Dollara (USD) tələb artmaqda davam edir. Bu həftə təşkil edilən 2 hərracda son dövrlərin rekord dollar satışı qeydə alınıb. Bu, 121 milyon 230 min dollarlıq tələbdir. Son 3 hərrac üzrə tələb artan dinamika üzrə dəyişib. Əgər avqustun 17-də 41,3 milyon dollar alınmışdısa, avqustun 22-də tələb 59,9 milyon, avqustun 24-də isə 61,33 milyon dollar olub.
Dollara tələbin artması idxalın çoxalması və regional valyuta bazarındakı dəyişikliklərlə bağlıdır. Mövsümi faktorlarla bağlı olaraq idxal məhsullarına tələb artır və bu da dollar alışını çoxaldır. Bu baxımdan, dollara tələbin artması daha çox korporativ faktorlarla bağlıdır. Bununla yanaşı, mövsümi artımlar da valyuta bazarındakı tarazlığı qorumaq üçün intervensiya cəhdlərini gücləndirir.
Dollara tələbin artması kontekstində manatın məzənnəsinin necə dəyişməsinə gəldikdə isə daha çox enerji gəlirlərimizin artması səbəbindən Azərbaycanın tədiyyə balansında müsbət saldo davam edir. Bununla belə, regional, eləcə də qlobal valyuta bazarındakı dəyişikliklər psixoloji təsirlərini qoruyub saxlayır. Amma Azərbaycan hələlik üzən məzənnə rejiminə keçmədiyi üçün valyuta bazarındakı tarazlıq Mərkəzi Bankın qərarları ilə müəyyənləşməkdə davam etməkdədir.
2023-cü ilin əvvəlindən indiyədək keçirilmiş 61 valyuta hərracında banklara cəmi 2 milyard 218,73 milyon dollar satılıb. Valyuta hərracında yalnız banklar valyuta ala bilirlər. 2023-cü ilin iyul ayında bankların biznes kreditləri portfeli 27,8 milyon manat azalıb. Cari ilin iyun ayının sonunda bankların cəmi biznes kreditləri portfeli 11 milyard 650,5 milyon manat ikən, iyul ayının sonunda 11 milyard 622,7 milyon manat təşkil edib.
İyul ayında bankların cəmi kredit portfeli 75,8 milyon manat artaraq 21 milyard 372 min manata çatıb. O cümlədən istehlak kreditləri portfeli 51,3 milyon manat artaraq 6 milyard 376 milyon manata, ipoteka kreditləri portfeli isə 52,3 milyon manat artaraq 3 milyard 373,3 milyon manata yüksəlib. Bu ilin 7 ayı ərzində bankların kredit portfeli 1 milyard 777,6 milyon manat artıb. Bankların cəmi kredit portfeli 2023-cü ilin yanvar ayında 75,2 milyon manat, fevralda 87,8 milyon manat, martda 281,2 milyon manat, apreldə 341 milyon manat, mayda 279,6 milyon manat, iyunda isə 637 milyon manat artmışdı.
Dünya maliyyə bazarlarında son vəziyyət
Ötən həftə İngiltərədə, eləcə də Avrozonada açıqlanan inflyasiya və ümumi daxili məhsul (ÜDM) göstəriciləri, həmçinin ABŞ-ın mərkəzi bankı kimi fəaliyyət göstərən Federal Ehtiyat Sisteminin (FED) son toplantısının dərc olunan protokolları fonunda dollar major valyutalar və qızıl qarşısında kəskin bahalaşdı. Bu həftə isə bütün diqqətlər “Jackson Hole” Simpoziumuna yönələcək. Həmçinin Amerika, Avrozona, Almaniya və İngiltərədə açıqlanacaq sənaye və xidmət sektorlarında Biznes Aktivliyi İndeksi göstəriciləri də investorlar tətərəfindən yaxından izləniləcək. İnvestorlar iqtisadi mənzərə və faiz dərəcələrinin gələcək tendensiyasına aydınlıq gətirmək üçün FED sədri Jerom Pavelin “Jackson Hole” Simpoziumundakı çıxışına köklənəcəklər.
Jerom Pavelin cümə gününə nəzərdə tutulmuş çıxışı Mərkəzi Bankın ötən həftə açıqladığı iyul iclas protokollarını izləyəcək. Protokollar göstərdi ki, əksər FED rəsmiləri inflyasiya üçün yuxarı risklərdən narahat olmağa davam edir və bu, faiz artımlarının davam edəcəyini istisna etmir.
İnvestorlar FED sədrinin inflyasiyanın azaldılması üçün sərt monetar siyasətin davam etdirilməsinə ehtiyac olacağına inanıb-inanmadığına və ya faiz dərəcələrini sabit saxlamaq üçün kifayət qədər irəliləyişin olub-olmadığına diqqət yetirəcəklər. Bazar izləyiciləri, həmçinin FED-in 2024-cü ildə faiz endirimi ehtimallarına dair hər hansı ipucu axtaracaqlar. Analitiklər FED-in sentyabr iclasında faiz dərəcələrini indiki səviyyədə saxlayacağını 89% çoxluqla ehtimal edirlər.
İnvestorlar, həmçinin yeni və ikinci əl ev satışları ilə bağlı göstəricilərlə mənzil sektorunun vəziyyəti haqqında məlumatlandırılacaqlar. Yüksək ipoteka faizləri mövcud ev satışlarını təzyiq altında saxlasa da, sabit qiymətlər və bazarda mənzil çatışmazlığı səbəbindən yeni ev satışlarının artması tikinti sektorunda yaxşılaşmaya siqnal ola bilər.
Bundan əlavə, cari həftə ərzində qismən toparlanması gözlənilən regional istehsal fəaliyyətləri (Miçiqan ştatından) ilə bağlı hesabatlar, həmçinin işsizlik müavinatı üçün müraciətlərin sayı ilə bağlı həftəlik məlumatlar da açıqlanacaqdır.
Avro (EUR)
Ötən həftəni 1.0880 hədlərində tamamlayan EUR-USD məzənnəsində qiymətlər 1.09$ səviyyəsinin altında qalsa, eniş tendensiyası daha da dərinləşə bilər. Bu həftə Almaniyada açıqlanacaq ÜDM-in həcminə dair rəqəmlər, Avrozonada dərc olunacaq sənaye və xidmət sektorlarında Biznes Aktivliyi İndeksi göstəriciləri və Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın “Jackson Hole” Simpoziumundakı çıxışı avronun dollar qarşısında qiymətlərinə təsir edə bilər.
Çərşənbə günü Avrozona və Böyük Britaniya PMI məlumatları açıqlanacaq. Bu, Avropa (ECB) və İngiltərə (BoE) Mərkəzi Banklarının sentyabr ayında faiz dərəcələrini yenidən artırıb-artırmayacağına dair bir çox suallara aydınlıq gətirə bilər. Avrozona və Böyük Britaniya PMI məlumatları xidmətlər sektorunda durğunluq və istehsal fəaliyyətinin daralması səbəbindən son aylarda azalır.
Xatırladaq ki, iyul toplantısında Laqard, ECB-nin gələcək faiz dərəcəsi qərarlarında “açıq fikirli” olacaqlarını söyləmiş və əlavə etmişdi ki, məlumatlardan asılı olacaqları bir mərhələyə keçiblər.
Funt sterlinq (GBP)
Dollar qarşısında kəskin dəyər itirən və ötən həftə 1.2740 hədlərində başa vuran GBP-USD məzənnəsində qiymətlərin necə dəyişəcəyi ilə bağlı suallara aydınlıq gətirmək üçün bu həftə investorlar İngiltərədə dərc olunacaq Biznes Aktivliyi İndeksinə dair statistik rəqəmləri diqqət mərkəzində saxlayacaqlar.
Cari ticarət həftəsi ərzində Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının faiz qərarı, Almaniyada “İfo” Biznes Mühiti İndeksi kimi önəmli iqtisadi göstəricilər də birjaların gündəmində yer alacaq.
Cavid Əkbərov, “İki sahil”