25 iyul 2026 19:11
97

Fond: Kompensasiyaların “AniPay” üzərindən ödənilməsi nəzərdən keçirilir

Əmanətlərin Sığortalanması Fondu (ƏSF) rəqəmsallaşma strategiyası çərçivəsində vətəndaşlar üçün yeni onlayn ödəniş imkanları yaradıb və gələcəkdə kompensasiyaların “AniPay” platforması üzərindən ödənilməsini nəzərdən keçirir.

“İki sahil” xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondunun Maliyyə departamentinin direktor müavini Aygün Balıyeva Milli Mətbuat Günü münasibətilə təşkil olunan Dialoq və Əməkdaşlıq Forumunda məlumat verib.

O bildirib ki, fond rəqəmsal xidmətlərin genişləndirilməsi istiqamətində müxtəlif layihələr həyata keçirir.

“Hazırda vətəndaşlar əvvəllər yalnız fiziki qaydada həyata keçirdikləri ödənişləri artıq onlayn şəkildə də edə bilirlər. Ödənişlərin həm ödəniş terminalları, həm də fondun rəsmi internet səhifəsi vasitəsilə həyata keçirilməsi mümkündür. Sığorta hadisəsi baş verdikdə ilk mərhələdə Azərbaycan Mərkəzi Bankı tərəfindən Əmanətlərin Sığortalanması Fonduna rəsmi bildiriş göndərilir. Bundan sonra fond öz internet səhifəsində və kütləvi informasiya vasitələrində ilk rəsmi elanı dərc edir, daha sonra isə agent bank müəyyən edilərək kompensasiyaların ödənilməsi prosesinə başlanılır”, - deyə Aygün Balıyeva vurğulayıb.

Onun sözlərinə görə, ilk rəsmi elanın verildiyi tarixdən etibarən əmanətçilərə kompensasiyanın alınması ilə bağlı müraciət etməsi üçün bir il vaxt verilir. Lakin qanunvericilikdə nəzərdə tutulmuş hallarda bu müddət beş ilədək uzadıla bilər: “Əmanətçi bir il ərzində ölkə xaricində olduqda, xəstəlik və ya qanunla müəyyən edilmiş digər üzrlü səbəblər mövcud olduqda müraciət müddətinin uzadılması mümkündür. Maksimal müddət beş ildir. Bu müddət başa çatdıqdan sonra sığortalanmış əmanət üzrə kompensasiya almaq hüququ qüvvədən düşür və həmin vəsait qorunmayan əmanətlər üçün tətbiq olunan ümumi qaydada ödənilir”.

Forumda çıxış edən Əmanətlərin Sığortalanması Fondunun Hüquq departamentinin direktoru Azər Əmirov isə bildirib ki, gələcəkdə kompensasiyaların daha operativ şəkildə ödənilməsi məqsədilə “AniPay” platformasına inteqrasiya nəzərdə tutulur. Onun sözlərinə görə, bu mexanizm tətbiq olunduqdan sonra kompensasiyaların real vaxt rejimində vətəndaşların bank hesablarına köçürülməsi mümkün olacaq.

“Hazırda elektron ödəniş sistemləri ilə inteqrasiya istiqamətində texniki və hüquqi hazırlıq işləri davam etdirilir. Rəqəmsallaşma, süni intellekt texnologiyaları və elektron xidmətlərin inkişaf tempi bəzi hallarda mövcud qanunvericilik təşəbbüslərini qabaqlayır və bu da yeni sistemlərlə inteqrasiya prosesində müəyyən çətinliklər yaradır. Bununla belə, elektron ödəniş sistemləri vasitəsilə kompensasiyaların ödənilməsi istiqamətində işlər davam etdirilir. Hazırda vətəndaşlar “Azərpoçt”, “MilliÖN” və digər ödəniş sistemləri vasitəsilə FİN kodunu daxil etməklə ödənişlərini həyata keçirə bilirlər. Bununla yanaşı, bankların ləğvi prosesində sistemlərin inteqrasiyası zamanı müəyyən texniki problemlər yarana bilir. Bəzi hallarda eyni şəxsə bir neçə hesab identifikasiya kodunun verilməsi kimi əvvəlki illərdən qalan uyğunsuzluqlar aşkarlanır. Son dövrlərdə belə halların sayı xeyli azalıb. Adətən, bankın ləğvinin ilk iki-üç günü ərzində ödənişlərin qəbulunda müəyyən çətinliklər yarana bilər. Lakin əvvəlki illərlə müqayisədə bu problemlərin aradan qaldırılması müddəti əhəmiyyətli dərəcədə qısalıb”, – deyə A.Əmirov vurğulayıb.

O əlavə edib ki, “Muğanbank”ın ləğvi zamanı artıq üçüncü gündən bütün ödəniş sistemlərinin fəaliyyəti tam bərpa olunub və ödənişlərin qəbulu təmin edilib ki, bu da rəqəmsal inteqrasiya sahəsində əldə olunan mühüm irəliləyişlərdən biridir.