Azərbaycanda “Vergi və gömrük sahəsində verilmiş güzəştlərə dair “Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi” vasitəsilə aparılan qiymətləndirməyə əsasən 2022-ci ildə vergi və gömrük rüsumları üzrə tətbiq olunan güzəşt və azadolmalarla bağlı dövlət büdcəsinə hesablanmayan məbləğ 7 milyard 631 milyon manat təşkil edib.
"İki sahil" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 17 % çoxdur.
Məlumata görə, bunun da 5 milyard 852 milyon manatı ölkədaxili, 1 milyard 779 milyon manatı isə idxal əməliyyatları üzrə olub.
Hesabat dövründə beynəlxalq müqavilələrdən irəli gələn güzəştlər üzrə tətbiq olunan güzəşt və azadolmalarla bağlı dövlət büdcəsinə hesablanmayan məbləğ 492,5 milyon manat (illik müqayisədə 16,5 % çox), sosial xarakterli güzəştlərdən dövlət büdcəsinə hesablanmayan məbləğ 1 milyard 891,7 milyon manat (7 % çox), büdcə təşkilatlarının, büdcədənkənar dövlət fondlarının və publik hüquqi şəxslərin fəaliyyətindən irəli gələn güzəştlərdən dövlət büdcəsinə hesablanmayan məbləğ 517,5 milyon manat (33,3 % çox), sahibkarlıq fəaliyyətindən irəli gələn güzəştlərdən dövlət büdcəsinə hesablanmayan məbləğ isə 4 milyard 729,2 milyon manat (20 % çox) olub.
“2020-2022-ci illər üzrə vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsinin nəticələri əsasında vergi və gömrük sahəsində normativ hüquqi aktlara dəyişikliklərlə bağlı layihələr hazırlanıb", - deyə nazirlik bəyan edib.