı bölgənin nəqliyyat qovşaqlarının mərkəzinə çevirəcək. Digər tərəfdən, sözügedən dəhliz türk dünyası üçün “Mərkəzi Asiyaya ticarət qapısı” rolunu oynayacaq və iqtisadi əlaqələrin gücləndirilməsinə imkan verəcək. Zəngəzur dəhlizinin açılması əbədi dostluq və qardaşlıq münasibətləri davam edən Azərbaycan və Türkiyə, eləcə də Avrasiya üçün ən mükəmməl alternativ yoldur.
Əməkdaşlıq əlaqələrinin inkişafında, münasibətlərin yeni prioritetlər üzrə dərinləşməsində əhəmiyyətli rol oynayan qarşılıqlı səfərlər zamanı keçirilən görüşlərdə də nəqliyyat sahəsində əməkdaşlıq imkanları geniş təhlil edilir. Azərbaycan hər zaman yerləşdiyi coğrafi məkana görə dövlətlər, xalqlar arasında körpü rolunu oynayır. Həyata keçirilən layihələr bu körpünü daha da möhkəmləndirir. Dövlət başçısı İlham Əliyev daim bu çağırışı edir ki, bütün yol-nəqliyyat infrastrukturu müasir tələblərə cavab verməlidir. Cənab İlham Əliyevin bu günlərdə Qazax, Şəmkir, Samux və Bərdə rayonlarına səfəri çərçivəsində açılışında iştirak etdiyi sosial obyektlərin say tərkibinə diqqət yetirsək görərik ki, infrastrukturun təkmilləşməsinə göstərilən diqqət özünü qabarıq şəkildə nümayiş etdirdi. Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir.
Yeganə Əliyeva, «İki sahil»
Azərbaycan və Türkiyə enerji layihələrinin icrasını sürətləndirmək barədə razılığa gəlib
Azərbaycan və Slovakiya arasında standartlaşdırma və metrologiya sahəsində əməkdaşlıq güclənir