07 sentyabr 2023 15:33
346

Bu il qeyri-neft sektoru üzrə ixrac 15% artıb

Cari ilin yanvar-avqust ayları ərzində Azərbaycanın ümumi ixracı 24,4 mlrd. dollar, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,6% artaraq 2,2 mlrd. dollar təşkil edib.

"İki sahil” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaydığı məlumata istinadən xəbər verir ki, cari ilin yanvar-avqust ayları ərzində yeyinti məhsulları üzrə ixrac 571,4 mln. dollarına bərabər olub.

Cari ilin ilk 8 ayı ərzində elektrik enerjisi 3,9 dəfə, spirtli və spirtsiz içkilərin ixracı 3,8 dəfə, qara metal məmulatlarının ixracı 36,6%, şəkər ixracı 17,9%, meyvə-tərəvəz ixracı isə 7,4% artıb.

Cari ilin yanvar-avqust ayları ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 10,4% artaraq 593,9 mln. dollar təşkil edib. Qeyri-neft/qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 32,8% artaraq 132,6 mln. dollar təşkil edib.

Cari ilin avqust ayının qeyri-neft ixracı 203,6 mln. dollar olub. Bunun da 51,4 mln. dolları (10,3% artım) yeyinti məhsulları üzrə ixrac, 152,2 mln. dolları isə qeyri-yeyinti məhsulları üzrə ixrac təşkil edib.