Hazırda Azərbaycanda regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı dördüncü Dövlət Proqramının icrası həyata keçirilir. 2019-2023-cü illəri əhatə edən Regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində xeyli işlər görülüb.
Sözün həqiqi mənasında respublikada regionları sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası nəticəsində ölkəmizdə makroiqtisadi sabitlik təmin edilib, iqtisadi artım prosesləri sürətlənib və iqtisadiyyatın dayanıqlı inkişafı yeni mərhələyə daxil olub.
Belə ki, regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramları çərçivəsində minlərlə məktəb, yüzlərlə uşaq bağçası və tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilib. Dövlət proqramları çərçivəsində ölkənin on bölgəsində sənaye zonalarının yaradılması sənayeləşmə prosesinə təkan verib. Ümumilikdə, sənaye zonalarında rezidentlər tərəfindən milyardlarla manat investisiya yatırılıb və on minlərlə yeni iş yeri yaradılıb. Bundan başqa, kənd təsərrüfatının subsidiyalaşdırılması və vergilərdən azad edilməsi, texnika və gübrələrin güzəştli şərtlərlə verilməsi, investisiyalar və ixracın təşviqi, digər dövlət dəstəyi mexanizmləri regional inkişafın sürətləndirilməsində mühüm rol oynayır. Bu inkişafın daha bir göstəricisi regionlar üzrə vergi daxilolmalarının artmasıdır. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası nəticəsində bölgələrdə ənənəvi fəaliyyət sahəsi olan pambıqçılıq, tütünçülük, arıçılıq, baramaçılıq kimi sahələrin inkişafı təmin edilib. Hazırda işğaldan azad edilməş ərazilərdə sürətli tikinti-quruculuq işləri aparılır. Qarşıya qoyulan əsas məqsəd yerli resurslardan istifadə etməklə yeni infrastrukrutun və sənaye sahələrinin yaradılmasından ibarətdir. Heç şübhəsiz ki, görülən işlər nəticəsində ölkə iqtisadiyyatının sürətli inkişafına və yeni iş yerlərinin yaradılmasına nail olunacaq.
Təsadüfi deyil ki, ölkə başçısı keçən il və bu ilin ilk yarısında rayonlara səfəri çərçivəsində 200-dən çox obyektin– istehsal müəssisələri, yollar, elektrik təchizatı obyektləri, su təchizatı layihələri, səhiyyə və təhsil müəssisələrinin açılış mərasimlərində iştirak edib, müvafiq məsələlərlə bağlı tapşırıq və tövsiyələrini verib. Bundan başqa, dövlətimizin başçısı tərəfindən həmin müddətdə müxtəlif rayon və şəhərlərin sosial-iqtisadi inkişafı, həmçinin bəzi mühüm layihələrin icrası istiqamətində dövlət büdcəsində nəzərdə tutulmuş əsaslı vəsait qoyuluşu, eyni zamanda, Prezidentin Ehtiyat Fondundan ümumilikdə 208,1 milyon manat vəsaitin ayrılması ilə bağlı 44 Sərəncam imzalanıb.
Dövlət proqramı çərçivəsində regionlarda sənayeləşmə siyasətinə uyğun olaraq sənaye parkları və məhəllələrinin fəaliyyətinin təşkili və genişləndirilməsi istiqamətində işlər indiyədək uğurla davam etdirilib. 7 sənaye parkının–Sumqayıt Kimya, Qaradağ, Pirallahı, Mingəçevir, Balaxanı, Ağdam və Cəbrayıl rayonunda yerləşən “Araz vadisi İqtisadi Zonası” sənaye parklarının və 5 sənaye məhəlləsinin– Hacıqabul, Masallı, Neftçala, Sabirabad və Şərur sənaye məhəllələrinin səmərəli fəaliyəti təmin olunub. Həmin kompleks müəssisələrdə sahibkarlığın müasir dünya təcrübəsi əsasında inkişafı üçün əlverişli investisiya mühiti formalaşdırılıb. Sənaye parkları və məhəllələrinin rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnika, texnoloji avadanlıq və qurğular isə ƏDV-dən və gömrük rüsumlarından azad olunub. İndiyədək sənaye zonalarında rezidentlik statusu verilən 134 sahibkarlıq subyektinin artıq 68-i fəaliyyətə başlayıb. Bu komplekslərə indiyədək 6,56 milyard manatdan çox investisiya yatırılıb və 10 min 600-dən çox daimi iş yeri yaradılıb.
İş yerlərinin yaradılmasından söhbət düşmüşkən, xatırladaq ki, cari ilin altı ayı ərzində ölkədə 38,9 min yeni iş yerləri açılıb. Bu dövrdə yaradılmış iş yerlərinin 9,1 faizi yeni yaradılan müəssisələrin, 90,1 faizi mövcud qurumların, 0,5 faizi fəaliyyəti bərpaolunan təşkilatların payına düşüb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən müddətdə sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq, ölkəmizdə sahibkarlığın genişləndirilməsi və iqtisadiyyatda rolunun artırılması, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması tədbirləri davamlı şəkildə həyata keçirilib. Respublikada real sektora özəl investisiyaların cəlbini gücləndirmək məqsədilə dövlətimizin başçısının 2016-cı il 18 yanvar tarixli Fərmanı ilə təsdiqlənən “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”na əsasən, həmin sənədinin verilməsi davam etdirilib. Təkcə ötən il ərzində 49 sahibkarlıq subyektinə 50 investisiya təşviqi sənədi təqdim olunub. Bunun nəticəsində yerli istehsala 665 milyon manat investisiyanın yatırılması və 2323 yeni iş yerinin açılması nəzərdə tutulub.
İnvestisiya təşviqi sənədini alan hüquqi şəxslərə və fərdi sahibkarlara 77 milyon dollar dəyərində texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün 630 təsdiqedici sənəd verilib.
Nigar Orucova, “İki sahil”