Bəs Ermənistan?!
Son illərdə Prezident İlham Əliyev aparıcı dövlətlərin rəhbərləri ilə görüşlərində, nüfuzlu beynəlxalq təşkilatların mötəbər tədbirlərində Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində status-kvonun saxlanması cəhdlərinin yolverilməzliyini dönə-dönə vurğulayır, problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində çözülməsinin vacibliyini bildirirdi. Dövlətimizin başçısı, eyni zamanda, münaqişənin sülh yolu ilə həlli missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsədrlərinə, həmçinin işğalçı Ermənistanın “nazı ilə oynayan”, hətta əksər hallarda təcavüzkarın “başını sığallayan” digər beynəlxalq təşkilatlara, dünya güclərinə mesajlarını da təxminən bu şəkildə çatdırırdı: Azərbaycan xalqının səbri, dözümü hüdudsuz deyil. Həm də bugünkü Azərbaycan torpaqlarının işğalı prosesinin başlandığı 25 il bundan əvvəlki Azərbaycan deyil. Azərbaycan xalqı öz əzəli torpağı olan Qarabağın itirilməsi ilə heç vaxt barışmayacaq . Bu gün ölkəmiz güclü orduya malikdir və Silahlı Qüvvələrimiz sülh danışıqlarının səmərə verməyəcəyi təqdirdə istənilən an öz tarixi torpaqlarını işğalçılardan təmizləmək qüdrətindədir.
Bu mübarizə əzmini, bu hərbi qüdrəti nümayiş etdirmək üçün çox vaxt tələb olunmadı. 2016-cı il aprelin 2-dən 5-dək Ermənistan silahlı qüvvələrinin növbəti təxribat əməlləri nəticəsində qoşunların təmas xəttində cərəyan edən hadisələr Azərbaycan liderinin bu müdrik fikirlərinin reallığa əsaslandığını, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində xalqımızın və dövlətimizin birmənalı mövqeyini ifadə etdiyini tamamilə sübut etdi. Müzəffər Ordumuzun qısa müddətdə cəbhə xəttində əldə etdiyi uğurlar Ermənistandakı bugünkü cinayətkar rejimin bir neçə qarışlıq boyundan yekə danışmaqda pərgar olan başçısı, hərbi cani Serj Sarkisyanın dəfələrlə “atəşkəsin ciddi şəkildə pozulacağı təqdirdə Bakıya kimi gedəcəyik” kimi sərsəm bəyanatlarını bir daha puça çıxardı.
Son hadisələr bugünkü Azərbaycanın işğalçı Ermənistanın hərbi təcavüzünün sistemli xarakter aldığı, orduda (əgər ona “ordu” demək olardısa) xaosun, anarxiyanın, başıpozuqluğun, xəyanətin, igid, vətənpərvər Vətən oğullarının arxadan xaincəsinə güllələndiyinin, vahid komandansızlığın, siyasi həyatda hakimiyyət uğrunda amansız mübarizənin hökm sürdüyü təxminən 25 il bundan əvvəlki Azərbaycan olmadığını ortaya qoydu. Bu hadisələr həm də Dağlıq Qarabağda və ətraf bölgələrdə yaşayan azərbaycanlıların 25 il bundan əvvəl o zamankı hakimiyyətə, ayrı-ayrı pərakəndə silahlı dəstələrə (bu sözlərlə qətiyyən o zaman Qarabağ uğrunda sinəsini sipər edib şəhidlik zirvəsinə yüksələn və əlil olan qəhrəman soydaşlarımızın igidliyinə kölgə salmaq fikrində deyiləm. Allah onların hər birinə rəhmət eləsin, qalanlara da cansağlığı versin) inamsızlıq ucbatından yaxınlıqda bir mərmi partlayan kimi doğma yurd-yuvasından pərən-pərən düşən azərbaycanlılar olmadığını da bütün dünyaya göstərdi. Proseslər bir daha göstərdi ki, növbəti hərbi təxribat zamanı ən müasir silahlardan istifadə edən yağı düşmənin atdığı toplar, mərmilər 25 ildən artıqdır ki, erməni quldurları üz-üzə dayanan qarabağlıları qorxutmaq, insanlarımız arasında vahimə yaratmaq gücündə deyil. Düşmənin təmas xəttində törətdiyi təxribatlar zamanı Milli Ordumuzun hər an xalqın yekdil dəstəyini hiss etməsi, dövlət-xalq-ordu birliyinin indiyədək görünməmiş səviyyəyə çatması eyni zamanda belə bir reallığı tam gücü ilə ortaya qoydu ki, artıq müstəqilliyin şirinliyini dadmış xalqımız 25 il əvvəlkindən fərqli olaraq nəinki bir qarış torpağımızı düşmənə güzəşt etmək niyyətində deyil, əksinə, tarixi ədalətsizliyi bərpa etmək, keçən əsrdə itirilmiş ərazilərimizi belə geri qaytarmaq əzmindədir.
Azərbaycan Ordusunun uğurlu əməliyyatlar apararaq bir sıra mühüm strateji yüksəklikləri və yaşayış məntəqələrini ələ keçirməsi, qarşı tərəfdə hökm sürən pessimist əhval-ruhiyyə, atəşi dayandırmaq üçün üstümüzə az qala dünyanın hər yerindən minnətçilər salması, Azərbaycana yalvararaq qarşımızda diz çökmək həddinə çatması, dünya birliyinin münaqişəyə münasibətində. əgər belə demək mümkündürsə, inqilabi dəyişikliyin özünü göstərməsi daha bir vacib faktoru ortaya çıxardı. Məlum oldu ki, heç Ermənistan da 25 il bundan əvvəlki Ermənistan, bugünkü dünya da 25 il bundan əvvəlki dünya deyil. Yaşlı və orta nəslin nümayəndələri o vaxtlar hələ keçmiş SSRİ-nin tərkibində olan bədnam qonşularımızın 28 il bundan əvvəl onunla eyni İttifaqda təmsil olunan Azərbaycana qarşı hərbi təcavüzlə müşayiət edilən ərazi iddiaları irəli sürərkən hansı ovqatda olduqlarını yaxşı xatırlayırlar. 1988-ci ilin soyuq fevral günlərində SSRİ-nin tərkibində ola-ola xarici ölkələrdəki erməni diasporundan və çoxsaylı lobbi təşkilatlarından aldıqları maddi və mənəvi dəstək hesabına “ana Ermənistan”a qovuşmaq niyyəti ilə Xankəndinin küçə və meydanlarına çıxaraq “Miatsum!” bağırtıları ilə dünyaya səs salan ermənilər xam xəyallarla yaşayırdılar. O zaman dünya birliyinin birmənalı olaraq onların mövqeyini müdafiə etməsi, İrəvanda Ermənistanın digər şəhər və rayonlarında da analoji mitinqlərin ara verməsi daşnakları daha da ruhlandırmışdı. “Ermənilik xəstəliyi”nə tutulan, ermənipərəst sovet rəhbərliyinin, xüsusilə bədnam Mixail Qorbaçovun dəstəyindən “ilham alan” bu binəvalar guya azərbaycanlıların onların hüquq və azadlıqlarını tapdaladıqlarını bütün dünyaya bəyan edir, separatçılıq hərəkatının önündə gedən koçaryanların, sarkisyanların, petrosyanların, qukasyanların... onları xoş günə çıxaracaqlarını düşünürdülər. İlk baxışdan elə görünə bilərdi ki, həqiqətən Dağlıq Qarabağ erməniləri ağ günə çıxıblar. Zarafat deyildi, 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində SSRİ-nin süqutu prosesinin yaratdığı münbit tarixi şəraitdən, həmin dövrdə respublikamızda baş alıb gedən hakimiyyət uğrunda mübarizədən, xaos, anarxiya, başıpozuqluq mühitindən məharətlə yararlanan xain daşnaklar havadarlarının dəstəyi ilə Azərbaycandan istədiklərindən də artıq torpaq qopara bilmişdilər. Şübhəsiz, ermənilərə öz alçaq niyyətlərini belə asanlıqla reallaşdırmaqda o zamankı tarixi şərait, ən başlıcası isə nəhəng dövlətlərin və nüfuzlu beynəlxalq təşkilatların hərtərəfli dəstəyi də az rol oynamamışdı.
Lakin son hadisələr göstərdi ki, nə Ermənistan, nə də bir vaxtlar ermənilərin “timsah göz yaşlarına” inanıb onların “azərbaycanlıların təcavüzünə məruz qalmasına” inanaraq Qarabağın işğalına “yaşıl işıq” yandıran dünya gücləri 25 il bundan əvvəlkilər deyil. Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində bu il aprelin əvvəllərində işğalçı dövlətin təxribatları ucbatından baş verən hadisələrdən ötən qısa müddətdə həm Ermənistan cəmiyyətində hökm sürən pessimist əhval-ruhiyyə, həm də münaqişənin alovlanmasının ilk dövrlərindən fərqli olaraq beynəlxalq ictimaiyyətin demək olar ki, birmənalı alaraq təcavüzə məruz qalmış Azərbaycanın mövqeyini müdafiə etməsi belə bir qəti qənaətə gəlməyə tam əsas verir.
Yeri gəlmişkən, bu gün Azərbaycana qarşı ərazi iddialarından əl çəkmək istəməyən erməni daşnaklarına Dağlıq Qarabağın işğalının baş memarlarından biri, Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanın təxminən 20 il bundan əvvəl münaqişənin həlli ilə bağlı söylədiyi və onun hakimiyyətdən salınmasına təkan verən bu fikirlərini bir daha xatırlatmaq yerinə düşərdi: “Bu gün Azərbaycanın şərtləri ilə razılaşmalıyıq. Əks təqdirdə Azərbaycan neft pulları hesabına getdikcə güclənəcək və vaxt gələcək biz onlardan bu gün verdiklərini yalvarsaq da ala bilməyəcəyik”. Deyəsən, axı, artıq Ter-Petrosyanın dediyi vaxt gəlib çatıb... Elə deyilmi?!
Əhməd Qurbanoğlu, “İki sahil”