Özünü sosial dövlət elan edən Azərbaycanda həyata keçirilən bütün layihələrin mərkəzində məhz insan amili durur
1999-cu ilin dekabrında Azərbaycan nefti ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarıldı. Bu neftin satışından əldə edilən valyuta Ümummilli Lider Heydər Əliyev tərəfindən yaradılmış Azərbaycan Respublikası Dövlət Neft Fonduna daxil edildi. Həmin vaxtdan etibarən bu Fondun vəsaitlərindən istifadə edilməklə görülən bütün tədbirlər qeyri-neft sektorunun inkişafına xidmət edir.
“Azərbaycanın ən böyük sərvəti onun insan kapitalıdır.” Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dilindən səsləndirilmiş bu fikir Azərbaycanın dövlət siyasətinin əsas prioritetini təşkil edir. Özünü sosial dövlət elan edən ölkəmizdə həyata keçirilən bütün layihələrin mərkəzində məhz insan amili durur. Təsadüfi deyil ki, Azərbaycanın dövlət büdcəsinin böyük bir hissəsini neftdən əldə edilən gəlirlər təşkil edir. Lakin qeyri-neft sektorunun inkişafı dövlətimizin ən vacib iqtisadi prioritetlərindəndir. Neftdən əldə edilən gəlirin qeyri-neft sektorunun inkişafına yönəldilməsi iqtisadiyyatın dinamik inkişafını təmin edir.
Bütün sahələrdə, ilk növbədə, başda informasiya texnologiyaları, innovasiyalar olmaqla, neftdən əldə edilən gəlirlə sərmayə qoyuluşunun şahidi oluruq. Həmçinin bir istiqamət - neft sahəsində çalışan kadrların hazırlanmasına sərmayə qoyuluşu məsələsi xüsusilə qeyd edilməlidir. Prezident İlham Əliyevin təsdiq etdiyi Milli Təhlükəsizlik Konsepsiyasında ölkəmizin təhlükəsizliyini təhdid edən hallar sırasında peşəkar insan ehtiyatlarının çatışmazlığı xüsusilə vurğulanmışdır. Konsepsiyaya görə, peşəkar milli işçi qüvvəsinin və idarəetmə sektorunun inkişafı üçün zəruri olan bütün səviyyələrdə təlim və tədrisin təmin edilməsinə qadir olan mütərəqqi təhsil sisteminin inkişafı və idarəetmədə uğursuzluq Azərbaycanın inkişafına uzaq perspektivdə mənfi təsir göstərə bilər. Bu təhlükənin aradan qaldırılması istiqamətində görülən işlər arasında neft sənayesində milli kadrların hazırlanması məsələsi mühüm rol oynayır.
Bu sahədə uzun illər fəaliyyət göstərən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rolunu danmaq olmaz. Lakin bununla bərabər, yeni yaradılmış Bakı Ali Neft Məktəbinin də yeni çağırışlara cavab verən müasir milli kadrların hazırlanmasında böyük rolu var. Ümumillikdə, qeyri-neft sektorunun inkişafını təmin edən amillər neft kapitalının insan kapitalına çevrilməsi, təhsilin, mədəniyyətin və idmanın inkişafına yönəlik layihələr, həmçinin infrastruktur və nəqliyyat daşımaları layihələridir.
Nəhayət, neft strategiyasının əsas prioritetlərindən biri kimi məhz ümumilikdə qeyri-neft sektorunun inkişafı və eyni zamanda əsas diqqətçəkən istiqamətlərdən biri olan alternativ enerji mənbələrinin inkişafını da dövlətimiz diqqət mərkəzində saxlayır. İqtisadiyyatın rentabelliyi və dayanıqlığı baxımından alternativ enerji mənbələri son dövrlər bizim regionda da aktuallıq qazanıb. Həmin enerji növü qaynaqlarının təbiət olması bu sahənin səciyyəvi xüsusiyyətidir. Ümumiyyətlə, deyə bilərik ki, son illərdə aparılmış islahatların bir hissəsi bərpa olunan enerji istehsalı ilə bağlıdır. Bu sahədə bir sıra təşəbbüslər uğurla reallaşdırılıb və bərpa olunan energetika sahəsi son dövrlərdə yaşıl iqtisadiyyatın inkişafında önəmli yer alıb.
Bu gün xarici şirkətlərlə yeni layihələrin imzalanması bu sahədə atılan ciddi addımlardan biridir. Məsələn, işğaldan azad edilmiş regionlarımızın bərpasında alternativ enerji mənbələrinin istismara verilməsində məşhur olan “ACWA Power” və “Masdar” şirkətləri ilə 500 milyon dollarlıq müqavilə bağlanması dövlətimizin bu sahənin inkişafında maraqlı olduğunu göstərir. Bu müqavilələr Azərbaycana sərmayə yatırılmasını nəzərdə tutur. Bu da ilk növbədə milli iqtisadiyyatımıza stimul verəcək, ölkəmizin enerji dayanıqlığını təmin edəcək.
Bu sahənin inkişafını şərtləndirmək üçün Milli Məclisdə bir neçə yeni qanun da qəbul edilib. Elə ötən yaz sessiyasında “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Qanun qəbul edilib. Qarşıdakı əsas hədəf odur ki, bu sahənin inkişaf perspektivləri möhkəm təməllər üzərində qurulsun və inkişaf etdirilsin.
Cavid Əkbərov, “İki sahil”