Bu, çox incə və alçaqcasına düşünülüb. Ermənilər hesab edirlər ki, cəbhənin Tərtər istiqaməti Azərbaycan tərəfinin zəif yeridir. Amma onlar ciddi şəkildə yanılırlar.
Bunu Milli.Az-a açıqlamasında hərbi ekspert, istefada olan polkovnik Konstantin ManuxinErmənistan silahlı birləşmələrinin aprelin əvvəlindən başlayaraq israrlı şəkildə cəbhənin niyə məhz Tərtər istiqamətində vəziyyəti gərginləşdirməyə çalışdıqlarını şərh edərkən bildirib.
Ekspertin sözlərinə görə, ola bilər ki, Ermənistanda belə hesab edirlər ki, cəbhənin Tərtər istiqaməti Azərbaycan üçün çox həssas yerdir: "Əgər xatırlasaq, 1994-cü ildə atəşkəs elan olunmazdan əvvəl aprelin sonlarında həmin istiqamətdə fəal hərbi əməliyyatlar aparılırdı və o zaman biz orada uğursuzluğa düçar olmuşduq. Ola bilər ki, onlar belə qərara gəliblər ki, həmin istiqamətdə əməliyyatları yenidən bərpa etsinlər və gərginliyi artırmaqla bu il aprelin əvvəlində itirdiklərinin əvəzini çıxsınlar. Lakin Azərbaycan Silahlı Qüvvələrinin oradakı mövqelərində çox yaxşı möhkəmləndirmə işləri aparılıb. Artıq həmin mövqelər keçilməzdir. Əksinə, indi Azərbaycan Ordusunun həmin istiqamətdə keçib irəliləməsi üçün daha çox imkanı var. Axı aprelin əvvəlində Seysulan kəndi geri alınmaqla belə bir uğur əldə edilmişdi.
Lakin buna baxmayaraq, ermənilər hesab edirlər ki, Tərtər istiqaməti Azərbaycan tərəfinin zəif yeridir. Çünki orada mövqelər yaşayaş məntəqələrinə çox yaxın yerləşir. Ona görə də onlar, demək olar ki, mövqeləri yox, məhz evləri, mülki obyektləri hədəf seçib atəş açırlar. Artıq rəsmən də elan olunub ki, təkcə ötən gecə həmin ərazidə 20-dən çox ev dağıdılıb. Ermənilər bununla artıq bütün çərçivələrdən kənara çıxır, həddini aşırlar. Allaha şükür ki, dünən orada heç kim həlak olmayıb, yalnız bir jurnalist yaralanıb. Əvəzində ermənilərin 2 işğalçı hərbçisi məhv edilib".
Polkovnik K.Manuxinin fikrincə, bir şeyə də xüsusilə diqət yetirmək lazımdır: "Fikir verin, Azərbaycanda nə vaxtsa hansısa böyük beynəlxalq tədbir, sammit keçirilirsə, ermənilər dərhal cəbhədə vəziyyəti gərginləşdirməyə çalışırlar. İndi Bakıda BMT-nin Qlobal Forumu keçirilir, buraya dünyanın müxtəlif yerlərindən dövlət başçıları, yüksək səviyyəli nümayəndələr, ekspertlər toplanıblar. Ola bilər ki, ermənilərin mahiyyəti belədir ki, yalnız ziyan vursunlar, Azərbaycanın nüfuzuna xələl gətirsinlər. Onlar düşünürlər ki, hücum edəcəklər və evləri atəşə tutacaqlar, Azərbaycan da buna mütləq cavab verəcək. Sonra da bütün dünyaya göstərməyə çalışacaqlar ki, baxın, Azərbaycan bizə qarşı belə elədi, bizi atəşə tutdu. Bu, çox incə və alçaqcasına düşünülüb".