Müdafiə Nazirliyi ötən gün gecə saatlarında təmas xəttinin Tərtər-Ağdərə istiqamətində erməni tankına qarşı İsrail istehsalı olan “Spike” raketinin“uğursuz tətbiqinə” dair qarşı tərəfin yaydığı məlumata münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı ANS PRESS-ə açıqlama verərək bildirib ki, “Spike” hədəfi 100 faiz dəqiqliklə vuran silahdır və ondan yayınmaq heç bir halda mümkün deyil:
“Görünür, bu silah ermənilər üçün çox təəccübləndirici olub. Axı onlar heç vaxt belə dəqiq silah görməyiblər. “Spike” raketinin zərbəsindən tankın qülləsinin qopub kənara uçmasını onlar “qeyri-dəqiq zərbə” kimi qiymətləndirirlərsə, bu, problem deyil. Ermənilər bizim yüksək dəqiqlikli silahlarımızı hələ bundan sonra izləyəcək və hər dəfə təəccüblənəcəklər”, - deyə Vaqif Dərgahlı bildirib.
Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 23-ü axşam saatlarından başlayaraq mövqelərimizi və Tərtər rayonunun təmas xəttinə yaxın bəzi yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutub. Düşmən tərəfi 122 millimetrlik D-30 haubitsalarından da istifadə etməklə mövqelərimiz istiqamətində 20-dək mərmi atıb.
Mövqelərimizə yaxınlaşmaq istəyən düşmən tanklarının qarşısı atəşlə alınıb və bir ədəd döyüş tankı heyətlə birlikdə məhv edilib.