16 avqust 2023 01:38
404

İdxalın artması nə üçün zərərlidir

İdxal hər hansı bir məhsul və ya xidmətin onları əldə edən dövlətin ərazisi boyunca qanuni olaraq satmaq üçün bir ölkə daxilində daşınması kimi müəyyən edilir. İdxal bir ölkə daxilində mövcud məhsulların miqdarını şaxələndirir, çünki bu bölgədə müntəzəm olaraq istehsal olunmayan məhsullar əldə etmək mümkündür. Beləliklə, yerli şirkətlərə idxal olunan modellərdən istifadə etmələri üçün stimul verilir və bununla da ticarət və sənaye zonasında daha böyük rəqabət yaranır.

İxrac isə bir ölkənin mənşəyi və istehsal etdiyi məhsulları, onları almaqda maraqlı olan digər bölgələrə satmaqda maraqlı olduğu zaman baş verir və bu da yeni xarici valyuta əldə etməsi səbəbindən eksponent iqtisadi bir fayda gətirir. Bu, təmin etmək və ya satmaq istədikləri malların və ya xidmətlərin daşınmasını asanlaşdıran ticarət razılaşmalarına sahib olduqları müddətdə onları tətbiq edən ölkələrə böyük miqdarda gəlir gətirir.

İdxaldan daha çox ixracat olduğu müddətdə bir ölkənin iqtisadi gəlirinin yaxşı səviyyədə olacağına dair qaydalarla tənzimlənən ticarət balansı mövcuddur. Çünki ixrac gəlir gətirir, idxal isə edilən malların alınması üçün xərclərdir.

Bu ilin birinci yarısında Azərbaycanın idxal etdiyi məhsulların dəyərində kəskin artım müşahidə olunub. Belə ki, bu müddətdə 14 milyard 755 milyon dollarlıq ticarət dövriyyəsinin 35.7 faizini idxal təşkil edib. Bu 2023-cü ilin ilk yarısında 8 milyard 198 milyon dollarlıq idxal deməkdir. 2022-ci ilin ilk yarısında ümumi idxalımız 6 milyard 357 milyon dollar olub. Bu isə o deməkdir ki, bu ilin ilk yarısında ötən ilin uyğun dövrü ilə müqayisədə Azərbaycanın idxalı 22.5 faiz artıb.

İdxal dəyərinin artmasında işğaldan azad olunan ərazilərimizin bərpa və yenidən qurulması prosesinin xüsusi payı olsa belə, xaricdən daha çox məhsul gətirməyimiz valyuta axını baxımdan arzuolunan deyil. İdxal ölkədən valyutanın çıxması anlamına gəlir. Bu, eyni zamanda istehlak bazarında idxal inflyasiyasını da sürətləndirir. Rəsmi qiymətləndirmələrə görə, 12.2 faiz illik inflyasiyanın cəmi 3 faiz bəndi daxili tələbdən formalaşır. Digər hissəsi daha çox idxaldan asılılıqla bağlıdır. Bu baxımdan da idxalın optimallaşdırılması sadəcə valyutanın ölkədən çıxışının azaldılması deyil, həmçinin istehlak bazarındakı qiymətlərə təsirinin minimumlaşdırılması aspektindən də vacibdir.

İdxalın artım stukturuna diqqət yetirəndə bir sıra dəyişikliklər diqqəti cəlb edir. Bu müddətdə mal əti idxalı 2.6 dəfə, siqaretlər 34,5 faiz, məişət soyuducuları 68,6 faiz, minik avtomobilləri 38,8 faiz, buğda 23,1 faiz, dərman vasitələri 5,5 faiz, unlu qənnadı məmulatları 5,1 faiz, şokolad və şokolad məhsulları 2,6 faiz artmışdır. Xüsusən mal əti idxalının kəskin artımı diqqətdən yayınmamalıdır.

Bütövlükdə, idxalın optimallaşdırılması iqtisadi siyasətdə əsas prioritet hədəflərdən olaraq qalmalıdır. Son qlobal və regional dəyişikliklər bir daha təsdiq edir ki, istehlak bazarında idxaldan asılılığın minimumlaşdırılması həmçinin ərzaq təminatı və təhlükəsizliyi baxımdan da vacibdir.

Cavid Əkbərov, “İki sahil”