27 sentyabr 2023 11:16
285

Azərbaycan Almatıda Beynəlxalq Şərq-Qərb Logistika Forumunda təmsil olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Ayhan Satıcı Qazaxıstanın Almatı şəhərində keçirilən Beynəlxalq Şərq-Qərb Logistika Forumunda Azərbaycanı təmsil edib.

"İki sahil" bu barədə Mərkəzə istinadən xəbər verir.

Məlumata görə, A.Satıcı forumda “Zəngəzur dəhlizinin Cənubi Qafqazda nəqliyyat dəhlizlərinə iqtisadi təsiri və Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Təşkilatı (CAREC) ilə Avropa İttifaqı arasında iqtisadi münasibətlərin perspektivləri” adlı təqdimatla çıxış edib. O bildirib ki, Zəngəzur dəhlizinin böyük regional və beynəlxalq əhəmiyyəti var. Çünki bu layihə Şimal ilə Cənub, Qərb ilə Şərq nəqliyyat dəhlizlərini birləşdirən önəmli arteriyadır.

İkigünlük beynəlxalq forumda CAREC İnstitutu, Asiya İnkişaf Bankı və Alman-Qazax Universitetinin, həmçinin ABŞ, Almaniya, Türkiyə, Yaponiya, Hindistan, Qazaxıstan, Qırğızıstan və digər ölkələrin nüfuzlu institut və beyin mərkəzlərinin alimləri iştirak ediblər.

Səfər çərçivəsində Qazaxıstanın Astana şəhərində “Türk Dövlətləri İqtisadiyyatı” kitabının da təqdimatı keçiriləcək.