25 avqust 2023 12:20
1116

Oğlan tələbələr üçün 250 yerlik yataqxana - FOTO

Lənkəran Dövlət Universitetində 250 yerlik yataqxana binasında son tamamlanma  işləri bir an belə səngimir. Universitetdə təhsil alan   oğlan tələbələri üçün nəzərdə tutmuş  bu  yataqxana binası 2023/2024-cü tədris ilində tam  istifadəyə veriləcək.

“İki sahil” xəbər verir ki,  yaraşıqlı  görkəmi ilə uzaqdan belə  diqqəti özünə çəkən   yeni yataqxana binası universitetin II saylı korpusunda ucaldılıb.  5 mərtəbə, 100 otaqdan ibarət   binada  oğlan tələbələrin rahatlığı üçün hər cür şərait yaradılıb. Belə ki, yataqxananın işıqlı, geniş otaqları zəruri məişət avadanlıqları, fasiləsiz internetlə təmin olunub.  İdman, kitabxana və oxu zalı, informatika otağı, istirahət guşəsi müasir tələblərə uyğun düzəldilib. Onu da bildirək ki, otaqlar 2 və 3 nəfərlik nəzərdə tutulub və çarpayı, soyuducu, sanitar qovşağı, fasiləsiz su, mətbəx ləvazimatları ilə  təchiz edilib.  Həmçinin yataqxana binasında video müşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri qurulub, internet və telefon xətləri çəkilib.

Oğlanlar üçün nəzərdə tutulmuş yeni tələbə yataqxanasını ali təhsil ocağının  30 illik tarixinin ürək açan nailiyyəti hesab edən Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov onu da dedi  ki,  tələbələrin sayına görə bundan sonra  bu iş davamlı olacaqdır.  Hazırda universitetimizdə paytaxt Bakı  daxil olmaqla, ölkənin bütün regionlardan 5400 tələbə təhsil alır və daha 2000 nəfərin yeni tədris ilində  ali təhsil ocağına qəbulu gözlənilir.  Bunu nəzərə alaraq yeni yataqxanaların tikintisi vacib əhəmiyyət daşıyır.

 2019-cu ildə universitetdə   qızlar üçün 160 yerlik tələbə yataqxanası tikilərək istifadəyə verilmişdi.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü