25 avqust 2023 02:56
435

Yaşıl enerji: Yeni hədəflərə doğru

Azərbaycanın bərpa olunan enerji mənbələrindən geniş şəkildə istifadə etmək planları ölkəmizin müasirləşdirilməsi strategiyasına tam uyğundur. İndiyədək Prezident İlham Əliyevin imzaladığı Fərman və sərəncamlarla ölkəmizdə bərpa olunan enerji mənbələrindən səmərəli şəkildə istifadə olunmasına geniş imkanlar yaradan möhkəm hüquqi baza formalaşdırılıb. Azərbaycan bərpa olunan enerji sektorunun inkişafını özünün perspektivlə bağlı əsas prioritetlərindən biri kimi müəyyənləşdirib. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycan 2030”: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də respublikamızda yaşıl enerji istehsalının genişləndirilməsi mühüm yer tutub. Bu prioritet üzrə yeni strateji dövrdə yüksək keyfiyyətli ekoloji mühitin və yaşıl enerji məkanının yaradılması kimi iki məqsədin effektiv reallaşdırılmasına nail olunması nəzərdə tutulub. Bütövlükdə, respublikamızda 2030-cu ilə qədər elektrik enerjisinin istehsal gücündə bərpa olunan enerji mənbələrinin payının 30%-ə çatdırılması hədəflənib.

Bu məqsədin reallaşması üçün Xəzər dənizinin Azərbaycan sektorunda təsdiqlənmiş 157 QV, quruda isə 135 QV külək enerjisi potensialı, ümumilikdə 290 QV-dan çox bərpa olunan enerji ehtiyatı var. Bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları da alternativ və bərpa olunan enerji mənbələri ilə diqqət çəkir. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyevin azad edilən yaşayış sahələri ilə bağlı müəyyənləşdirdiyi iqtisadi inkişaf kursunda həmin iqtisadi ərazilərin yaşıl enerji zonasına çevrilməsi əsas istiqamətlərdən biri hesab olunur.

İşğaldan azad olunmuş ərazilərdə 4 min MVt-dan artıq günəş, 500 MVt-dək külək enerjisi potensialının mövcud olmasına görə aparılan quruculuq işlərində məhz yaşıl enerji layihələrinə üstünlük verilir. Eyni zamanda, Qarabağ Azərbaycanda yerli su ehtiyatlarının formalaşdığı əsas iqtisadi rayonlardan biridir.

Regiondakı digər mühüm enerji obyektləri Cəbrayıl rayonu ərazisində, Araz çayı üzərində inşası hazırda davam etdirilən və qoyuluş gücü 200 MVt olan “Xudafərin” və 80 MVt olan “Qız Qalası” su elektrik stansiyalarıdır. Hər iki su elektrik stansiyasının  inşasının 2-2,5 il ərzində yekunlaşdırılması nəzərdə tutulur.

“AzərEnerji” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən işğaldan azad edilən ərazilərdə 2020-2023-cü illər ərzində 11 yenidən qurulan və bərpa edilən kiçik su elektrik stansiyasında (SES) indiyədək, ümumilikdə, 110 milyon kilovat/saat (kVts) yaşıl enerji istehsal olunub. Kəlbəcər, Laçın və Zəngilan rayonlarında 7 SES-in tikintisinin yaxın aylarda yekunlaşacağı planlaşdırılıb. Yaxın günlərdə isə Kəlbəcər və Laçında daha 9 SES-in qurulmasına başlanılıb.

Mütəxəssislərin bildirdiklərinə görə, hər bir SES-də çayın 50 faizinin təminatı nəzərə alınır. Başqa sözlə, ekoloji normanın saxlanılması üçün derivasiya boruları çayın axını ilə paralel quraşdırılır və həmin borulardan çıxan su da təkrar çaya buraxılır. Bütün yerlərdə su ehtiyatlarından səmərəli istifadə olunması, daşqınların qarşısının alınması və su itkisinə yol verilməməsi üçün çayın məcrasına uyğun idarə olunan su qəbulediciləri tikilir. Çayda ekoloji axını avtomatik tənzimləyən və suyun həcmi az olduqda ətraf mühitin mühafizəsi məqsədilə özünü dayandıran Avropa istehsalı olan ekoturbinlər quraşdırılır. Eyni zamanda, tikinti zamanı aidiyyəti dövlət qurumları ilə razılaşdırılmış şəkildə təbii mühitin, flora və faunanın qorunması da xüsusi diqqətdə saxlanılır.

“AzərEnerji” ASC tərəfindən indiyədək yenidən qurulan və yaxın perspektivdə tikilərək istismara veriləcək 27 SES-in ümumi gücü 200 MVt-a yaxın olacaq və nəticədə ildə 600 milyon kilovat/saat ekoloji cəhətdən təmiz “yaşıl enerji” istehsal ediləcək.

Bir vacib məqamı da vurğulamaq lazımdır ki, xarici şirkətlər, xüsusilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”, Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Çinin “Gezhouba Group” şirkətləri Qarabağda yaşıl enerjiyə investisiya yatırmaqda maraqlıdırlar. Həmin şirkətlərin nümayəndələrinin Laçın rayonuna səfəri bunu bir daha sübut edir.

Səfər çərçivəsində Azərbaycan Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədovla keçirilən görüşdə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”na uyğun olaraq reallaşdırılan layihələr, həmçinin rayonun Minkənd ərazisində külək elektrik stansiyasının (KES) tikintisi üçün nəzərdə tutulan ərazilər barədə fikir mübadiləsi aparılıb. Bioenerji, enerji səmərəliliyi, binalarda günəş enerjisindən istifadə ilə əlaqədar həyata keçirilən tədbirlər barədə məlumat verilib, günəş və külək elektrik stansiyalarının qurulması ilə bağlı məsələlər müzakirə edilib.

Eyni zamanda, bərpaolunan enerji sahəsində milli kontentin yaradılmasının xüsusi maraq çəkdiyi vurğulanıb. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası məqsədilə Laçın və Kəlbəcər rayonlarında külək enerjisi potensialının yüksək olduğu nəzərə alınaraq bu ərazilərdə KES-lərin tikintisinin planlaşdırıldığı bildirilib.

“Masdar” şirkəti 3 il ərzində Qarabağ və Şərqi Zəngəzurda bərpaolunan və təmiz enerji sahəsində bir neçə layihə həyata keçirəcək. Şirkət bu bölgədə ilk layihəsini Kəlbəcər–Laçın zonasında, gücü 100 MVt-dan çox olan KES-in tikintisi ilə başlayacaq, sonrakı layihələrin gücü isə Qarabağda 200 MVt gücündə günəş stansiyasının tikintisi olacaq.

Qlobal miqyasda bərpaolunan enerji sahəsində 8 min meqavat olmaqla, elektrik enerjisi sahəsində ümumilikdə 30 min 200 meqavat qoyuluş gücünə bərabər istehsal və 45 milyard dollar məbləğində investisiya portfelinə malik olan “ACWA Power” şirkətinin Azərbaycanın işğaldan azad edilən ərazilərində “yaşıl enerji” layihələrində əsas investorlardan biri olacağı istisna deyil. Xatırladaq ki, 2022-ci ildə bu şirkət tərəfindən Azərbaycanda 240 MVt gücündə “Xızı-Abşeron” KES-in inşasına başlanılıb. Bundan başqa, Azərbaycan Energetika Nazirliyi bu il iyunun 1-də Çinin “China Gezhouba Group Overseas Investment” şirkəti ilə ümumi gücü 2 GVT olan bərpa olunan enerji mənbələri üzrə layihələrdə əməkdaşlıq etmək məqsədilə niyyət memorandumu imzalayıb.

Göründüyü kimi, adı çəkilən şirkətlər işğaldan azad edilən ərazilərdə daha böyük investisiya layihələrinin həyata keçirilməyi planlaşdırırlar. Beləliklə, “Masdar”, “ACWA Power” və “Fortescue Future Industries” şirkətləri ilə 25 QVt həcmində yaşıl enerji layihələri üzrə əməkdaşlıq sənədlərinin imzalanması mühüm əhəmiyyət daşıyır. Xatırladaq ki, 2040-cı ilədək mərhələli şəkildə istifadəyə verilməsi planlaşdırılan bu istehsal gücləri tələbatdan, potensial isə yaradılacaq güclərdən dəfələrlə çoxdur.

Nigar Orucova, “İki sahil”