Yeni Qanuna əsasən ödəniş xidmətlərinin təminatçıları lisenziya əsasında elektron pullar buraxa biləcəklər
14 iyul 2023-cü il tarixində Milli Məclis “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanunu üçüncü oxunuşda qəbul edib. Avqustun 9-da isə Prezident İlham Əliyev sözügedən Qanunu təsdiqləyib.
Yeni Qanun ödəniş sistemlərinin, ödəniş xidmətlərinin və təşkilatlarının, elektron pul təşkilatlarının və ödəniş sistemi operatorlarının fəaliyyətinin hüquqi əsaslarını, həmçinin bu sahədə tənzimləmə və nəzarətin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir. Qanuna əsasən, ölkəmizin ödəniş sistemləri ödəniş kartlarının xidmət və emissiyası üzrə xidmət göstərə biləcək. Ödəniş xidmətlərinin təminatçıları lisenziya əsasında və qanunvericiliyə əsasən elektron pullar buraxa (emissiya edə) biləcəklər. Bundan başqa, ödəniş xidmətləri təminatçısı statusu onlara digər növ fəaliyyət göstərmək, məsələn, valyuta mübadiləsi aparmaq, ödəniş tapşırıqlarını icra etmək, təlimlər təşkil etmək, konsultasiya xidmətləri göstərmək, proqram təminatı hazırlamaq, kredit vermək və bir sıra digər xidmətlər göstərməyə imkan verəcək.
Azərbaycanda rəqəmsal ödənişlərin ekosisteminin daha səmərəli və təhlükəsiz, həmçinin rəqabət qabiliyyətli infrastrukturunun təşkilinə imkan yaranacaq. Nəzarət olunan rejimdən istifadə edən ödəniş sistemi operatorları işlərində innovativ həlləri və texnologiyaları tətbiq edə biləcəklər.
Sənəddə əsas anlayışlar, ödəniş xidmətlərinin növləri, ödəniş xidməti təchizatçılarının, ödəniş təşkilatının və elektron pul təşkilatının fəaliyyəti ilə bağlı məsələlər müvafiq maddələrdə öz əksini tapıb. Habelə, pul vəsaitlərinin təhlükəsizliyinin təmin olunması, mühasibat uçotu və maliyyə hesabatlarının aparılması, müraciətlərə baxılması və mübahisələrin həllinə dair qaydalar müəyyənləşdirilir. Elektron pulla bağlı tənzimləmə prosesi, açılmış ödəniş hesabları və ödəniş xidmətlərinin göstərilməsi ilə bağlı məlumatlandırma şərtləri, ödəniş sərəncamının icrası və tərəflərin məsuliyyəti ilə əlaqədar məqamlar ehtiva olunur.
Bununla yanaşı, layihədə ödəniş sistemlərinin təşkili və qaydaları, hesablaşmaların aparılması, lisenziyalaşdırma və qeydiyyata dair tələblər, elektron pul təşkilatları və operatorların müqavilə əsasında fəaliyyəti, ödəniş təşkilatının və elektron pul təşkilatının filial və nümayəndəliyinin açılması ilə bağlı meyarlar əks olunub. Həmçinin burada xarici ödəniş təşkilatının və xarici elektron pul təşkilatının yerli filialının lisenziyalaşdırılması, hesab üzrə məlumat xidməti təchizatçısının reyestrə daxil edilməsi və çıxarılması, nəzarət subyektlərinin rəhbərlərinə qarşı tələblər, dövlət tənzimlənməsi və nəzarəti ilə bağlı məsələlər qeyd edilib.
Ödəniş təşkilatı və elektron pul təşkilatı minimum nizamnamə kapitalına və məcmu kapitala malik olmalıdır. Bundan başqa, sənədə əsasən, ödəniş və elektron pul təşkilatının minimum nizamnamə kapitalına və məcmu kapitalın minimum miqdarına dair tələblər, məcmu kapitalın hesablanması qaydası, habelə strukturu və tərkibi Azərbaycan Mərkəzi Bankının normativ xarakterli aktları ilə müəyyən edilir. Hesab üzrə məlumat xidmətinin göstərilməsi fəaliyyəti ilə müstəsna olaraq məşğul olan ödəniş təşkilatına minimum nizamnamə kapitalı və məcmu kapitalına dair bu Qanunla müəyyən edilmiş tələblər şamil edilmir.
Yeni qanuna əsasən, Azərbaycanda ödəniş xidmətlərinin təchizatçılarına 6 təşkilat aid ediləcək. Bunlar Azərbaycan Mərkəzi Bankı, banklar və xarici bankların yerli filialları, bank olmayan kredit təşkilatları, poçt rabitəsinin milli operatoru, ödəniş və elektron pul təşkilatlarıdır.
Cavid Əkbərov, “İki sahil”
Azərbaycan və Türkiyə enerji layihələrinin icrasını sürətləndirmək barədə razılığa gəlib
Azərbaycan və Slovakiya arasında standartlaşdırma və metrologiya sahəsində əməkdaşlıq güclənir