28 iyul 2026 14:44
99

Polşa Azərbaycana ticarət missiyası göndərəcək

Bu ilin noyabr ayında Polşanın biznesi nümayəndələrinin Azərbaycana ticarət missiyasının keçirilməsi planlaşdırılır.

“İki sahil” xəbər verir ki, nümayəndə heyətinin səfər tarixləri razılaşdırılma mərhələsindədir.

Bildirilib ki, işgüzar missiya istehsalçılar, idxal-ixrac fəaliyyəti iştirakçıları, yeni satış bazarları və kommersiya perspektivləri axtarışında olan sahibkarlar, Azərbaycan biznesi ilə əməkdaşlığa maraq göstərən şirkətlər, investorlar və sənaye sektorunun, xidmət sahəsinin və digər sahələrin nümayəndələri, həmçinin beynəlxalq biznes qarşılıqlı fəaliyyətin genişləndirilməsini hədəfləyən Polşa və Azərbaycan şirkətləri üçün nəzərdə tutulub.

"Səfər proqramına hər bir iştirakçının profili və vəzifələri nəzərə alınmaqla qurulmuş, fərdi şəkildə təşkil edilən B2B görüşlər, əvvəlcədən seçilmiş potensial tərəfdaşlarla birbaşa danışıqlar, Bakıda Polşa-Azərbaycan Ticarət Palatasının üzvləri ilə əlaqələr qurmaq imkanları, həmçinin Azərbaycanın müvafiq dövlət qurumları və aparıcı biznes təşkilatları ilə görüşlər daxildir", - məlumatda qeyd olunub.

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, iki ölkə arasında ticarətin həcmi 2026-cı ilin ilk 6 ayı ərzində illik müqayisədə 3,97 % (3 milyon 286 min ABŞ dolları) artaraq 86 milyon113 min ABŞ dollarına çatıb.