Sentybarın 3-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzinin qarşısında, açıq məkanda Qərbi Azərbaycanın etno-mədəni mühitinin, habelə qeyri-maddi mədəni irsinin nümayiş olunması məqsədilə tədbir keçirilib.
Nazirlik rəsmiləri, deputatlar, ictimaiyyət nümayəndələri və paytaxt sakinlərinin iştirak etdikləri tədbir çərçivəsində Qərbi Azərbaycana məxsus milli geyim və mətbəx stendi, gündəlik həyatda istifadə olunmuş məişət əşyaları, seçilmiş tarixi abidələrin 3D maketləri nümayiş etdirilib.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova “İki sahil TV”yə deyib ki, tədbirin məqsədi Qərbi Azərbaycanın etnomədəni mühitinin rekonstruksiya edilməsi, o cümlədən vaxtilə həmin torpaqlarda, mahallarda, yaylaqlarda xalqın keçirdiyi bayram şənliklərinin əhval-ruhiyyəsinin canlandırılmasıdır. Bu tədbirin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində onun adını daşıyan Heydər Əliyev Mərkəzinin qarşısında keçirilməsi də rəmzi xarakter daşıyır. Ümummilli Lider inanırdı ki, nə vaxtsa, ədalət bərpa olunacaq və Qərbi azərbaycanlılar öz yurdlarına qayıda biləcəklər.
O, bildirib ki, Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Zəfər qazandıqdan sonra yeni siyasi reallıqlar yaranıb və bu reallıqlar çərçivəsində məcburi köçkünlər Qarabağa, Şərqi Zəngəzura dönmək imkanı əldə ediblər. Şanlı Qələbədən sonra Qərbi azərbaycanlıların da öz ata-baba ocaqlarına qayıtmaq ümidinin yaranıb. Dövlət başçısının çıxışlarında Qərbi azərbaycanlıların da öz yurdlarına qayıdacağını bildirməsi ümidlərin, xəyalların reallığa çevriləcəyi günün çox da uzaqda olmadığına bir işarədir. Həmin imkan sülh müqaviləsi imzalanandan sonra yaranacaq. Vaxt gələcək həmin doğma torpaqlara da qayıdacağıq, qurub yaradacağıq və Azərbaycan mədəniyyətini çiçəkləndirəcəyik.
Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli “İki sahil TV”yə deyib ki, Qərbi Azərbaycan ərazisi tarixi Azərbaycan torpaqlarıdır. Min illər boyu həmin ərazilərdə soydaşlarımız yaşayıblar. Heç şübhəsiz ki, min illər ərzində orada Azərbaycan xalqına məxsus çox zəngin tarixi-mədəni irs yaradılıb. Amma 200 il bundan əvvəldən başlayaraq mərhələlərlə oraya köçürülən ermənilər həmin mədəni irs nümunələrinin bir hissəsini məhv edib, bir hissəsini isə erməniləşdirərək özününküləşdirməyə çalışıblar, dünya ictimaiyyətinə erməni tarixi-mədəni irsinin nümunələri kimi təqdim edirlər. Buraya xalça, mətbəx, musiqi və sair mədəniyyət nümunələri daxildir.
Qərbi Azərbaycan İcması olaraq əsas məqsədimiz tarixi torpaqlarımızdakı mədəni irs nümunələrinə sahib çıxmaq, bunu dünya ictimaiyyətinə çatdırmaqdır. Bu tədbir də həmin silsilədən atılan addımlardan biridir. Şübhəsiz ki, biz bu cür sərgilərin davamlı olmasını nəzərdə tuturuq. Sentyabrın sonuna qədər ölkədə bir neçə belə sərgi keçiriləcək. Qərbi Azərbaycan icması olaraq belə sərgiləri xarici ölkələrdə də təşkil etməyi nəzərdə tutmuşuq. Qarşımızda Ermənistan kimi hər cür yalana, üsula əl atan düşmən dayanır. Biz onların qarşısına ancaq faktlarla, sənədlərlə, sübutlarla, mənbələrlə çıxmalıyıq ki, ermənilərin yüz illər ərzində dünya ictimaiyyətinin beyninə yeritdiyi yalanları, saxtakarlıqları qazıb çıxaraq və Qərbi Azərbaycan həqiqətlərini qəbul etdirə bilək.
Tədbir qala konsert proqramı ilə yekunlaşıb.
Cavid Əkbərov, “İki sahil”
Birinci yarımildə əmək və sosial müdafiə sahəsində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub
Tender arayışlarının verilməsi artıq "DOST" mərkəzləri vasitəsilə həyata keçirilir