22 sentyabr 2023 13:28
327

Azərbaycanda könüllü sığorta 25%, icbari sığorta isə 41% artıb

2023-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycanda könüllü sığorta növləri üzrə 618 milyon 920 min manat, icbari sığorta növləri üzrə 227 milyon 933 min manat sığorta haqqı toplanılıb.

"İki sahil” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-avqust ayları ilə müqayisədə könüllü sığorta növləri üzrə toplanan sığorta haqqları 25.4% və ya 125 milyon 234 min manat, icbari sığorta növləri üzrə sığorta daxil olmaları isə 41.4% və ya 66 milyon 701 min manat artıb.

Qeyd edək ki, hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 24.4% artaraq 274 milyon 138 min manat, icbari sığorta növləri üzrə ödənişlərin həcmi isə 13.1% artaraq 71 milyon 657 min manata bərabər olub.

Beləliklə, cari ilin yanvar-avqust aylarında könüllü sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqından 44.3 manat sığorta ödənişi edilib. Bu rəqəm 2022-ci ilin ilk 8 ayında 44.6 manata bərabər olub. Bu ilin yanvar-avqust ayları ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 31.4 manat təşkil edib ki, bu göstərici ötən ilin ilk 8 ayında 39.3 manata bərabər idi.