Dollar dünya bazarında yenidən möhkəmlənir. ABŞ pulu avroya nisbətən sadəcə son 1 ayda 4 faizə yaxın dəyər qazanıb. Həmin müddətdə Rusiya rublu da dollar qarşısında 2 faiz dəyəsizləşib. Qardaş Türkiyədə isə 1 dollar almaq üçün 27 lirədən çox milli pul ödəmək lazımdır. Dolların möhkəmlənməsi ABŞ iqtisadiyyatı ilə bağlı pozitiv rəqəmlər və eləcə də FED-in davamlı güclənmə siyasəti ilə bağlıdır. Avropa Mərkəzi Bankının son qərarları da avronun məzənnəsinə təsirsiz ötüşməyib.
Sentyabrın əvvələrində Azərbaycanda hərraclarda dollara tələb azalsa da, sonradan yenidən yüksəlib. Sonuncu hərracda 45,5 milyon dollarlıq tələb yaranıb. Qeyd edək ki, öncəki hərracda bu rəqəm 26,6 milyon dollar idi. 2023-cü ilin son aylarında da regionda dollara tələbin artacağı gözlənilir.
Dollara tələbin artması kontekstində manatın məzənnəsinin necə dəyişməsinə gəldikdə isə qeyd etmək lazımdır ki, daha çox enerji gəlirlərimizin artması səbəbindən Azərbaycanın tədiyyə balansında müsbət saldo davam edir. Bununla belə, regional və eləcə də qlobal valyuta bazarındakı dəyişikliklər psixoloji təsirlərini qoruyub saxlayır. Amma Azərbaycan hələlik üzən məzənnə rejiminə keçmədiyi üçün valyuta bazarındakı tarazlıq Mərkəzi Bankın qərarları ilə müəyyənləşməkdə davam etməkdədir.
Azərbaycanda pul bazasında ardıcıl ikinci ay azalma qeydə alınıb. Belə ki, 1 sentyabr tarixinə ölkədə pul bazası 18 milyard 116 milyon manat olub. Bu isə əvvəlki ay il müqayisədə 146 milyon manat azdır. Son 2 ayda isə pul bazası 285 milyon manat azalıb. Qeyd edək ki, iki aylıq azalmalara rəğmən ümumi pul bazası bu ilin əvvəlinə nisbətən artıb.
Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir. Pul bazasının kiçilməsində mövsümi faktorlar rol oynasa da belə inflyasiya tələbinin optimallaşdırılması ilə bağlı tədbirlər də xüsusi paya malikdir. Belə ki, pul bazasının genişlənməsi tələbi artırır, kiçilməsi isə istehlak tələbini məhdudlaşdırır. İstehlak tələbinin azalması isə təklifin dəyişmədiyi halda anti-inflyasiya effektinə malik olur.
Bununla belə, pul bazasının kiçilməsi real sektorun vəsaitə olan tələbinin ödənilməsi baxımdan arzuolunan deyil. Baza genişləndikcə xərcləmələr və real sektorda tələb də yüksəlir. Bu da istehsal üçün daha çox imkanlar yaradır. Bu kontekstdən pul bazasının optimallığı həm inflyasiya yaradıcı effektlərin tənzimlənməsinə həm də real sektorun dəstəklənməsinə xidmət etməlidir. Buna görə də, pul bazasının optimallaşdırılması siyasəti real sektorunun canlanmasını xüsusi təşviq etməlidir. Bu baxımdan kiçilmə deyil, optimallaşdırma siyasətinə üstünlük verilməlidir.
Cavid Əkbərov, “İki sahil”