14 avqust 2023 22:12
651

Dünya üçüncüsü

Azərbaycan xurma istehsalı və ixracatında lider ölkəyə çevrilə bilər

Qədim Romada “Diospyros” adlanan xurmanı Şərqdə “ətirli qızıl” sayırdılar. Ətirli və şirin dadlı meyvə minillərdən bəri kulinariya ilə bahəm, təbabətdə istifadə olunur.

Ölkəmizdə becərilən xurma, yəni “Şərq xurması” və ya “Diospyros kaki” əsasən Cənub bölgəsində (Astara, Lənkəran, Masallı), həmçinin Göyçay, Ağdaş, Ağdam, Gəncə, Balakən və Zaqatala rayonlarında becərilir. Şərq xurmasından başqa Azərbaycanda iki növ yabanı xurmaya da rast gəlinir. Bunlar da Qafqaz xurması (“Diospyros lotus”) və Virgin xurması (“Diospyros virginiana”) adlanır.

Ölkəmizdə becərilən şərq xurmasının tərkibində 13-16% qlükoza və fruktoza şəkəri, 0,8%-ə qədər üzvi turşular, aşı maddələri, karotin, C vitamini və yod birləşmələri olduğuna görə onun mühüm müalicəvi əhəmiyyəti vardır. Şərq xurmasını zəiflik, qanazlığı, vitamin azlığı, xroniki mədə-bağırsaq xəstəlikləri zamanı yedikdə çox faydalıdır. O, həzm prosesinin fəaliyyətini artırır, maddələr mübadiləsini nizama salır, həmçinin triotoksikoz, ürək-damar sistemi xəstəliklərinin müalicəsinə yaxşı təsir göstərir.

Azərbaycan dünyanın 3-cü əsas xurma istehsalçısıdır. Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatında bildirilib. Qlobal bazarda əsas xurma tədarükçüləri Çin (3 milyon 429,4 min metrik ton), Cənubi Koreya (200,6 min metrik ton), Azərbaycan (192,4 min metrik ton), Yaponiya (187,9 min metrik ton) və Braziliya (187,9 min metrik ton) olub. Qlobal xurma bazarının 2023-2028-ci illərdə illik 6,16 %-lik artım tempi ilə böyüyüəcəyi gözlənilir. Son nəticədə qlobal xurma bazarının həcmi 2023-cü ildə 0,84 milyard ABŞ dollarından 2028-ci ildə 1,13 milyard ABŞ dolarına yüksələcəyi proqnozlaşdırılır. 2021-ci ildə xurmanın ixrac dəyəri 2018-ci illə müqayisədə 12,7 % artaraq 620,1 milyon ABŞ dollarına yüksəlib.

Bəs Azərbaycanda xurma istehsalı ilə bağlı vəziyyət nə yerdədir.

Ölkəmizdəki xurma istehsalçıları məhsullarını əsasən Rusiya, Ukrayna, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, Slovakiya, Çexiya və bəzi Avropa ölkələrinə ixrac olunur. Ölkənin xurma satışından əldə etdiyi gəlirdə də artım müşahidə olunur. 2022-ci ildə Azərbaycanın xurma ixracatının dəyəri 125,9 milyon ABŞ dolları olub. Rusiyanın Ukraynada başladığı hərbi əməliyyatlar nəticəsində ölkəmizin əsas xurma ixracı bazarlarından olan Ukraynaya satışları faktiki olaraq, dayandırmaq məcburiyyətində qalıb. Azərbaycan hər il Ukraynaya birbaşa olaraq təqribən 28-30 min ton xurma yollayırdı. Bundan başqa, Rusiyaya göndərilən xurma həcminin bir qismi Rostov şəhərinə çatandan sonra yerli şirkətlər Azərbaycan xurmasını satın alaraq Ukraynaya istiqamətləndirirdi. Beləcə, Ukraynaya birbaşa və Rusiya vasitəsilə çatdırılan xurmanın ümumi illik həcmi 60 min tona çatırdı.

Rusiya Federasiyasına qarşı Qərb ölkələrinin tətbiq etdiyi çoxsaylı, genişmiqyaslı və ağır sanksiyaların nəticəsində yerli əhalinin orta statistik alıcılıq qabiliyyətində geriləmə müşahidə olunduğundan, Azərbaycan xurmasının satışlarında da azalma yaşanır. Hazırda ölkəmizdən Rusiyaya sutkada ortalama hesabla 400-500 ton xurma göndərilir. Bu da əhəmiyyətli ixrac həcmi sayıla bilməz. “Ətirli qızıl”dan əldə edilən potensial gəlirlərin azalmasının digər səbəbi ölkədəki xurma istehsalçısı olan fermerlərin suvarma ilə bağlı problemlərlə üzləşməsidir. Belə ki, yerli istehsalçılar hazırda dünyada aqrar sektoru inkişaf etmiş ölkələrdə olduğu kimi, damlama suvarmadan yox, selləmə suvarmadan istifadə edirlər. Selləmə suvarma üçün isə fermerlər yetərli həcmdə su tapmağa çətinlik çəkirlər. Havaların əvvəlcə çox isti, sonra bol yağıntılı keçməsi və sonda yenilənən istilər də təbii ki, məhsul istehsalına ciddi şəkildə, mənfi təsir edib.

Digər tərəfdən xurma istehsalında istifadə olunan gübrələrin, kimyəvi vasitələrin və xüsusilə də zərərvericilərə qarşı preparatların bahalaşması da yerli istehsalçılar üçün problemlər yaradır. Sadalanan məqamlarla yanaşı, Azərbaycanda yerli istehsalçılar üçün bazarlarda ixracla bağlı maraqlı perspektivlər yaranıb. Belə ki, ötən il dünya bazarlarında xurmaya olan tələbat təkliflə müqayisədə üstünlük təşkil etdiyindən bahalaşma yaşanır. Rusiyada azərbaycanlı istehsalçıların satışa çıxardıqları xurmanın qiyməti də təqribən 25-28 faiz artıb.

Beləliklə, əsas səbəb Ukraynada aparılan hərbi əməliyyatlar, Rusiyadan bu ölkəyə xurma daşımalarının dayanması və sanksiyalar nəticəsində Avropa İttifaqı ölkələri ilə müxtəlif xarici dövlətlərin şimal qonşumuza həmin meyvəni satmaq imkanlarını itirmələridir. Məsələn, hər il dünya bazarına təqribən 485-523 min ton xurma çıxaran İspaniyada güclü quraqlıq nəticəsində istehsal və avtomatik olaraq, ixracat səviyyəsi aşağı düşüb. Rusiyanın xurma satışı bazarında əhəmiyyətli yer tutan İspaniya şirkətləri nəticədə mövqelərinin zəifləməsi ilə qarşılaşıblar. Eyni vəziyyət Çin, Braziliya, İsrail və Özbəkistan şirkətlərinin üzləşdiyi proseslərdə də müşahidə olunur.

İlkin mərhələdə Azərbaycan istehsalçılarının müəyyən səbatlı mövqelərə malik Şərqi Avropa ölkələrinə ixracatı artırılmalıdır. Araşdırmaların nəticələrinə görə, İtaliya, Qazaxıstan, Tayland, Kanada, Litva, Latviya, Estoniya, Belarus, Polşa və Böyük Britaniya yerli istehsalçılarımız üçün növbəti mərhələdə ən əlverişli bazarlardır. BMT-nin Ərzaq və Aqrokültür Təşkilatının (FAO) müvafiq reyestrində “0587 – Persimmons” kimi adlandırılan Azərbaycan xurması dünya bazarında 20,25 faizlik yer tutur. Həmin mövqeyi daha da gücləndirmək olar. Ölkəmizdə xurma bağlarının ən azı 1 hektarından 280 sentner məhsul alınarsa, həmin sahədən təqribən 17 min manat mənfəət əldə etmək olar. Belə olan halda rentabellik səviyyəsi 53% təşkil edəcək. Təcrübə göstərir ki, “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nda meyvə və tərəvəz ixracatçılarına 10%-ə qədər təbii itkiləri nəzərə almaqla, yumşalmalar tətbiq olunarsa, bu problem qismən də olsa öz həllini tapmış olar.

Ölkəmiz “ətirli qızıl”ın istehsalı, ixracı və satışı ilə bağlı çox ciddi potensiala malikdir. İqtisadiyyatın qeyri-neft sektorunun önəmli seqmentlərindən birinə çevrilə biləcək xurma istehsalı ilə satışının həcmlərinin artırılması ölkəmizi dünya xurma satıcıları arasında lider etməklə yanaşı, valyuta gəlirlərimizi də əhəmiyyətli dərəcədə artıra bilər.

Cavid Əkbərov, “İki sahil”