25 iyul 2026 22:36
129

Azərbaycan “Ai4 2026”da qlobal süni intellekt dialoquna qoşulur

AZCON Holding şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzinin (MSİM) baş kommersiya direktoru Ülfan Əliyev süni intellekt sahəsində dövlət nümayəndələrini, texnologiya liderlərini və mütəxəssisləri bir araya gətirən, dünyanın aparıcı tədbirlərindən biri olan “Ai4 2026” konfransında çıxış edəcək.

“İki sahil” xəbər verir ki, ABŞ-nin Las-Veqas şəhərində keçiriləcək konfransda Azərbaycanı təmsil edən yeganə məruzəçi olacaq Ülfan Əliyev 5 avqust saat 11:20 – 11:40-da “Dövlət və ictimai sektor” istiqaməti üzrə keçiriləcək “Süni intellekt mühakimə edəndə” adlı sessiyada fərdi məruzə ilə çıxış edəcək.

Sessiyada süni intellektin daxil olan iddiaları təhlil etmək, müvafiq qanunvericiliyi və məhkəmə presedentlərini müəyyənləşdirmək, eləcə də məhkəmə qərarlarının layihələrinin hazırlanmasına dəstək göstərməklə məhkəmə qərarvermə prosesinə verə biləcəyi töhfələr təqdim olunacaq.

Bununla yanaşı, süni intellektin yüksək məsuliyyət tələb edən hüquqi proseslərdə tətbiqinin daha geniş təsirləri, o cümlədən qərarların ardıcıllığının və proseslərin səmərəliliyinin artırılması, habelə ədalət mühakiməsinə çıxış imkanlarının genişləndirilməsi potensialı nəzərdən keçiriləcək.

Məruzə çərçivəsində MSİM tərəfindən hazırlanmaqda olan məhkəməyə dair yeni süni intellekt məhsuluna ilkin baxış keçiriləcək. Həllin bütün imkanları hələ açıqlanmasa da “Süni intellekt mühakimə edəndə” sessiyasında məhsulun həll etməyi hədəflədiyi əsas problem, yaratması nəzərdə tutulan ictimai dəyər və onun inkişafına istiqamət verən prinsiplər diqqətə çatdırılacaq.

Milli Süni İntellekt Mərkəzinin nümayəndəsinin “Ai4 2026” konfransında çıxışı Azərbaycanın qlobal süni intellekt dialoquna artan töhfəsini, eləcə də qabaqcıl süni intellekt imkanlarının ictimai fayda yaradan praktiki həllərə çevrilməsi istiqamətində MSİM-in fəaliyyətini əks etdirir.