Culfa Rayon Mədəniyyət Sarayında Culfa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ilk dəfə Prezident seçilməsinin 20-ci il dönümünə həsr olunmuş “Əsrə bərabər 20 il” adlı tədbir keçirilib.
Rayon İcra Hakimiyyəti, idarə və müəssisələrin əməkdaşları, Culfa rayon ictimaəti tədbirdə iştirak edib.
Tədbirdə Culfa Rayon İcra Hakimiyyətinin başçısı müavini Sara Hüseynova, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Yeni Azırbaycan Partiyası Culfa Rayon Təşkilatının sədri Qadir İbrahimov, Rayon Təhsil Şöbəsinin müdir əvəzi Sevinc Mustafayeva çıxış ediblər.
Tədbiri giriş sözü ilə açan Culfa Rayon İcra Hakimiyyətinin başçısı müavini Sara Hüseynova bildirib ki, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib. 2004-cü ildə Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü diplomu və medalı ilə təltif edilib. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə isə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə də İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. Ötən 20 il ərzində Azərbaycanın əsrə bərabər inkişafı göstərir ki, xalq doğru seçim edib. Seçdikləri lider isə hər zaman xalqı, vətəni üçün çalışıb. Azərbaycanı bu illər ərzində zəfərdən zəfərə, zirvədən zirvəyə aparıb. Uğurumuz istər siyasi meydanda, istərsə də hərb meydanında davamlı olub.
Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin qüdrətli sərkərdəliyi ilə 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təcavüzünə cavab olaraq qurtuluş savaşını başladı və dünyanı heyrətə salan hərbi uğurlara imza atdı. 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız 44 gün ərzində azad olundu. Qarabağın tacı, döyünən ürəyi olan Şuşanın fəthi tariximizə Zəfər Günü kimi yazıldı. İki gün sonra isə işğalçı Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu.
Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi –Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın bütün siyasi təzyiq və təhdidlərə sinə gərməsi, dövlət başçısının beynəlxaq arenada qətiyyətli siyasət yürütməsinin nəticəsidir ki, effektiv siyasət, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı Qalib ölkəyə çevrib.
Tədbirin sonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyatından və siyasi fəaliyyətindən bəhs edən “Əsrə bərabər 20 il” filmi nümayiş olunub.
Səriyyə Salahova,
Culfa Rayon Mədəniyyət Sarayının direktoru