Sənayenin inkişafı haqqında
2023-cü ilin yanvar-iyul aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 33,8 milyard manat təşkil etmişdir. Sənaye məhsulunun 80,4 faizi mədənçıxarma, 16,9 faizi emal, 2,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.
Sənayedə qeyri-dövlət sektorunun payı 87,2 faiz olmuşdur. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 92,3 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 7,7 faiz təşkil etmişdir.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 avqust 2023-cü il vəziyyətinə 731,8 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 52,6 milyon manat məbləğində digər məhsullar da mövcud olmuşdur.
Tikintinin əsas göstəriciləri
2023-cü ilin yanvar-iyul aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 82,5 faizini tikinti, yenidənqurma və genişləndirmə, 5,6 faizini əsaslı təmir, 7,1 faizini cari təmir, 4,8 faizini isə sair tikinti işləri təşkil etmişdir.
Ümumi inşaat işlərinin 91,0 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər.
Məhsul bazarı haqqında
2023-cü ilin yanvar-iyul aylarında ticarət dövriyyəsinin həcmi 2022-ci ilin yanvar-iyul aylarlı ilə müqayisədə 4,0 faiz artaraq 17880,6 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz artaraq 10037,2 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 5,2 faiz artaraq 7843,4 milyon manata bərabər olmuşdur. İstehlak məhsullarının 35,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 47,7 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 17,0 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır.
İctimai iaşə
2023-cü ilin yanvar-iyul aylarında ictimai iaşə dövriyyəsinin həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 25,0 faiz artaraq 751,0 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 450,5 milyon manat olmuşdur ki, bu da ümumi dövriyyənin 60,0 faizini təşkil etmişdir.
Ödənişli xidmətlər haqqında
2023-cü ilin yanvar-iyul aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 17,6 faiz artaraq 3713,4 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən əhaliyə 3033,7 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 81,7 faizini təşkil etmişdir.
Əməkhaqqı
2023-cü ilin yanvar-iyun aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 10,5 faiz artaraq 1177,3 manat təşkil etmişdir.
Bakı Şəhər Statistika İdarəsi