15 avqust 2023 00:47
403

Aqroparklar: Həm istehsal, həm emal, həm qablaşdırma, həm də...

Azərbaycanda kənd təsərrüfatının inkişafı məqsədilə həyata keçirilən tədbirlərin bir istiqamətini də aqroparkların yaradılması təşkil edir. Aqropark kənd təsərrüfatı məhsulunun istehsalı, emalı, qablaşdırılması, ondan son məhsulun alınması zəncirinin bütün həlqələrinin bir ərazidə qurulmasıdır. Dövlətimiz tərəfindən aqrar islahatların müasir mərhələsi ilə bağlı qəbul olunan qərarlar, bu sahənin institusional, iqtisadi və texnoloji inkişaf mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində kompleks layihələrin icrası kənd təsərrüfatının keyfiyyətcə yeni inkişaf dövrünə keçməsini şərtləndirib. Bütün bu tədbirlərin nəticəsində isə yerli istehsal potensialı güclənib və ərzaq məhsulları­nın rəqabət qabiliyyətliliyi artıb, həmçinin ərzaq təhlükəsizliyinin dayanıqlılığının təmin olunması və əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəlməsi gerçəkləşib.

Ekspertlərin fikirlərinə görə, aqroparkların təşkilinin davamlı inkişafın təmin edilməsi baxımından bir çox üstünlükləri var. Belə ki, aqroparkda istehsal, emal, logistika, satış qapalı zənciri yaranır və qurumun hər bir komponenti özünüidarə və özünəcavabdehlik prinsipi əsasında fəaliyyət göstərir ki, bu da ortaq problemlər və ümumi maraqlar ətrafında birləşməklə rəqabətqabiliyyətliliyi təmin edir. Həmçinin daxili bazarın yerli məhsullarla təmininə, milli brendlərin, eləcə də ixrac potensialının güclənməsinə, müasir texnologiyaların tətbiqinə şərait yaradır, texnikalardan istifadə əmsalını yüksəldir, bununla da ortaq xərclər minimuma enir. Bunlardan əlavə, istehsalçı ilə emalçı arasında bərabərhüquqlu müqavilə münasibətləri əmələ gəlir, emal müəssisələri potensial gücü ilə işləyir, istehsal prosesində fasiləsizlik təmin olunur, yerli istehsalçılardan məhsulların tədarük olunaraq vahid brend altında satışı reallaşır, ekoloji tarazlıq qorunur, su və torpaq resurslarından səmərəli istifadə olunmaqla onlar mühafizə edilir.

Ənənəvi üsulla həyata keçirilən ərzaq məhsulları istehsalı kənd yerlərində dağınıq şəkildə istifadəni sürətləndirdiyi halda, aqroparkların fəaliyyəti bir ərazini əhatə edir. Bununla da kənd ərazilərində təbii resursların qorunması təmin olunur. Aqroparkların ərazisində məhsul istehsalı üzrə keyfiyyətin idarə edilməsi sistemi və digər nəzarət mexanizmləri istehsal olunan məhsulların qida təhlükəsizliyi standartlarına uyğunluğunu təmin etməyə də imkan yaradır. Beləliklə, sahibkarlığın inkişafı təmin olunur, yeni iş yerləri açılır və regionda istehsal olunan kənd təsərrüfatı və digər ərzaq məhsullarının vahid brend adı altında daxili və xarici bazarlara çıxışına şərait yaranır.

Bir sözlə, Respublikada aqroparkların yaradılması ilə kənd təsərrüfatının inkişafı daha da sürətlənib. Bu, ərzaqlıq buğda istehsalının artımında özünü daha qabarıq büruzə verib. Belə ki, 2021-2022-ci illər ərzində bu təsərrüfatlarda 147 min hektar torpaq sahəsi əkin dövriyyəsinə daxil edilib. Bunun 16,4 min hektarında təkrar əkin aparılıb. Becərilmə zamanı suvarma suyuna qənaət edilməsi və müasir suvarma sistemlərinin tətbiqi diqqət mərkəzində saxlanılıb. Belə yanaşma həmin dövrdə aqroparklarda 156 min ton buğda istehsalının reallaşması ilə nəticələnib.

Cari ildə də respublikada fəaliyyət göstərən aqroparklarda yüksək nəticələr əldə olunub. Məsələn, Qax rayonu üzrə ən yüksək məhsuldarlıq “Qax Aqroparkı”nda qeydə alınıb. Belə ki, builki mövsümdə aqroparkın arpa sahələrinin hər hektarından 36,2 sentner məhsul götürülüb.

Sabirabaddakı “Pilot Aqropark”ın ilk rezidentlərindən olan “Fructus Aqropark” MMC tərəfindən cari ildə 539 hektar sahədə ərzaqlıq buğda, 26 hektar sahədə arpa, 80 hektar sahədə isə pambıq əkini aparılıb. Təsərrüfatda arpa sahəsində biçin işləri artıq yekunlaşıb və biçilən sahənin hər hektarından 4 tondan çox arpa yığılıb. Hazırda ərazidə buğda biçini aparılır və artıq biçilmiş 150 hektar sahənin hər hektarından 4 tondan çox keyfiyyətli buğda əldə edilib.

“Ağcabədi taxıl Aqropark” da fəaliyyəti dövründə yüksək göstəricilər əldə edib. Yeri gəlmişkən, təsərrüfatda sudan səmərəli istifadə etmək üçün ABŞ-dan gətirilən pivot suvarma sistemləri qurulub. Əkin sahələrinin suvarılmasında ən müasir müasir metodlardan istifadə edilib. Pilot suvarma sistemləri elmi və müasir yanaşmaların tətbiqi ilə kənd təsərrüfatı məhsullarının məhsuldarlığının yüksəldilməsinə, maya dəyərinin aşağı salınmasına və eyni zamanda, ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayıb. Eyni zamanda, bu aqroparkda 41-i daimi olmaqla 150 iş yeri yaradılıb. Ötən il aqroparkda buğdanın məhsuldarlığı 50 sentner, arpanın məhsuldarlığı təqribən 60 sentner, pambıqda isə bu göstərici 45 sentner olub. Nəzərə alaq ki, respublikada buğda üzrə orta məhsuldarlıq hektara 31,9 sentner, pambıq üzrə isə 30,92 sentner təşkil edib, o zaman aradakı fərqin kifayət qədər yüksək olduğunu görmək mümkündür.

Bu il 509 hektarda arpa, 587 hektarda buğda əkilib. 690 hektarda da pambıq səpini həyata keçirilib. Buğda biçinindən sonra ikinci məhsul üçün qarğıdalı əkini nəzərdə tutulub. 2023-cü ildə həm də 120 hektar sahədə salınmış badam bağından ilk məhsul yığılacaq.

Nigar Orucova, “İki sahil”