Son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizdə bütün sahələr üzrə mühüm nailiyyətlər əldə olunub. Eyni zamanda, bu müddət ərzində respublikamızda müasir infrastruktur quruculuğu geniş vüsət alıb ki, bu da həm iqtisadi, həm də sosial əhəmiyyət kəsb edir. Ölkəmizdə həyata keçirilən yüksək səviyyəli infrastruktur quruculuğu işlərindən danışarkən qazlaşdırma sahəsində əldə edilən uğurları da xatırlamaq yerinə düşər.
Bəli, son illər ölkəmizdə şəhər, rayon və kəndlərin qazlaşdırılması uğurla icra olunur. Belə ki, əhalinin təbii qaza tələbatının təmin edilməsi istiqamətində bir sıra vacib tədbirlər həyata keçirilib, qaz təchizatı infrastrukturu yenidən qurulub. Xüsusi vurğulamaq gərəkdir ki, son illərdə respublikamızın çətin relyefdə yerləşən kənd və qəsəbələrinin qazlaşdırılması istiqamətində də mühüm tədbirlər həyata keçirilib. Hətta sovet hakimiyyətinin ən inkişaflı illərində belə qazdan istifadə etmək imkanı olmayan bir sıra yaşayış məntəqələrindəki evlərdə indi “mavi yanacaq” şölələnir. Yaşayış məntəqələrinin qazlaşdırılması hər bir rayonun, hər bir kəndin simasını dəyişməklə yanaşı, müəyyən problemlərin aradan qaldırılmasına da vəsilə olub.
Artıq qazlaşdırmanın səviyyəsi ölkə üzrə 96,4 faizə çatdırılıb. Şübhəsiz, bu, kifayət qədər yüksək göstəricidir. Halbuki 2003-cü ildə respublikamızda qazlaşdırmanın səviyyəsi 51 faiz idi. Əminliklə demək olar ki, Azərbaycan bu gün dünyada qazlaşdırmanın sürətlə və geniş miqyasda aparıldığı nadir ölkələrdəndir. Bu hər şeydən əvvəl 2004-cü ildən regionların sosial-iqtisadi inkişafına yönəldilən Dövlət proqramlarına uyğun olaraq şəhər, rayon, kənd və qəsəbələrin “mavi yanacaq”la təmin edilməsi istiqamətində görülən genişmiqyaslı tədbirlərin bəhrəsidir. Bu həm də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin öz işini günün tələbləri səviyyəsində qurmasından irəli gəlir. Yeri gəlmişkən qeyd edək ki, qurum həyata keçirdiyi aksiyalarla (“Açıq mikrofon”, “Başdan ayağa”) da abonent məmnunluğunun təmin olunmasına çalışır. Belə ki, vətəndaşlar mütəmadi təşkil olunan bu aksiyalardan maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilirlər. Üstəlik, "Facebook" və "Instagram" sosial şəbəkələri üzərindən “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyinə qaz təsərrüfatına dair istənilən sual ünvanlama imkanlarına malikdirlər. “Azəriqaz” İstehsalat Birliyi şəhid və qazi ailələrinin müraciətlərinə də həssaslıqla yanaşır. Məsələn, bu günlərdə şəhid anası Zəhra Nurullayevanın Lənkəran rayonu, Şağlaser kəndində yerləşən fərdi yaşayış evinə qaz xətti çəkilib.
Ümulikdə 2023-cü il 1 oktyabr tarixinə qədər “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 2 561 740 abonent qeydə alınıb ki, bundan 2 520 082 abonent əhali, 41 658 qeyri-əhali sektorunun payına düşüb.
Cari il ərzində ölkədə 150 kənd və yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulub ki, artıq onlardan 110-da işlər qismən yekunlaşıb. Bu ilin noyabr ayından etibarən respublikamızda daha 40 kənd və yaşayış massivinin qazlaşdırılmasına başlanılacağı planlaşdırılıb. Bunların bir qisminin tamamlanması gələn ilin birinci rübündə reallaşacaq.
“Azəriqaz” İstehsalat Birliyinin məlumatına görə, hazırda ölkədə 900-ə yaxın qazlaşmayan kənd və yaşayış massivi mövcuddur. Bunlardan da 250-yə yaxını qazlaşdırılması texniki və iqtisadi cəhətdən səmərəsiz kimi qiymətləndirilir. Ancaq digər kənd və yaşayış massivlərinin “Azəriqaz”ın daxili maliyyə resursları hesabına mərhələli şəkildə həyata keçiriləcəyi nəzərdə tutulur. Bu məqamda Prezident İlham Əliyevin aşağıdakı fikirlərini də xatırlatmaq yerinə düşərdi: "…İndi bizim təqribən 3-4 faiz yaşayış məntəqələrimiz var ki, orada qaz yoxdur. Biz o işləri də görəcəyik”. Bu günədək görülən işlər belə deməyə əsas verir ki, “Azəriqaz” ölkə başçının bu tapşırğını da layiqincə yerinə yetirəcək.
Qvami Məhəbbətoğlu, “İki sahil”