04 sentyabr 2023 16:58
466

Azərbaycanda mühafizəçi peşəsi üzrə kurs və ixtisas artırma mərkəzi yaradılıb - FOTO

Azərbaycanda mühafizəçi peşəsi üzrə kurs və ixtisas artırma mərkəzi yaradılıb.

“İki sahil” xəbər verir ki,  bu barədə “Security Operation Services” (SOS) MMC-nin rəisi Anar Məmmədov bildirib.

Onun sözlərinə görə, təlim-tədrislə məşğul olacaq bu mərkəz  peşəkar mühafizə xidməti olan  “Security Operation Services” (SOS) MMC-nin tabeçiliyində yaradılıb.

Yeni kursla  bağlı danışan Anar Məmmədov bildirib ki, tədris proqramı 80 saat olmaqla 15 gün müddətində keçiriləcək: “Tədris proqramını müvəffəqiyyətlə başa vuran şəxlərə “SOS” MMC-nin Təlim Tədris Mərkəzinin mühafizəçi kursuna dair sertifikat veriləcək və həmin şəxslər ehtiyat kadr bazasında qeydiyyata alınacaqlar. Eyni zamanda, kursu uğurla başa vuran vətəndaşlara müddətli əmək müqaviləsi əsasında işlə təmin olunacaqlarına dair zəmanət verilir”.

Onun sözlərinə görə, vakansiya ilə bağlı yaş həddi 20 yaşdan başlayaraq, hərbi mükəlləfiyyyətli, məhkumluğu olmayan Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər.

Anar Məmmədov əlavə edib ki, kursda mühafizə xidməti üçün vacib olan biliklər müdavimlərə öyrədiləcək: “Azərbaycanda “Özəl mühafizə xidməti haqqında” qanun var. Bu qanun özəl mühafizə xidməti göstərən qurumlar üçün vəzifələr müəyyən etməklə, hüquqi baza rolunu oynayır. Ümumiyyətlə, mühafizə işi spesifik sahədir. Həm üzərində düşən vəzifə borcunu yerinə yetirməlisən, həm də intizamlı olmalısan. İnsanlarla ünsiyyətdə nəzakətlilik xüsusi önəm daşıyır. Mühafizəçinin fiziki gücü, vizual görkəmi nə qədər cəlbedici olsa da sadə, nəzakətli olmalıdır. Hesab edirəm ki, bu kursu keçən müdavimlər işə qəbnul prosesindən sonra peşəkar kimi çalışacaqlar”. 

Məlumat üçün qeyd edək ki, “SOS” MMC müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən peşəkar mühafizə xidmətidir. Uğurlu fəaliyyəti və sosial layihələrdə fəal iştirakı ilə seçilən “SOS” MMC 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvlərinin və müharibə iştirakçılarının məşğulluğunun təminatına daim dəstək olur.