31 avqust 2023 01:57
449

İstehsal sahələri və biznesin yeni ünvanı

Ələt AİZ-də investorlara hansı imtiyazlar verilir

Ələt Azad İqtisadi Zonasının (AİZ) gələcək fəaliyyəti ilə bağlı böyük gözləntilər var. Zonanın güclü qanunvericilik bazası mövcuddur və qaydalar investorlar üçün cəlbedicidir. İlkin infrastruktur hazırda yaradılır. Azərbaycan hökuməti burada yeni istehsal sahələri və biznes imkanları yaradacaq.

İyulun 9-da Ələt AİZ-in birinci mərhələsinin açılış mərasimi olub. AİZ-in ümumi sahəsi 850 hektardır. Birinci mərhələ çərçivəsində işlərin görüldüyü 60 hektarlıq ərazidə artıq tikintiyə başlanılıb və bir sıra işlər yekunlaşıb. Burada investorlara icarəyə veriləcək torpaq sahələri tikinti işlərinin görülməsinə hazırdır. Ümumi sahəsi 297 min kvadratmetr olan torpaq sahələrinin daxilində su, kanalizasiya, elektrik, qaz və rabitə şəbəkələrinə qoşulma məntəqələri nəzərdə tutulub. Burada həm də istifadəyə hazır daxili və xarici mühəndislik və rabitə infrastrukturu yaradılıb. Ərazinin əsas girişində gömrük keçid məntəqələri və gömrük yoxlaması üçün binalar tikilib.

Xarici investorlar da Ələt AİZ-də fəaliyyət göstərməkdə maraqlıdır. İndiyədək artıq dörd xarici investor rezident statusu əldə edib. Bundan başqa, onlar artıq öz müəssisələrinin inşasına başlayıblar. Yaxın 2-3 ay ərzində həmçinin bu rezidentlərdən biri tərəfindən layihələndirmə işlərinin yekunlaşacağı gözlənilir. Bununla paralel olaraq digər şirkətlərin də bizim iqtisadi zonaya cəlb edilməsi üzrə danışıqlar aparılır.

Ələt AİZ-də investorlar üçün fiskal və qeyri-fiskal imtiyazlar açıqlanıb. Burada investorlar əlavə dəyər vergisi, ödəmə mənbəyində vergi, mənfəət vergisi və hər hansı digər korporativ vergidən azaddırlar. Zonada idxal və ixrac zamanı gömrük rüsumları və vergilər tətbiq olunmur. Aylıq əməkhaqqı 8 min manata qədər olan işçilər üçün gəlir vergisi tətbiq olunmur. Yüksək ixtisaslı əcnəbi işçilər üçün sosial sığorta ödənişləri könüllü, yerli işçilər üçün isə məcburi xarakter daşıyır. Həmçinin əcnəbi hüquqi və fiziki şəxslərin Ələt AİZ-də mülkiyyət sahibi olmasına heç bir məhdudiyyət qoyulmur. Xarici investorlar üçün yerli tərəfdaş və səhmdar tələbi yoxdur. Valyuta əməliyyatları və ya mənfəətin repatriasiyasında heç bir məhdudiyyət qoyulmur. İnvestorların əmlakı heç bir halda milliləşdirilə bilməz və Ələt AİZ Səlahiyyətli Qurumu investorların əmlakını bu və ya digər məhdudiyyətlərdən qorunmasına təminat verir. Bu qurum, həmçinin investorların əqli mülkiyyət hüquqlarının tam qorunmasına təminat verir.

Ölkəmizdə gündən-günə yaxşılaşan biznes mühitinin mövcudluğu, vergi və gömrük sahələrində böyük islahatların aparılması və ümumilikdə bütün maliyyə sisteminin şəffaflığı istiqamətində həyata keçirilən islahatlar böyük potensial yaradır. Bundan əlavə, Azərbaycan təkcə Şərq-Qərb deyil, həm də Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşir. Bütün nəqliyyat imkanlarımız var, infrastruktur tam müasirləşdirilib, yəni, potensial böyükdür.

Cavid Əkbərov, “İki sahil”