14 oktyabr 2023 00:34
300

5 ölkədən biri

Bu il Azərbaycan Avropaya qaz nəqlini 12 milyard kubmetrə çatdıracaq

2023-cü ilin birinci rübünün yekunlarına görə, Azərbaycan Avropaya ən çox boru qazı tədarük edən 5 ölkə siyahısına daxil olub.

Yanvar-mart aylarında Avropaya boru kəməri ilə ən çox qaz tədarük edən ölkələr siyahısına Norveç (21 milyard kubmetr - 53 faiz), Şimali Afrika (Əlcəzair və Liviya, 7,3 milyard kubmetr - 18 faiz), Rusiya (5 milyard kubmetr - 12 faiz), Böyük Britaniya (4,4 milyard kubmetr - 11 faiz) və Azərbaycan (2,8 milyard kubmetr - 7 faiz) daxildir.

Avropa Komissiyasının dərc etdiyi məlumatlar Azərbaycandan Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə idxalın 2022-ci ilin dördüncü rübü ilə müqayisədə 6 faiz azaldığından, lakin illik hesablamada 13 faiz, 2021-ci illə müqayisədə isə 133 faiz artaraq 2,8 milyard kubmetrə çatdığından xəbər verir.

Avropa İttifaqının ümumi idxalında Azərbaycan qazının payı 2022-ci ilin dördüncü rübü ilə müqayisədə artaraq, 2023-cü ilin birinci rübündə 3 faizdən 4 faizə çatıb. Cənub Qaz Dəhlizi (CQD) layihəsinin Avropa seqmenti olan TAP vasitəsilə hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan və Bolqarıstanın hər birinə isə bir milyard kubmetr həcmində qaz nəql olunur.

Digər tərəfdən Bolqarıstanda qazın qiyməti Azərbaycandan tədarüklər hesabına ucuzlaşıb. Bolqarıstanın Enerji və Su Tənzimləyici Komissiyası (EWRC) oktyabrda təbii qazın qiymətini çıxış imkanı, ötürmə, aksizlər və ƏDV nəzərə alınmadan, bir meqavatt-saat üçün 60,41 lev (təqribən 30 avro) səviyyəsində təsdiqləyib. Bu da sentyabrdakı qiymətlərdən (bir meqavatt-saat üçün 63,35 lev) 4,6 faiz ucuzdur.

“Bulgargaz” şirkətinin nümayəndələri açıq iclasda bildiriblər ki, TTF qazının qiymət indeksinin artımına baxmayaraq, ay ərzində qiymətlərin təqribən 8 faiz ucuzlaşdığına dair qərar qəbul olunub. Tənzimləyici orqan bazar günü “Bulgargaz” şirkətinin təqdim etdiyi yenilənmiş məlumatların təhlilindən sonra qiyməti təsdiqləyib.

Tənzimləyici orqan daxili bazar üçün hesablanmış həcmin üç müxtəlif tədarük mənbəyi hesabına təmin olunduğunu müəyyən edib. Oktyabr üzrə qiymət miksi Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) vasitəsilə tədarük olunan Azərbaycan təbii qazının bütün müqavilə həcmini əhatə edir. Bu həcmlər ay ərzindəki istehlakın 52 faizini qarşılayır və sərfəli qaz qiymətlərinə nail olmağın təminatıdır. “Bulgargaz” regiondan treyderlərlə oktyabr ayı üzrə maye təbii qaz (MTQ) tədarükü üzrə iki saziş imzalayıb. Yunanıstan-Bolqarıstan interkonnektoru 1 oktyabr 2022-ci il tarixindən kommersiya tədarükünə başlayıb.

Bolqarıstana təbii qaz nəqlinin diversifikasiyalaşdırılması üçün ilk marşrut olan IGB tədarükün daha yüksək təhlükəsizliyinə və mənbələrin müxtəlifliyinə zəmanət verməklə təbii qaz bazarında rəqabətə mühüm töhfə verir. Bu da ölkədəki müəssisələr və daxili istehlakçılar üçün qiymətlərin optimallaşdırılmasının vacib şərtidir.

Sloveniya da CQD ilə qaz tədarükünü dəstəkləyir. Sloveniya hökumətindəki mənbədən bildirilib ki, bu ölkə Mərkəzi və Cənub-Şərqi Avropaya qaz tədarükü mənbələrinin diversifikasiyasına imkan yaradacaq bütün səyləri dəstəkləyir. Qeyd edilib ki, bu, xüsusən indi vacibdir: “Ukraynada müharibə başladıqdan sonra biz alternativ qaz tədarükü mənbələri axtarırıq. Cənub Qaz Dəhlizindən qaz tədarükləri, şübhəsiz, gözdən keçirilməli variantlardan biridir.”

Ticarət bazarlarından danışan mənbə Sloveniyanın əsasən bazarların daha çox diversifikasiyasına yönəldiyini qeyd edib.

CQD QSC 31 mart 2014-cü ildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (51 fazi) tərəfindən SOCAR-la (49 faiz) birgə təsis edilib. SOCAR-ın CQD layihələrindəki bütün iştirak payları “Cənub Qaz Dəhlizi” QSC-yə təhvil verilib. Azərbaycan Avropaya qaz tədarükünə 31 dekabr 2020-ci ildə başlayıb. Bu il ölkəmiz Avropaya qaz nəqlini 12 milyard kubmetrə çatdıracaq. 2022-ci ilin iyulunda Azərbaycan və Aİ arasında enerji sektorunda əməkdaşlıq memorandumu imzalanıb. Bu da CQD vasitəsilə qaz nəqlinin 2027-ci ilə qədər ildə 10 milyard kubmetrdən 20 milyard kubmetrə çatdırılmasını nəzərdə tutur.

Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) Çin və Aİ ölkələrininin konteynerlərlə dəmir yolu yük daşımaları şəbəkələrini Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Şərqi Avropa ölkələri vasitəsilə birləşdirir.

Çoxtərəfli, multimodal nəqliyyat infrastrukturu Xəzər dənizi və Qara dənizin bərə terminallarını Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmir yolu sistemləri ilə birləşdirir. Orta Dəhliz Çindən Türkiyəyə, eləcə də Avropa ölkələrinə və əks istiqamətdə yük axınının artmasına səbəb olur. Bu dəhlizlə hərəkət edən marşrut keçidi yükləri Çindən Avropaya orta hesabla 20-25 gün ərzində çatdırır və bu qeyd olunan nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir.

Cavid Əkbərov, “İki sahil”