Rubl “çökməkdə” davam edir. Artıq Rusiya rublunun dollara nisbətən məzənnəsi psixoloji həddən aşağı düşüb. Hazırda 1 dollar almaq üçün 100 rubldan çox vəsait ödəmək lazımdır. Son 2 ayda 22 faiz dəyər itirən rubl 2023-cü ildə 35 faizə yaxın ucuzlaşıb. Bu, o deməkdir ki, cari ildə rubl ilə yığım edənlərin pulu real ifadədə dəyərinin 1/3-dən çoxunu itirib.
Rusiyanın enerji gəlirlərində də kəskin azalmalar qeydə alınmaqdadır. Beynəlxalq Enerji Akademiyasının məlumatına görə, bu ilin birinci yarısında Rusiyanın neft ixracatı 120.4 milyard dollardan 77.4 milyard dollaradək azalıb. Bu, o deməkdir ki, Rusiyanın neft gəlirlərində 65 faiz azalma var. Ümumi ixracatdakı azalmalar rubla təzyiqi daha da artırıb.
Rublun kəskin ucuzlaşmasının Azərbaycana təsirlərinə gəldikdə isə qeyd etmək lazımdır ki, bu ilin ilk yarısında ölkəmizin 14 milyard 755 milyon dollarlıq ixracatının cəmi 3.5 faizi Rusiyanın payına düşüb. Deməli, ixrac yolu ilə ölkəyə daxil olan valyutanın strukturunda Rusiyanın payı olduqca azdır. Azərbaycanın 22 milyard 953 milyon dollarlıq ticarət dövriyyəsinin isə cəmi 8.3 faizini Rusiya formalaşdırıb. Bu baxımdan, rublun ucuzlaşmasının Azərbaycana daxil olan valyutanın həcmi xüsusi təsirləri olmasa belə, Rusiyadan ölkəmizə göndərilən remitensinin (bir ölkədən digərinə göndərilən vəsait) həcminə təsirsiz ötüşməyəcək. Rusiyada iqtisadi çətinliklər Azərbaycana göndərilən remitensilərin həcmini azalda bilər.
Digər tərəfdən, rublun ucuzlaşmasının valyuta bazarımıza psixoloji təsirlərini də diqqətdən qaçırmaq olmaz. Bununla belə, rubl daxil olmaqla bir sıra tərəfdaş ölkə valyutalarının zəifləməsi manatın nominal effektiv məzənnəsini daha da möhkəmləndirir. Bu da qeyri-neft ixracatımıza təsirsiz ötüşməyə bilər. Rusiyada fəaliyyətini davam etdirən azərbaycanlı iş adamlarının da həm yığımlarını, həm də sərmayə qoyuluşlarını şaxələndirmələri çox vacibdir. Rusiya iqtisadiyyatı artıq yeni mərhələyə qədəm qoyub. Bu da ondan bütün qonşularından daha yaxşı hazırlıqlar tələb edir.
Bütün bu proseslərin fonunda Azərbaycanın qeyri-neft ixracatında qardaş Türkiyə ilə Rusiyanın payı arasındakı fərq azalmaqdadır. Belə ki, bu ilin birinci yarısında ümumi qeyri-neft ixracatının 31.1 faizi Rusiyanın payına düşdüyü halda Türkiyə 28.9 faizə sahib olub. Göründüyü kimi, sözügedən ölkələrin qeyri-neft ixracatında payı arasındakı fərq cüzidir. Bu, həmçinin o deməkdir ki, ümumi artım tendensiyasında kordinal dəyişikliklər olmayacağı halda 2023-cü ildə Türkiyə Azərbaycanın əsas qeyri-neft ixrac tərəfdaşına çevrilə bilər. Bu tərəfdaşlıqda ilk beşliyi Gürcüstan (10,2 faiz), İsveçrə (3,9 faiz) və Qazaxıstan (3,3 faiz) qapayırlar.
Bütövlükdə, həmin müddətdə qeyri-neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20,6 faiz artaraq 1 milyard 773 milyon dollara çatıb. Son 3 ildə qeyri-neft ixracatında illik artım tendensiyası qorunub saxlanılıb. Bu il neftdən kənar ixracatın 3.5 milyard dollara yaxınlaşacağı gözlənilir. Digər tərəfdən, bu müddətdə ümumi ixracatın həcmi 14 milyard 755 milyon dollar olub. Qeyri-neft ixracatı həcminin artmasına baxmayaraq, ümumi ixracatda payı hələ də yüksək deyil. Bu isə o deməkdir ki, iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı islahatların daha da dərinləşdirilməsi prioritetliyini qoruyub saxlamaqdadır.
Cavid Əkbərov, “İki sahil”