16 iyul 2026 23:37
163

 Şəhid anasına ehtiram

Vətənimizin qeyrətli, mətin oğulları 44 günlük haqq savaşımızda  yağını darmadağın edərək  şanlı qələbə qazandılar. Beləliklə 30 il düşmən tapdağında olan əzəli  yurd yerimiz-Qarabağ azadlığa qovuşdu, xalqımızın mənliyi, kimliyi bir daha bütün dünyaya bəlli oldu.  Bu müqəddəs şərəfli mübarizə yolunda  qan töküb qazanılan qələbəmizin mərdlik, qəhrəmanlıq simvoluna çevrilən oğullardan biri də Şuşa fatehi şəhid Kamran Seyfullazadədir. Ömrünün  21-ci ilində canını Vətəninə fəda edən, adını Azərbaycanın yeni, şərəfli tarixinə yazan Kamran Astara şəhərində boya-başa çatıb. Ailədə iki övlad-bir qardaş, bir bacı olublar.

Kamran Seyfullazadə İkinci Qarabağ müharibəsinə könüllü gedib.  O ,Xüsusi Təyinatlıların tərkibində    Fizuli, Hadrud, Cəbrayıl, Xocavəndin azadlığı uğrunda  haqq savaşımızda misilsiz hünər göstərib, Şuşaya  qədər yağının kabusuna çevrilib. Son dəfə müharibə meydanına Şuşada noyabrın 4-də girib. Şəhid olan döyüş yoldaşının da silahını götürüb iki silahla  erməni dığalarına qan qusdurub. Təəssüf ki, özü də qəfil atılan güllənin qurbanı olub. Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Füzulinin, Xocavəndin, Şuşanın azadlığına görə medalları ilə təltif olunub.

Ölümsüzlüyə qovuşan qəhrəman Kamranın anası  Ruhiyyə xanım hazırda Astara şəhərində yaşayır.  El-obada kiçik də, böyük də onun xətrini əziz tutur. Qəhrəman  oğul böyütdüyünə görə hamı Ruhiyyə ananın adını qürurla çəkir. İnsanın həyatda ləyaqətlə, şərəflə yaşaması üçün  bütün ilahi dəyərlər onun xarakterində cəm olunub. Ruhiyyə  ananın  doğum günündə rayon rəsmiləri, qohum-qonşu onun halal ailə ocağına toplanmışdı.   

Ruhiyyə ananı səmimi qəlbdən təbrik edən ziyarətçilər onu da bildirdilər ki,  oğlun Kamran nəinki bu ailənin, bütün Vətən üçün əzizdir.  Siz Kamran kimi oğul anası olmaqla bizə şərəfsiniz.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü