24 avqust 2023 22:34
413

Həyatımız sığorta ilə rahatdır

İqtisadi kateqoriya olan sığorta maliyyə sisteminin tərkib hissəsidir. Mаliyyə sistеminin tərкib hissəsi оlmаqlа sığorta iqtisаdi kаtеqоriyа kimi müхtəlif fövqəlаdə hаllаr bаş vеrdikdə dəyən ziyаnın ödənilməsi və vətəndаşlаrın şəхsi həyаtlаrı ilə bаğlı hаdisələr zаmаnı оnlаrа mаliyyə yаrdımı göstərilməsi barədə məqsədli pul vəsаiti fоndlаrının yаrаdılmаsı və istifаdəsi prоsеsidir.

Ölkə iqtisadiyyatının sığorta sahəsində həyata keçirilən müasir islahatların əsas məqsəd və vəzifələri hər şeydən əvvəl milli sığorta bazarının möhkəmlənməsi və onun qloballaşan dünya sığorta sisteminin layiqli üzvünə çevrilməsindən ibarətdir. Sığorta sistemi bazar iqtisadiyyatının dinamik inkişaf edən sahələrindən biridir. Özünün obyektiv qanunları olan bazarın mövcud olduğu yerdə mütləq risk vardır. Risk olan yerdə isə sığorta olmalıdır.

Sığorta - bazar iqtisadiyyatının tərkib elementidir. Bildiyimiz kimi, siğorta iqtisadi kateqoriya olaraq birbaşa hər hansı itkinin qarşılığının ödənilməsi ilə əlaqədardır. Beynəlxalq təcrübə göstərir ki, xüsusi fondlar hesabına yaradılan sığorta müəyyən mənafelərin sığorta vasitəsi ilə müdafiə olunmasını təmin etməklə birlikdə, həm də təkrar istehsal prosesini davamlı olaraq tənzimləməkdədir. Sığorta sektoru maliyyə dayanıqlılığının və iqtisadi təhlükəsizliyin təmin edilməsi yollarından biri olmaqla, bir növ ehtiyatlılıq tədbiridir. Sığorta mexanizmi bütün ölkələrdə müxtəlif formalarda tətbiq edilir.

2022-ci il yerli sığorta bazarı üçün böyümə və inkişaf elementləri fonunda uğurlu və yaddaqalan oldu. 2021-ci ildə də sığorta sektorunda müsbət nəticələr qeydə alınıb. Belə ki, sığorta yığımları 16 faiz artımla 844 milyon manata çatıb. Bu, rekord nəticə idi. Çünki bilavasitə bunun sayəsində sığorta sektorunun ümumi daxili məhsuldakı payı 1 faizə yüksəlmişdi. Hələ ilin əvvəlindən bu nəticələrə əsaslanaraq, 2022-ci illə bağlı verilən proqnozlar da il ərzində özünü doğrultdu. Belə ki, ilin əvvəlindən yığımlarda ötən illərdən fərqli olaraq davamlı böyümə qeydə alındı.

2022-ci ildə sektorun dayanıqlı inkişafı məqsədilə Azərbaycan Mərkəzi Bankı (AMB), Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) və İcbari Sığorta Bürosu (İSB) bir sıra məqsədyönlü tədbirlər həyata keçirdi. Belə ki, bu istiqamətdə həm sektorun inkişafına maneə yaradan halların aradan qaldırılması ilə bağlı qanunvericiliyə dəyişiklik layihələrinin hazırlanması, eyni zamanda, konkret sığorta növlərinin inkişafı üçün həyata keçirilən mütərəqqi tədbirləri vurğulamaq olar. İl ərzində ASA olaraq sektorda kadr potensialının formalaşdırılması və təlim-tədris prosesinin təşkili məqsədilə aparıcı ali təhsil ocaqları olan Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə qarşılıqlı əməkdaşlıqlar qurulub.

Bu gün sığorta sektorunda müşahidə edilən canlanma və inkişaf bu sektora nəzarətedici qurum olan AMB ilə bilavasitə bağlıdır. Çünki məhz Mərkəzi Bankın həyata keçirdiyi mütərəqqi və məqsədyönlü nəzarət və tənzimləmə tədbirləri nəticəsində, eyni zamanda, ASA-nın dəstəkverici addımları sayəsində sektorda yeni inkişaf meyilləri formalaşır, bazar iştirakçılarının fəaliyyəti və xidmət keyfiyyəti beynəlxalq çağırışlara uyğunlaşdırılır.

2020-ci ildə AMB, ASA və İSB arasında “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair qarşılıqlı əməkdaşlıq haqqında” Memorandum imzalanmışdı. Müvafiq sənədə əsasən, 2021-ci ildən etibarən memorandum tərəfləri ilə sığorta şirkətləri birlikdə ölkə ərazisində sığorta savadlılığının artırılması ilə bağlı layihənin icrasına başlayıb. 2021-ci ildə ölkə əhalisində risk fərqindəliyinin formalaşdırılması, risklərin tənzimlənməsində sığorta mexanizminin rolu istiqamətində geniş təbliğat tədbirləri keçirilib. Nəticədə sektorda böyümə trendi təmin olundu. Müvafiq layihə çərçivəsində 2022-ci ildə daha çox konkret sığorta növləri üzrə maarifləndirmə işləri aparılıb. Burada daşınmaz əmlakın icbari sığortası və kasko sığortası növlərini misal göstərmək olar. Müvafiq layihə bu il də davam etdiriləcək və əhali ilə yanaşı, biznes subyektləri də sığortanın vacibliyi və əhəmiyyəti ilə bağlı məlumatlandırılacaqlar.

Sahibkarlarda sığorta vərdişlərinin formalaşdırılması və onların sığorta məlumatlılığının təmin olunması yönündə də ciddi addımlar atılır. 2022-ci ilin dekabrında ASA ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbərliyi arasında baş tutan görüşdə hər iki qurum sahibkarların sığortaya cəlb edilməsi ilə bağlı birgə layihələrin icra olunması ilə bağlı razılıq əldə olunub. 2023-cü ildə KOBİA ilə birlikdə xüsusilə regionlarda fəaliyyət göstərən sahibkarların sığortaya əlçatanlığının təmin olunması ilə bağlı müxtəlif genişmiqyaslı layihələr həyata keçirilir.

Yerli sığorta bazarının beynəlxalq əməkdaşlıq əlaqələri təbii ki, bununla da yekunlaşmır. Hələ ötən il ASA ilk dəfə olaraq nüfuzlu beynəlxalq sığorta təşkilatlarına - Sığorta Assosiasiyaları Qlobal Federasiyasına və “Insurance Europe” təşkilatına üzv seçilmişdi. Assosiasiya olaraq bu təşkilatların toplantılarında mütəmadi qaydada fəal iştirak edir, dünya trendləri ilə yaxından tanış olur.

Prezident İlham Əliyevin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” təsdiqləndi. Strategiyaya əsasən, yerli sığorta bazarının 2022-2026-cı illərdə böyümə hədəfi ilə 10 faiz həcmində müəyyənləşdirilib. 2021-ci ildə böyümə 16 faiz həcmində qeydə alındı. 2022-ci ilin ümumi cari illik nəticələrinə əsasən böyümənin yenə 10 faizi ötdüyünü müşahidə edə bilərik. Yerli sığorta bazarı yeni və dayanıqlı inkişaf mərhələsindədir və sektorda davamlı artım trendi tam təmin olunmuş vəziyyətdədir. 2023-cü il Azərbaycanın sığorta sektoru üçün yeni imkanlar, yeni irəliləyiş göstəriciləri və yeni müsbət rekordlar ili olacaq. Sevindirici haldır ki, ölkədə sığorta vərdişləri tədricən və mərhələli şəkildə davamlı olaraq formalaşır. Əksər vətəndaşlarımız artıq qəbul edirlər ki, risk qaçılmazdırsa, sığorta da inkarolunmazdır. Çünki həyat sığorta ilə rahatdır.

Cavid Əkbərov, “İki sahil”