Azərbaycan Avrasiyanın rəqəmsal mərkəzinə çevrilir. “AzerTelecom” milli internet provayderi genişmiqyaslı “Azerbaijan Digital Hub” proqramını həyata keçirir. Proqram, həmçinin ölkəmizi rəqəmsal xidmətlərin idxalçısından dünya əhalisinin dörddə birini (Yaxın Şərq, Mərkəzi, Cənubi və Cənub-Şərqi Asiya) təşkil edən regionun ən böyük ixracatçısına çevirmək məqsədi daşıyır. Bu proqram Azərbaycanın Qazaxıstan və Türkmənistanla birgə reallaşdırdığı daha böyük “Rəqəmsal İpək Yolu” layihəsi ilə birgə həyata keçirilir. “Rəqəmsal İpək Yolu” layihəsinin həyata keçirilməsi Mərkəzi Asiya, Çin və Avropa ölkələri arasında məlumat ötürülməsini sürətləndirəcək.
Azərbaycan Dövlət proqramlarının köməyi ilə informasiya texnologiyaları sektorunun inkişafına böyük diqqət yetirir. Hökumətin dəstəyi ilə informasiya texnologiyaları (İT) sektorunun inkişafı üçün üç istiqamət - maliyyə texnologiyalarının yaradılması, kibertəhlükəsizliyin təmin edilməsi (Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası 2022-ci ildə yaradılıb) və Azərbaycanda xarici proqramçıların və digər sənaye işçilərinin cəlb edilməsi ilə İT-autsorsinq sahəsinin inkişafı həyata keçirilir. Ehtimal olunur ki, Azərbaycan İT xidmətlərinin autsorsinqi üçün regional mərkəzə çevriləcək. Bu da onun Avrasiya məkanında rolunu gücləndirməyə kömək edəcək.
Azərbaycan dövlət büdcəsindən “AzerSky-2” peykinin buraxılmasına əlavə vəsait ayrılacaq. Dövlət büdcəsində 2023-cü il üçün nəzərdə tutulan vəsaitdən beynəlxalq investisiya və inkişaf fondlarının nizamnamə kapitalında Azərbaycanın payının, o cümlədən “Azərkosmos” ASC-nin nizamnamə kapitalının artırılmasına 297,5 milyon manat vəsait yönəldiləcək.
2023-cü il üçün nəzərdən keçirilən dövlət büdcəsinin xərcləri 36,624 milyard manatdan yuxarıdır. Bu da daha əvvəl təsdiqlənmiş göstəricidən 9,8 faiz çoxdur. Bu ilin dövlət büdcəsinin gəlirləri isə 33,89 milyard manatdan yuxarıdır, daha əvvəl təsdiqlənmiş göstəricidən 10,1 faiz çoxdur. Cari ilin aprel ayında “Azərkosmos” ASC-yə məxsus “AzerSky” Yeri məsafədən zondlama peyki öz missiyasını nəzərdə tutulan istismar müddətindən bir il tez başa vurub. Bundan əvvəl ölkəmizin yeni peykinin orbitə təqribən 2025-2026-ci illərdə buraxılacağı bildirilib.
Ölkəmizdə mobil şəbəkə üzərindən verilənlərin ötürülmə sürəti Mərkəzi Asiya və Qafqaz ölkələrinin göstəricilərindən yüksəkdir. Azərbaycan hökuməti internet xidmətlərinə artan tələbatı qarşılamaq və iqtisadi artımın mühüm dayağı olan rəqəmsal transformasiyanı təmin etmək məqsədilə ölkənin genişzolaqlı infrastrukturunun genişlənməsinə investisiya qoyur.
“Ookla”nın məlumatına əsasən, 2023-cü ilin iyun ayında Azərbaycan mobil şəbəkə üzərindən verilənlərin ötürülmə sürətinə görə 40,39 Mbit/san orta sürətlə 59-cu yer tutaraq Qazaxıstan (68-ci yer), Gürcüstan (74-cü yer), Ermənistan (81-ci yer), Qırğızıstan (82-ci yer) və Özbəkistanı (107-ci yer) geridə qoyub. Azərbaycan 4G texnologiyası sayəsində bu ölkələri qabaqlayır. Bu texnologiyaya investisiyaların qoyulması 4G şəbəkəsində verilənlərin ötürülmə sürətini 2022-ci ilin iyun ayındakı 33,75 Mbit/san-dən 2023-cü ilin iyununda 43,46 Mbit/san-dək artırmağa imkan verib. Eləcə də 4G-nin əlçatanlığı 2022-ci ilin iyununda 73,1 faizdən 2023-cü ilin iyununda 80,5 faizədək artıb.
Dünyada qeyd olunan dövrdə mobil şəbəkə üzərindən giriş və çıxış yükləmələrinin orta sürəti müvafiq olaraq 42,92 və 10,21 Mbit/san olub. Dünyada ən sürətli mobil internet 200,24 Mbit/san olmaqla Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ), ən zəif internet isə 2,38 Mbit/san olmaqla Sudanda qeydə alınıb.
Cavid Əkbərov, “İki sahil”
Azərbaycan və Türkiyə enerji layihələrinin icrasını sürətləndirmək barədə razılığa gəlib
Azərbaycan və Slovakiya arasında standartlaşdırma və metrologiya sahəsində əməkdaşlıq güclənir