27 sentyabr 2023 02:36
366

Cənubi Qafqazda yeni imkanlar yaranır

Azərbaycan üzərindən keçərək Şərqlə Qərbi birləşdirən bütün yollar ölkəmizin gələcəkdə nəhəng nəqliyyat habına çevrilməsinə böyük perspektivlər açacaq

Türkiyənin Qars şəhərindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasına dəmir yolu xətti çəkilməsi artıq reallığa çevrilir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri zamanı bununla bağlı sənəd - “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu” imzalanıb. Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında bildirib ki, Qars-Naxçıvan dəmir yolunun inşasına dair niyyət protokolunun imzalanması da tarixi hadisədir: “Vaxtilə biz Sizinlə (Ərdoğan – red.) TANAP layihəsinin təməlini qoymuşduq, TANAP boru xəttinin açılışını bərabər etmişdik. Bu gün isə Türkiyədən Azərbaycanın parçası olan Naxçıvana qaz kəmərinin inşası ilə bağlı işlərə start veririk. Qars-Naxçıvan dəmir yolunun inşasına dair niyyət protokolunun imzalanması da tarixi hadisədir. Əminəm ki, bu layihə də uğurla həyata keçiriləcək və beləliklə, Orta Dəhlizin bir qolu kimi həm Azərbaycana, həm Türkiyəyə, həm də digər ölkələrə xidmət göstərəcək”.

Torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycanda tranzit və logistika sahəsində qarşıya qoyulan vəzifələri də yeniləyib. Qars-Naxçıvan dəmir yolunun inşası da bu vəzifələr sırasındadır. Bu dəhliz ilk növbədə Şərqlə Qərbin qovşağında əlverişli coğrafi mövqedə yerləşən, türk-İslam dünyasına bir qapı hesab edilən qədim Naxçıvan diyarının inkişafına birmənalı müsbət təsir göstərəcək. Məlum olduğu kimi, 1941-ci ildə çəkilən və Azərbaycanı Naxçıvan Muxtar Resublikası ilə bağlayan Mincivan-Culfa dəmir yolu xətti Ermənistanın hərbi təcavüzü nəticəsində 1991-ci ildən fəaliyyətini məcburi şəkildə dayandırıb. Daha doğrusu, Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən və uzunluğu 638 km olan Bakı-Şirvan-Horadiz-Mincivan-Mehri-Ordubad-Naxçıvan-Sədərək yolunun 44 kilometri Ermənistan üzərindən keçir və bu yol 30 il müddətində tam blokada şəraitində olub. Təkcə onu qeyd etmək kifayətdir ki, vaxtilə İrandan Gürcüstana, Şirvana və Dağıstana gedən tarixi ticarət yollarının Naxçıvandan keçməsi bu şəhəri orta əsrlərdə dünya ipək ticarətinin mərkəzlərindən birinə çevirib.

Əhalisi 300 mindən artıq olan Naxçıvanla Azərbaycan arasında nəqliyyat əlaqələrinin bərpa edilməsi həm məsafə, həm də yüklərin nəqletmə müddətinin azaldılması baxımından mühüm əhəmiyyət kəsb edir. Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən uzunluğu baxımından 1,7 dəfə, təxminən 343 kilometr az olan bu dəhliz yükdaşımalara çəkilən xərcləri azaldacaq və Mərkəzi Asiya ilə Avropa arasında körpü rolunu oynayacaq. Deməli, Bakı-Naxçıvan-Qars nəqliyyat dəhlizinin istifadəyə verilməsi Naxçıvan Muxtar Respublikasının bütün regional və beynəlxalq səviyyəli tranzit layihələrində iştirakını təmin edəcək, muxtar respublikada istehsal olunan məhsulların istər ölkənin ayrı-ayrı bölgələrinə, istərsə də beynəlxalq səviyyəli satış bazarlarına rahat formada çıxışına əlverişli imkanlar formalaşdıracaq, habelə ixracyönümlü məhsul həcminin artmasına şərait yaradacaq, Naxçıvanın xarici investorlar üçün cəlbediciliyini artıracaq.

Türkiyənin xüsusilə Şərqi Anadolu hissəsinin Naxçıvan üzərindən Azərbaycanla əlaqələrinin qurulması iqtisadi baxımdan olduqca əlverişlidir. Təkzibedilməz həqiqət ondan ibarətdir ki, "Turan yolu" adlanan Bakı-Naxçıvan-Qars nəqliyyat dəhlizi qardaş Türkiyə üçün Xəzər dənizinə, Xəzər dənizindən isə Orta Asiyanın ayrı-ayrı bölgələrinə ən qısa çıxış yolu olduğundan faydalı hesab olunur. Qeyd etmək lazımdır ki, çəkilməsi nəzərdə tutulan 160 km-lik Qars-Naxçıvan dəmir yolunun transmilli nəqliyyat xəttinə çevrilməsi Naxçıvan dəhlizinin açılması ilə labüdləşəcək. Digər tərəfdən, Naxçıvan vasitəsilə Türkiyəyə avtomobillə gediş məsafəsinin təxminən 343 kilometr qısa olmasının həm logistik yüklərin, həm də turistlərin ölkələr arasında ikitərəfli yerdəyişməsini artıracağı gözlənilir. Beləliklə, Bakı-Naxçıvan-Qars dəhlizinin bərpa edilməsi ilə ilk növbədə regionda nəqliyyat kommunikasiya sisteminin yeni qovşağı yaradılacaq, yeni yaradılan nəqliyyat kommunikasiya sistemi Türkiyə ilə Azərbaycan arasında əlaqələri möhkəmləndirməklə Avropa - Asiya arasında beynəlxalq yükdaşımaların həcminin artmasına imkan verəcək.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Zəngəzur dəhlizində mövcud vəziyyət və planlaşdırılan işlər barədə bunları deyib: “Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə Orta Dəhlizin dəmir yolu və avtomobil yolu ilə yükdaşıma qabiliyyəti artacaq ki, bu da Pekindən Londona Şərq-Qərb ticarətinin artmasına müsbət töhfə verəcək. Ölkəmizin regionda strateji mövqeyinin əhəmiyyəti dənizdə inkişaf etdirilə biləcək layihələrlə, eləcə də Naxçıvan və Rusiya ilə nəqliyyat və enerji sahəsində əməkdaşlıqla artacaq. Həmçinin dəhlizin regionda formalaşan yükdaşıma həcminə də müsbət təsir göstərməsi planlaşdırılır. Dəhliz ölkəmizin Qafqaz sərhəddində yerləşən əyalətlərinin iqtisadi cəhətdən güclənməsi və xüsusilə logistika sektorunda məşğulluq sayının artmasına səbəb olacaq”. Uraloğlu xəttin Ermənistan sərhədinə qədər olan hissəsinin tikintisinin davam etdiyini, Horadizdən Naxçıvanın Ordubad vilayətinə 166 kilometrlik yeni dəmir yolunun çəkiləcəyini deyib. Həmçinin bildirib ki, Ordubaddan Naxçıvanın şimalında yerləşən Vəlidağ stansiyasına qədər olan 158 kilometrlik xətt əsaslı şəkildə təmir olunacaq. Bundan əlavə, xətt Vəlidağdan Ermənistan sərhədinə qədər 14 kilometr uzadılacaq. Bu yol sayəsində Qars-Tbilisi-Bakı üzərindən Gürcüstana bağlanan struktura alternativ olaraq, Dilucu vasitəsilə Nahçıvana çatmaqla dəhlizə qoşulmaq mümkün olacaq.

Uraloğlu qeyd edib ki, Zəngəzur dəhlizi Mərkəzi Asiya, Xəzər regionu, Azərbaycan və Ermənistanı Türkiyə ilə birləşdirən sosial-iqtisadi, geosiyasi və geostrateji xüsusiyyətlərə malik olduğu üçün regional ticarətə müsbət təsir göstərəcək, eləcə də Rusiya, Ermənistan, Azərbaycan və Türkiyə arasında dəmir yolu şəbəkəsini genişləndirəcək.

Sevinc Azadi, “İki sahil”