21 avqust 2023 23:47
367

Doğum günündə Vətən müharibəsi şəhidinin xatirəsi anılıb FOTO

Avqust  ayının 21-də Biləsuvar rayon Çaylı kəndində Vətən müharibəsinin şəhidi Məmişli Sahil Ağaverdi oğlunun anadan olmasının 32-ci ildönümü münasibətilə ata yurdunda mərasim təşkil edilmişdir. Mərasimdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, partiya fəalları, Şəhid valideyinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

“İki sahil” xəbər verir ki,  ziyarətçilər şəhidin ailə üzvləri ilə görüşərək, şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi xidmətindən və şücaətindən bəhs ediblər. Yeni Azərbaycan Partiyasının sədri, Respublikamızın Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabrın 27-də başlanan və 44 gündə qələbə ilə başa çatan Vətən Müharibəsinin tarixi əhəmiyyətindən danışaraq, Sahilin və bütün şəhidlərimizin qanının yerdə qalmadığını diqqətə çatdırıblar.

Daha sonra kənd qəbirstanlığında şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

Məlumat üçün bildirək ki, Azərbaycan Ordusunun giziri olmuş şəhid Məmişli Sahil Ağaverdi oğlu 21 avqust 1991- ci ildə Biləsuvar rayonun Çaylı kəndində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak edib, şücaət göstərib və Şuşa şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.12 noyabr 2020-ci il tarixində Biləsuvar rayonunun Çaylı kəndində dəfn olunub.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən  şəhid Məmişli Sahil Ağaverdi oğlu ölümündən sonra  “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!