Avqustun 29-da Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının ərazi partiya təşkilatları sədrlərinin və partiya fəallarının yığıncağı keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev bildirib ki, cari ilin müvafiq dövrünədək “Heydər Əliyev İli” ilə bağlı bir sıra yığıncaqlar, tədbirlər, görüşlər və s. keçirilib: “İlin sonunadək belə tədbirlərin keçirilməsi davam etdiriləcəkdir. Bütün bu işlər cari ilin əvvəlində hazırlanmış tədbirlər planına uyğun həyata keçirilir.”
M.Yolçiyev qeyd edib ki, YAP Mərkəzi Aparatının verdiyi tapşırığa uyğun olaraq “Yeni Azərbaycan Partiyasının yerli təşkilat sədrlərinin yaşayış məntəqələrində və ictimai yerlərdə əhali ilə görüşləri”nə hazırlıq işləri başa çatıb və 1 sentyabr tarixindən başlayaraq bütün yaşayış məntəqələrində keçiriləcək görüşlərin qrafiki işlənib hazırlanıb. Bu qrafik yığıncaqda iştirak edən bütün partiya fəallarına təqdim olunub.
Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov çıxışında bildirib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına tarixi hadisəyə çevrilmiş səfəri hər zaman olduğu kimi bir sıra ciddi mesajlarla yadda qaldı: “Bu səfər də onu göstərdi ki, dövlətimiz qısa zaman kəsiyində işğaldan azad edilmiş ərazilərdə şəhər və kəndlərin bərpasında, kommunikasiya sistemlərinin yenidən qurulmasında və nəticədə keçmiş məcburi köçkünlərin öz ata-baba torpaqlarına qayıdışının sürətlənməsində əzmkarlıq nümayiş etdirir.”
V.Məmmədov əlavə olaraq qeyd edib ki, Daşkəsən Rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatı hər zaman olduğu kimi bundan sonra da birgə fəaliyyət göstərərək qarşıya çıxan bütün məsələlərin müsbət həllinə nail olacaqdır.
V.Məmmədov bu məsələlərin yüksək səviyyədə həyata keçirilməsi məqsədilə Rayon İcra Hakimiyyəti başçısının şəhər, qəsəbə, kənd İnzibati Ərazi Dairəsi Üzrə nümayəndələrinə və bələdiyyə sədrlərinə tapşırıq və tövsiyyələr verib.
Yığıncaqda bir sıra cari məsələlər də müzakirə olunub.
Cavid Əkbərov, “İki sahil”